“Kreml erməniləri arxayın salmaq istəyir ki…” – Bu açıqlamalar cavabsız qalmamalıdır
“Rusiya Dövlət Dumasının deputatı, ermənipərəst siyasətçi Konstantin Zatulin rusiyalı sülhməramlıların Qarabağa daimi əsasda gəldiyini söyləyib: “Rusiya sülhməramlıları Dağlıq Qarabağa rəsmi olaraq 5 illik getsə də, düşünürəm ki, onlar həmişəlik ordadırlar””.
Bunları açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.
Politoloqun fikrincə, Bakı Moskva ilə yersiz mübahisə etmək istəmir:
“Zatulin bilir ki, Azərbaycan cəmiyyətinin əksər hissəsi rusiyalı hərbçilərin Dağlıq Qarabağdakı fəaliyyətindən narazıdır. Zatulin Prezident İlham Əliyevin son geniş mətbuat konfransında rusiyalı hərbçilərlə bağlı “5 ildən sonra vəziyyətə uyğun qərar veriləcək” cümləsi ilə də tanışdır. Zatulin bunları bildiyinə və bizi qıcıqlandırmaq üçün rusiyalı hərbçilərin Dağlıq Qarabağda əbədi varlığından danışır. Eyni sözləri Vladimir Jirinovski də demişdi. Jirinovski, Zatulin və onları danışdıran Kreml erməniləri arxayın salmaq istəyir ki, Rusiya ordusu həmişəlik Dağlıq Qarabağda yerləşib. Bakı Moskva ilə yersiz mübahisə etmək istəmir. Ancaq Zatulinin və Jirinovskinin bu açıqlamaları da cavabsız qalmamalıdır”.