Erməni deputat: “Paşinyan özü istefa etməyəcək, o, qan istəyir”
“Paşinyan istefa verməsə, vətəndaş müharibəsi qaçınılmazdır”.
Erməni mediasının yaydığı xəbərlərə görə bunu jurnalistlərə Ermənistan parlamentinin deputatıı Naira Zohrabyan deyib.
O, Azadlıq meydanında toplanan vətəndaşları “xain” adlandıran Paşinyanın açıqlamaları ilə əlaqədar Polis, Milli Təhlükəsizlik Xidməti və Baş Prokurorluğu təcili olaraq tədbir görməyə çağırıb.
Zohrabyanın sözlərinə görə, Paşinyan özü istefa etməyəcək, o, qan istəyir və vətəndaş müharibəsinin olmasını təmin etmək üçün hər şeyi edəcək.
“Adının xainlərin sırasına yazılacağını bilir. O, Qarabağa nifrət edir. Hələ 2007-ci ildə dedi ki, Qarabağ bizim üçün baş ağrısıdır və bu problemlə mübarizə aparmalıyıq.
Bu, hüquq-mühafizə orqanlarının əməkdaşlarının Qarabağın təslim edilməsi versiyasını yoxlamaları üçün daha bir səbəbdir. Nikola hər şəkildə haqq qazandıranlar mənim üçün pis adamlardır”, deyə Naira Zohrabyan bildirib.
O, hesab edir ki, Paşinyanın dünənki mitinqində iştirak edənlər arasında işdən çıxarılmaq təhdidi ilə ora gətirilənlər var, amma şüurlu şəkildə onu dəstəkləyənlər də az deyil.
Zohrabyan xain hakimiyyət orqanlarını maliyyələşdirən və onların maraqlarına xidmət edən sahibkarlar haqda da söz açıb:
“Əks təqdirdə xarici ölkələrə girişlərini əngəlləmək üçün hər şeyi edəcəyəm. Baş Qərargahın açıqlamasını alqışlayıram. Biz Türkiyə və Azərbaycanın maraqlarına xidmət edən bir insanın Ermənistan dövlətçiliyi tarixinin son səhifəsini bağlamasına imkan verməməliyik.
Eyni zamanda bu açıqlamanı gecikmiş hesab edirəm.
Nikolun əl qolunu daha erkən bağlamaq, onun Türkiyə və Azərbaycanın maraqlarını reallaşdırmasına imkan verməmək lazım idi”, deyə Zohrabyan əlavə edib.
Erməni deputat eyni zamanda digər təhlükəsizlik qurumlarının zabitlərini iradəli olmağa və Paşiyanın təxribatlarına tabe olmamağa çağırıb.