Tarixə adını əbədi yazdırmış azərbaycanlı milyonçu

 

Hacı Zeynalabdin Tağıyev — Azərbaycanlı milyonçu, mesenat, Rusiya İmperiyasının Həqiqi Dövlət Müşaviri, müsəlman Şərqində ilk qızlar məktəbinin (Tağıyevin qızlar məktəbi) yaradıcısıdır.

Zeynalabdin Tağıyev 1823-cü ildə (bəzi mənbələrə görə 1838-ci ildə) Bakıda kasıb başmaqçı ailəsində anadan olmuşdur. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyur. 12 yaşına çatanda o, artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır.

Hacı Zeynalabdin iki dəfə evlənmişdir. Birinci həyat yoldaşı öz əmisi qızı Zeynəb xanım idi. Zeynəb xanımdan onun iki oğlu, bir qızı olmuşdur. Oğlanları: İsmayıl, Sadiq və qızı Xanım. İkinci həyat yoldaşı məşhur general leytenant Balakişi bəy Ərəblinskinin qızı Sona xanım idi. Sona xanımdan Tağıyevin üç qızı və iki oğlu olmuşdur. Qızları: Leyla, Sara və Sürayya. Oğlanları Məhəmməd və İlyas.

Sonradan Hacı Zeynalabdin özünü ticarətdə və yüngül sənayedə də sınayır. Hər ikisində qabiliyyəti ilə uğur qazanır, dükanlara və manufakturaya sahib olur. O, həm də Bakı neftini, Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan idi.

1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu var idi. Kerosin zavodu ilə yanaşı, o, 1872-ci ildə “Hacı Zeynalabdin” şirkətini yaradır. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayır. Lakin beş il ərzində heç bir nəticə olmur, xərclər artır, neft isə çıxmırdı. Ortaqlar “zərərli biznesdən” çıxmaq qərarına gəlirlər. Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq, o, inadla “qara qızıl” axtarmağa davam edirdi. 1878-ci ildə dörd quyudan birində neft fontan vurdu. Bu hadisə həmin andan Z.Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxartdı. Nəticədə, onun gəlirləri sürətlə artmağa başlayırdı. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus idi. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edilmiş məhsul təşkil edirdi.

Onu Bakıdakı müsəlman, rus, erməni və yəhudi cəmiyyəti xeyriyyələrinin hamısı özlərinə fəxri sədr seçmişdilər. Bu dövrlərdə Bakı əsl neft səltənətinə çevrilmişdi. Bakı ətrafındakı kəndlərdə torpaqlar Rusiyadan və xaricdən gəlmiş sərmayədarlar tərəfindən alınıb, onlarda neft buruqları ucaldılırdı. Bu Hacını da maraqlandırır və podratçılığı buraxaraq, neft işinə qurşanır.

1882-ci ildə Tağıyev 1-ci ildə tacir rütbəsinə layıq görülür. 1896-cı ildə onun neft şirkəti hasilatda ən yüksək göstəriciyə nail olur. 32 milyon pud (512 kq) neft hasil edir.

“Mazut” şirkətinin yaranması ilə əlaqədar, yerli varlılardan Çolaq Ağabala Quliyevin başçılığı ilə “Bakı-Batum” neft kəməri aksioner şirkətini yaradırlar. O zaman üçün nəhəng inşaat hesab edilən bu neft kəməri Bakıdan başlayaraq Kür düzənliyindən keçib, Qafqaz dağlarının ətəyini və Suram qalasının yamacını aşıb, Reon düzənliyindən ötərək 800 kilometr məsafədə uzanıb Xəzər sahilini Qara dəniz sahili ilə birləşdirəcəkdi. Bakı nefti okeanlara, uzaq-uzaq ölkələrə, beynəlxalq bazarlara yol açacaqdı. Kəməri uzatmağa 1897-ci ildə başlayıb, 1907-ci ildə tamamlamışdılar. 29 oktyabr 1897-ci ildə Londonda “Rusiya nefti və maye yanacağın hasil edilməsi cəmiyyəti” (və ya “Oleum”) təsis olunarkən Z.Tağıyev Şuranın 6 üzvündən biri olur.

Bundan başqa, Tağıyev “Kaspi” birliyi ilə əməkdaşlığını sürətli inkişaf etdirir ki, orada da o, 1889-cu ilə qədər 738 pay haqqına, müxtəlif illərdə 100-dən 250-yə qədər fəhlənin çalışdığı 3 gəmiyə, iki quru doka (Q. Ş. Dadaşovla birgə) və körpüyə sahib idi.

1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyur. 1900-cu ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açır. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olur. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədi ilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alır və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirir. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil etmişdir.

İmperator II Nikolayın qardaşı böyük knyaz Mixail Aleksandroviç polyak qızı ilə evlənib, taxt-tacından əl götürəndən sonra Tağıyevdən xahiş edir ki, Yevlax ətrafı meşələrdə ov edib dincəlmək üçün ona icazə versin. O, Hacıya cəvahiratla bəzədilmiş bir qızıl çarka (peymanə) bəxşiş göndərmişdi. Xəzərin Azərbaycan sahillərindən tutmuş Dağıstanın sahillərinə, Dərbənd, Port-Petrovsk daxil olmaqla uzunluğu 300 kilometr olan torpaq sahəsi alıb vətəgə salmışdı. Kür qırağındakı vətəgələri dövlətdən icarəyə götürmüşdü.

1890-cı ildə balıq sənayesinə güclü sərmayə qoyan Tağıyev iri balıqçılıq vətəgələrinə sahib olmuşdur. O, balıq məhsullarının saxlanmasını təmin etmək üçün Mahaçqala şəhərində soyuducu zavodu, buz istehsalı zavodu, çəllək zavodu inşa etmişdir.

Hacı Zeynalabdin Tağıyev balıqçılığın zəiflədiyini görüb, qızıl üzüyünü balığın ağızına atıb balığı dənizə buraxmışdır. Və bunu eşidən balıqçılar həmin balığı tutmaq arzusu ilə dənizə tökülüşmüşdülər.

1899-cu ildən H. Z.Tağıyev enerji sektoruna qoşulur. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə “Enerji gücü” səhmdar cəmiyyətinin yaranmasına gətirib çıxartdı. Burada Tağıyev sədr müavini vəzifəsində çalışırdı. Artıq XX yüzilliyin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda səhmdar cəmiyyətinin balansında iki elektrik stansiyası vardı.

O, üç ilə şəhərin mərkəzində (1895-1897-ci illər) böyük bir saray tikdirir. Bu sarayın hər dörd fasadı və damdakı nəhəng qübbələr diqqəti uzaqdan cəlb edir. Bir üzü Baryatinski, digəri Starıy politseyski, üçüncüsü Merkuri, dördüncüsü isə Qarçakov küçələrinə baxır. Hər cəhətdən, həm xarici arxitekturasına, həm də daxili bər-bəzəyinə görə şəhərin ən yaraşıqlı binalarından biri sayılır. Layihənin müəllifi Yuzef Qoslavski əsasən Avropa order memarlıq üslübundan istifadə edib, fərdi kompozisiya yaradıb. Binanın hər dörd tinində və baş girəcəyinin qabağında nəhəng qaz fanarı yanırdı.

Qız məktəbinin açılmasına yerli ruhanilər mane olurdular. Ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənir və camaatı ayağa qaldırırdılar. Köhnə fikirli ruhanilər məktəb açmaq təklifini bəyənmiş qazi Mir Məhəmməd Kərimi qapısına ağ neft töküb yandırmaqla hədələyirdilər. Məktəbin məhz azərbaycanlı qızlar üçün təsis edilməsi maarifçi mesenatın həyatını böyük təhlükə qarşısında qoyurdu. Dövrün köhnə fikirli, mühafizəkar adamları azərbaycanlı qızların oxumasını böyük bir qəbahət saydıqlarına görə Hacı Zeynalabdin Tağıyevi də öldürmək istəyirdilər. Qaragüruhçu iri əmmaməli, qara əbalı ruhanilər, yekəqarın enliqurşaq, saqqalı hənalı hacılar ortaya çıxıb isməti-nisvandan danışa-danışa, Qurandan ayələr, peyğənbər, xəlifə, imamlardan hadisələr və sübutlar gətirərək bu işi küfr adlandırıb. Hacı Zeynalabdin Tağıyevi dindən kənar əməllərdə günahlandırırdılar. Tapançalı-xəncərli qoçular isə təhdidə keçirdilər.

Lakin Hacının xalq arasında olan nüfuzu və ətrafındakı adamların onu mühafizə etməsi bu bədxahlığın baş tutmasına imkan vermirdi. Müsəlman qaragüruhçularının sözünü kəsmək üçün Hacı Zeynalabdin Tağıyev nüfuz sahibi olan Molla Mirzə Məhəmməd oğluna çoxlu pul və hədiyyələr verib müqəddəs yerlərə – Məkkəyə, Mədinəyə, Kərbalaya, Qahirəyə, İstanbula, Tehrana göndərmiş və tapşırmışdı ki, oradakı mötəbər, rəsmi din xadimlərindən mücdəhidlərindən hamısından imza və möhürlə təsdiq edilmiş rəsmi sənədlər alsın ki, müsəlman qızları da oğlanlar kimi şəriət məktəblərindən başqa, müasir məktəblərdə də təhsil ala bilərlər. Bu müqəddəs işdə şəriətə zidd heç nə yoxdur. Hacının gördüyü tədbirlər səmərə vermirdi. Ona görə də o, məcbur olub məsciddə ruhanilər qarşısında çıxış etməli oldu: “Camaat, qızlarımızın zəmanə dərsi oxumaları vacibdir. Gözləri açılar, külfətlə rəftarı xoş olar.

İngilistana, Firəngistana gedib oxuyan cavanlarımız hərəsi oralarda qollarına bir arvad keçirib gətirirlər. Çünki qızlarımızla məcazları tutmur, dolana bilmirlər. Əcnəbi arvadlardan doğulan uşaqlar bütün varidatımıza vərəsə çıxırlar. İşlər belə getsə, ata-baba ocağımız qalacaq Quransız, namazsız, şəriətsiz. Təzə məktəblərdə qızlara ehkami-şəriyyət, paltar tikmək, toxuculuq, mətbəx işləri, müsəlman (Azərbaycan) və rus dilində oxuyub-yazmaq, elm-hesab, tifillərə tərbiyə vermək öyrədiləcək. Burda nə pis iş var? Molla Əli Hacı Xəlil oğlu! Qulaq as! Mən qızları ismətsiz etmək istəmirəm, naməhrəmlə üzü açıq olmağa çağırmıram. Sırağa gün gecə iyirmi yaşlı ortancıl qızın sancılanmışdı, az qalmışdı ölsün. Lopabığ Ambarsum həkimi gətizdirdin, qızı yoxladı, dava dərman elədi, qız ölümdən qurtardı. İndi de görüm, Lopabığ Ambarsumun əvəzinə müsəlman arvad həkimi olsaydı, şəriətə hansı düzgün gələrdi? Arvad həkimlərinə, müəllimlərinə ehtiyacımız çoxdur. O məktəbi mən bizə padşahlıqdan vəhşi deyiləndən sonra qərara gəldim, açdırdım. Ətək dolusu pul töküb bu məqsədlə bina tikdirmişəm. Dərs deyənlər zənən xeylağı olacaq.”

1888-ci ildə H. Z.Tağıyev Bakıda açılan orta-texniki məktəbin 1897-ci ildən fəxri himayəçisi olmuş, həmin ildən daimi olaraq bu məktəbə maddi yardım göstərmişdi.

H.Z.Tağıyev Mərdəkanda bağçılıq məktəbi açmışdı. 1895-ci ildən fəaliyyətə başlayan bağçılıq məktəbinin xərclərini Tağıyev öz üzərinə götürmüşdür.

1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəmişdir. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədi ilə külli miqdarda vəsait ödəmişdir.

Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərmişdi. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya getmişdi. H.Z.Tağıyev həmin tələbələrə də maddi yardım göstərmişdi.

Hacı Zeynalabdin Tağıyev 1901-ci ildə 300 min manatlıq vəsait sərf edərək, Bakıda ilk qızlar məktəbi tikdirir. Bəzi mənbələrdə qızlar məktəbinin inşasını Sona xanımın təklif etdiyi göstərilir. Çünki gənc yaşda Hacıya arvad olan Sona xanım təhsil ala bilməmişdi. Bu bütün Zaqafqaziyada yeganə qızlar məktəbi idi. Binanı 1898-ci ildə tikməyə başlayırlar. 1900-cü ildə hazır olur. Bu məktəb Nikolayevski (Kommunist) küçəsində (Azərbaycan SSR Elmlər Akademiyasının Əlyazmaları fondunun binası) yerləşir. Qızlar məktəbinin binası memarlıq baxımından Azərbaycan memarlığının milli-romantik üslubundadır. Əsas fasaddakı divar bir cərgə ağ, digər cərgə isə qızılı daşdan hörülüb.

Hacı Zeynalabdin Tağıyev bütün Rusiyada birinci növbədə öz mesenatlığı və maarifpərvərliyi ilə tanınmışdır. Onun maarifpərvər xidmətləri əsasən XX əsrin əvvələrindən başlayır. Bu da təsadüfi deyildi. 1905-ci il inqilabından sonra hökumətin Oktyabr bəyannaməsi ölkədə mədəni-maarif işlərinin canlanmasına səbəb oldu. Ölkənin hər yerində xeyriyyə məqsədi ilə bir sıra cəmiyyətlər yarandı. Qəzet və jurnallar çap edilməyə başladı. Bu cəmiyyətlərin yaradılması, qəzet və jurnalların çap edilməsi birinci növbədə Tağıyevin adı ilə bağlıdır. Bu işdə Tağıyev bir növ təşkilatçı rolunu oynayırdı. Xeyriyyə məqsədilə yaradılan cəmiyyətlər ya Tağıyevin şəxsi iştirakı və vəsaiti ilə, ya da onun yaxından köməyi ilə yaradılmışdır. Bundan əlavə Tağıyevin vəsaiti hesabına 1885-ci ildə Bakının əsas qəzeti olan “Kaspi” qəzeti dərc olunurdu. 1896-cı ildə memar K.B.Skureviçin layihəsi əsasında onun tərəfindən tikilən pasaj (BUM) bu gün də şəhərin ən yaxşı ticarət mərkəzlərindən biridir.

İlk xeyriyyə cəmiyyəti 1905-ci ildə yaranmış Müsəlman Xeyriyyə Cəmiyyəti idi. Bundan başqa “Nəşr və maarif”, “Nicat” cəmiyyətlərinin yaranmasında da Hacı Zeynalabdin Tağıyevin yaxından köməyi olmuşdur.

O zamanlar dustaqları Nargin adasında saxlayırdılar. Camaat ora gedib-gələndə yaman əziyyət çəkirdi. Axırda Zeynalabdinə müraciət edirlər ki, bu işdə bizə kömək elə, dərdimizə bir çarə qıl. O da o zaman şəhərin ucqar yeri hesab edilən Quba (Füzuli) meydanı ilə Kömürçü meydanı arasında tikdirdiyi beşmərtəbəli dəyimanı (indiki şirniyyat fabrikini) dustaqxana üçün verir. Digər istinadlara əsasən, Bakıya yüksək rütbəli təzə məmur təyin edilir. Hacı onun görüşünə gedir və deyir ki, sizə nə kömək lazımsa, utanmayın, söyləyin, mən padşahlıqdan heç nə müzayiqə edən deyiləm. Yüksək rütbəli şəxs izah edir ki, “dustaqları Nargin adasında saxlayırıq, işçilər gedib-qayıtmağa çox vaxt sərf edirlər. Həm də əziyyət çəkirlər; mümkünsə bu işdə bizə kömək edin”. Hacı Zeynalabdin tikilib qurtarmış dəyirman binasını dustaqxana üçün hökumətə verir. Xaricdən gətirdiyi dəyirman avadanlığını toxuculuq fabriki yerləşən əraziyə daşıtdırır, orda dəyirman tikdirir. Özü və ailəsi yaşamaq üçün fabrikin yaxınlığında xüsusi mülk tikdirmişdi və vaxtaşırı orda qalırdılar.

Tağıyev həm də Bakı-Şollar su kəmərinin tikintisi üçün şəxsi vəsaitindən pul ayırıb. Lindleyin xaricdən dəvət etdiyi mühəndislərdən ibarət ekspedisiya qrupu Xudatdan şimal-şərqə doğru meşədə şəffaf, təmiz bulaq suyu olduğunu aşkarlayır. Buna baxmayaraq, Bakı sakinlərinə sərinlik və firavanlıq gətirəcək Şollar kəmərinin çəkilişi bir tərəfdən lazımi vəsaitin tapılmamasından, digər tərəfdən isə layihənin əleyhdarlarının apardıqları əkstəbliğat səbəbindən uzanırdı. Yalnız çar II Nikolayın 6 oktyabr 1909-cu il tarixli fərmanı ilə Bakı şəhərinə 27 milyon rubldan çox olmamaq şərtilə istiqraz buraxılmasına icazə verməsindən sonra Şollar su kəməri layihəsi fəal tikinti mərhələsinə qədəm qoyur. Layihənin müəllifi Lindleyin qətiyyəti və inadkarlığı sayəsində kəmərin çəkilişi üçün lazım olan bütün avadanlıq xaricdən alınıb gətirlir. Hətta Birinci Dünya müharibəsinin qızğın çağında belə tikinti işləri səngimir. Kəmərin, anbarların, şəhərdaxili şəbəkənin inşası anbaan sürətlənir. Nəhayət, V.Lindleyin və onun mütəxəssis komandasının, Bakı Dumasının və onun azərbaycanlı deputatlarının, şəhər idarəsinin, tikintidə çalışan minlərlə Azərbaycan kəndlisinin, Bakı fəhlələrinin möhkəm iradəsi və gərgin əməyi hesabına 1916-cı ilin dekabrında Şollar-Bakı su kəmərinin birinci növbəsi, 1917-ci ildə bu gün Bakını ən yaxşı içməli su ilə təmin edən 160 kilometrlik su kəmərinin çəkilməsi başa çatır.

Sovet Rusiyasının 28 aprel 1920-ci ildə Azərbaycanı işğal etməsi ilə vəziyyət kökündən dəyişir. İnsanların mülküyyəti əlindən alınır, milli kadrlar və ziyalılar təqib edilməyə başlanır, hər şey Rusiyanın maraqlarına yönəlir. Yerli əhalinin xahişi ilə yeni hakimiyyətin rəhbərlərindən biri olan Nəriman Nərimanovun göstərişi ilə Tağıyevə mülk seçmək imkanı verilir. O, özünün artıq əlindən alınmış keçmiş mülkiyyətlərindən ancaq Mərdəkandakı bağ evini seçir.

Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabrın 1-də vəfat etmiş və sentyabrın 4-də dəfn edilmişdir. Onun dəfninə çox böyük izdiham toplanmışdı. İnsanlar yas mərasiminə bütün Bakı və ətraf kəndlərdən ərzaq gətirirdilər.

(ardı var)

Rövşanə Nağıyeva

 

 

 

 

 

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password