Tarixə adını əbədi yazdırmış azərbaycanlı milyonçu

 

(əvvəli https://aktualinfo.org/2021/02/06/tarix%c9%99-adini-%c9%99b%c9%99di-yazdirmis-az%c9%99rbaycanli-milyoncu)

 

Milyonçu, mesenat Hacı Zeynalabdin Tağıyevin həyatı və fəaliyyəti ilə bağlı ictimaiyyətə məlum olan və olmayan bir sıra maraqlı məqamları oxuculara təqdim edirik.

 Tağıyev və ingilis jurnalistləri

 Azərbaycan tarixində tanınmış simalardan bırı olan Hacı Zeynalabdin Tağıyev təbiətən az danışan olub. Özü haqqında isə, ümumiyyətlə, az danışarmış. Bu, həm onuın təbiətindən, həm də təvazökarlığından irəli gəlirdi. O vaxtlar Bakıya ingilis tacirləri, iş adamları ilə yanaşı, juranlistlər də gəlib həftələrlə Tağıyevin evində onun şəxsi qonağı olardılar və beləliklə, sözügedən müxbirlər Tağıyevin qonağı kimi ondan gördükləri səmimiyyətdən istifadə edərək müxtəlif mövzulardan söhbət açardılar.

 Etiraf

Özü haqqında danışmağı heç xoşlamayan Tağıyev peşəkar və qılıqlı əcnəbi juranistlərin sözgəlişi atmacalarına cavab verməklə bəzi “sirlərini” etiraf etmək məcburiyyətində qalmışdır. Bu, H.Z.Tağıyevin öz etırafıdır: «Mən şöhrətdən, puldan və gözəl qadınlardan heç vaxt korluq çəkməmişəm”.

– Onlardan hansı sizi bırinci tapıb? – sualına Tağıyev belə cavab verib: “Qadınlar”.

– Bəs həyatda bu üç nemətdən hansına daha çox üstünlük verirsiniz? – sualına isə Tağıyev yenə də təvazökarlıqla “Gözəl qadınlara» – cavabını deyib.

 Tağıyevin eşq macəraları

 Qafqaz canişini Vorontsovun arvadı Liza Qriqoriyevna Tiflis şəhərindəki rəfiqələrı ilə tez-tez görüşərmiş. Görüşlərin birində rəfiqələri Lizaya Tağıyevin «kişilik» keyfiyyətlərindən o qədər danışırlar ki, xanımda Tağıyevə qarşı bir istək yaranır. Rəfıqələrindən Tağıyevlə görüş yaratmaq üçün xahiş edir. Hətta bunun üçün xanım yaxşıca pul da verir. Rəfiqələri Tağıyevlə Lizanı park gəzintisi zamanı görüşdürürlər. Görüş Lizanın təsəvvür etdiyindən də gözəl alınır. O, Tağıyevə vurulur. Demək olar ki, Tağıyev onu ram edır… Sonra onların eşq macəraları olur…

Xəbər Çar sarayına, III Aleksandrın xanımı Sofiya Avqustanın qulağına çatır. Sofiya Avqusta Danimarka kralının qızı idi. O, əri III Aleksandrı Bakıya səfərə çıxmağa razı salır ki, gəlib Tağıyevi görsün. A.Sofiyanın ərinə bəhanəsi isə Bakıda tikiləcək kilsənin əsasını qoymaq olmuşdur. 1888-ci ilin oktyabr ayında III Aleksandr əhli-əyalı ilə birlikdə Bakıya gəlmiş, sözügedən kilsə də həqiqətən tikilmişdir…

 «Mən sizi Herkules kimi nəhəng təsəvvür edirdim»

 Bakıda III Aleksandrla H.Z.Tağıyevin görüşləri olmuşdur. Görüşdən sonra Sofiya Avqusta Tağıyevlə təkbətək qalıb söhbət etmişlər. Söhbətə ilk dəfə A.Sofiya başlayaraq «Mən sizi Herkules kimi nəhəng təsəvvür edirdim» – deyən xanım daha sonra “lakin sizin kübar xanımların mübaliğəli tərəflərınin müqabilində olduqca adi adama oxşayırsınız” – söyləyib.

Tağıyev: – Bəli, xanım, Allah hər kəsə bir cür qabiliyyət verır. Kimisinin boyu ucadır, kimisinin də səsi – deməklə birbaşa danimarkalıların ucaboylu olmasına və III Aleksandrın gur səsinə işarə edir. Və o, danışdıqdan sonra A.Sofiya da Tağıyevlə «eşq» macərası yaşayır.

 Tağıyevi fərqləndirən xüsusiyyətlər

 H.Z.Tağıyev özünün nadir enerjisi və lütfkarlığı ilə yaşının bütün dövrlərində qadınların sevimlisi, həmsöhbəti və dayağı-arxası olmuşdur. Tağıyevi qadınlara sevdirən bir çox xüsusiyyətlərdən biri də digər milyonçu kişilərdəki simiclik yox, son dərəcədə diqqətcil və əliaçıq olması olub. Ona üz tutan qadınların heç birini heç zaman (tanıdı-tanımadı) naümid qoymayıb. Onların maddi və mənəvi tələbatlarını əsl kişi səxavəti ilə ödəmişdir.

 Tağıyev həmişə Azərbaycan qadınını yüksək dəyərləndirmişdir

 O, həmişə Azərbaycan qadınını yüksək dəyərləndirərək onların adı gələndə barələrində iftixarla, qürurla, fəxrlə söhbət açarmış. O, istəyirdi ki, Azərbaycan qadını köləlikdən, savadsızlıqdan qurtarıb kübar cəmiyyət içərisinə çıxsın və cəmiyyətdə öz sözünü deyə bilsin. Bütün Şərqi, Qərbi, Avropanı gəzən Tağıyev Azərbaycan qadınlarının heç bir yerdə tayı-bərabəri olmadığını dəfələrlə qeyd edərək deyərdi: “Azərbaycan qadını həm anadır, həm bacıdır, həm gəlindir, həm evdardır, həm də sözün əsl mənasında qadındır. Sadəcə, bunu dəyərləndirmək lazımdır”. Təsadüfı deyil ki, Bakıda qızlar üçün ilk məktəbi H.Z.Tağıyev açmışdır.

 Tağıyevin faytonu keçən küçələrdə “Eleqan De Pari” ətrinin qoxusu gələrmiş

 H.Z.Tağıyevin tək Bakıda deyil, Moskvada, Peterburqda, Berlində və Parisdə çoxlu pərəstişkarları olmuşdur. Paris xanımları Tağıyevin Parisə gəlişini toy-bayram kimi qeyd edirdilər. Hacının da öz növbəsində, sözügedən qadınlara münasibəti heç də laqeyd deyıldi. O, qadınların etdikləri hərəktləri səmimi qəbul edərək onları yüksək dəyərləndirirdi. Könülləri xoş olsun deyə o vaxt Parisdə ən bahalı, ən gözəl fransız ətiri olan “Eleqan De Parı”ni hədıyyə edərdi. O vaxtlar bir çox qadınlar mağazanı bəzəyən bu ətirə həsrətlə baxırdılar.

Tağıyev özü şəxsən o ətirin qoxusunu çox bəyənırdı. Hətta öz faytonçusuna da belə bir tapşırıq vermişdi ki, hər gün səhər onun dalınca gəlməmişdən əvvəl atların boyun və quyruqlarına həmin sözügedən ətirdən vursun. Faytonçu da öz növbəsində, tapşırığa can-başla əməl edərdi. Elə ona görə də Tağıyevin faytonu keçən küçələrdən bir müddət məstedici «Eleqan De Pari” ətrinin qoxusu gələrdi. Buna görə də hər bir adam Tağıyevin bu gün hansı küçələrdən keçib hara gedib-gəldiyini bilərdi.

 Onu digər milyonçulardan ayıran fərq

 O vaxtlar Bakı milyonçuları xaçpərəst xanımlarla, xüsusilə, rus, erməni, gürcü, polyak, alman xanımları ilə vaxt keçirib onları zinət içərisində saxlamağı özləri üçün “prestij” sayardılar.

Tağıyev isə özü haqda həmişə belə deyirmiş: “Mən sərvətimin miqdarına görə burjua nümayəndəsi, qəlbimə görə fəhləyəm. Fəhlə vicdanı məni həmişə sadə xalqa tərəf çəkir”.

 Evlilik dövrü

 Tağıyev həyatında heç vaxt gözəl qadınlardan korluq çəkməsə də, ailə taleyi onun üzünə gec gülüb. O, ilk dəfə qanuni olaraq 42 yaşında evlənib. İkinci dəfə isə nə az-nə çox, 73 yaşında evlənib. Lakin xanımlar onu “tez kəşf ediblər”.

 Dəfndə qadınlar 44 dildə ağı deyiblər

 Yeri gəlmişkən xatırladaq ki, Hacı Zeynalabdin Tağıyev 1924-cü il sentyabr ayının 4-də Mərdəkanda dəfn olunarkən 101 yaşlı qocanı son mənzilə yola salan izdihamın içərisində qadınlar kişilərdən 1,5 dəfə çox olub. Hərçənd ki, müsəlman adətinə görə, cənazəni qadınların müşayiət etməsi caiz deyil və mollaların ciddi müqavimətinə baxmayaraq, qadınların çoxluğu şəriətə zidd getmələrinə yol açıb və onlar dəfndə iştirak ediblər. Həmin gün deyilənə görə, Pir Həsən Məqbərəsində Hacıya 44 dildə ağı deyilib. Bu da o deməkdır ki, o vaxt Bakı çoxmillətli şəhər olub və onlardan 44-nün qadınlarından bəziləri Hacını ideal şəxs kimi tanıyaraq, onun ölümünü öz ağrıları saymış, göz yaşları axıtmışlar.

 Hacı Zeynalabdin Tağıyevin 100 illik müqaviləsi

 Deyilənə görə, vaxtilə Fransaya işgüzar səfəri zamanı Hacı Zeynalabdin Tağıyev şəhərin bahalı restoranlarından birinə rast gəlir. Restoranın görünüşünü çox bəyənib orada nahar etmək qərarına gəlir. Tərcüməçi və köməkçisi ilə restorana daxil olan Hacı Zeynalabdin masalardan birini seçib əyləşir. Sonra tərcüməçini və köməkçisini mətbəxə göndərib antrikot kababı sifariş vermələrini tapşırır. Tərcüməçi və köməkçi aşpaza kababın necə bişirilməsini də tərif edir. Az sonra kabab masaya gətirilir. Hacı Zeynalabdin Tağıyev kababı əli ilə yeməyə başlayır. Restoranda nahar edən zadəgan fransız xanımlar Tağıyevin yeməyi əl ilə yediyini görüb qəhqəhə çəkib gülürlər. Bu zaman restoranda nahar edən hər kəs əlini saxlayıb Hacının necə yemək yeməsinə tamaşa edir, fransız dilində atmacalar atmağa başlayırlar. Lakin o, əhvalını pozmadan yeməyinə davam edir. Sonra köməkçisinə işərə edərək onu yanına çağırır və özləri ilə gətirdikləri diplomat çantanı açdırır. Çantanın içərisindəki dollardan götürüb əlinin yağını silib yerə atır. Bu mənzərəni seyr edən restorandakı müştərilər təəccüblə Hacıya baxırlar. Bir müddətdən sonra o, restoran rəhbərliyini yanına çağırtdırır. Ona samovar gətirtməsini tapşırır. Tez bir zamanda Hacının tapşırığı yerinə yetirilir. Samovarı masanın üstünə qoydurub su ilə doldurtdurur. Sonra isə diplomatdakı dollar paçkaları ilə samovarı qaynatdırır. Bayaqdan Hacının hərəkətlərini gülüş, sonra da heyrət və təəccüblə müşayiət edən müştərilər onun masasına yaxınlaşırlar. Bu zaman Tağıyev restoran rəhbərliyinə tapşırır ki, yeni masalar düzülsün. Restoran rəhbərliyi onun tapşırığını yerinə yetirir və 50 nəfərlik masa açılır, müxtəlif təamlar düzülür, eyni zamanda süfrəyə antirikot kababı gətirilir. Hacı restorandakı bütün müştəriləri yeni açılmış masaya dəvət edir. Masaya əyləşən zadəgan fransızlar kababı çəngəl-bıçaqla yeməyə cəhd etsələr də, ancaq heç cürə bacarmırlar. Vəziyyəti görən Hacı onlara kababı əlləri ilə yemələrini bildirir. Hacının məsləhəti ilə əl ilə yeyilən kabab fransızların çox xoşuna gəlir. Sonra da onlar Hacının dolları ilə qaynadılan samovar çayından içirlər.

Bu vaxt Hacının gözü küçədən əlində bulki yeyə-yeyə keçən bir gənc oğlana sataşır. O, öz köməkçisi vasitəsilə həmin oğlanı içəri gətirdir. Onu masaya nahar etməyə dəvət edir. Nahardan sonra Hacı öyrənir ki, yeməyə dəvət etdiyi gənc oğlan Fransada ali təhsil alan azərbaycanlı tələbədir. Söhbət zamanı oğlanın atasız, kasıb bir ailədən olduğu məlum olur. Hacı gənc oğlandan Fransada Azərbaycandan daha 6-7 tələbənin təhsil aldığını, onun qaldığı yataqxanada 30-a qədər həmyerlimizin buraya işləməyə gəldiyini öyrənir. Hacı Zeynalabdin Tağıyev oğlanın cibinə pul qoyub yola salarkən ona tapşırır ki, sabah azərbaycanlı tələbələri və həmin 30 nəfər həmyerlisini özü ilə restorana gətirsin. Oğlan Hacının dediyi kimi də edir. Səhəri gün o, həmyerliləri və tələbələrlə birlikdə restorana gəlir və nahar edirlər. Hacının bu xeyirxahlığını görən restoran sahibi nahardan sonra onunla ömürlük dost olacağını bildirir. Hacı onunla yalnız bir şərtlə dost olacağını deyir. Şərtini ona sabah açıqlayacağını söyləyən Hacı notariusun da gəlməsinin vacibliyini bildirib. Səhəri gün azərbaycanlı tələbələr və 30-a yaxın həmyerlimiz restorana gəlib Hacını gözləyirlər. Çox keçmir ki, Hacı, notarius və restoranın sahibi bir araya gəlirlər. Hacı azərbaycanlı tələbələrin illik təhsil haqqını və 30 həmyerlisinin bir illik əmək haqqını verir. Eyni zamanda, notariusun yanında restoranın sahibindən masaların 100 illik qiymətini soruşur. Restoran sahibi sualdan son dərəcə çaşqın olsa da, hesablayıb cavab verir. Bundan sonra Hacı Zeynalabdin restoran rəhbərliyi ilə 100 illik müqavilə imzalayır, pulunu ödəyir. Müqavilədə qeyd olunur ki, 100 il ərzində bu restorana gələn hər bir azərbaycanlı burada təmənnasız yeyib-içə bilsin.

Jurnalist araşdırmalarıma görə, həmin restoran 100 il ərzində ora daxil olan azərbaycanlılara təmənnasız qulluq edib və bu barədə arxiv sənədləri var.

Onu da qeyd edim ki, sonrakı illərdə sözügedən restoran sahibi ailəsi ilə birlikdə dəfələrlə Azərbaycana gələrək Hacının qonağı olub. Bu dostluq, gəliş-gediş Hacının sağlığına qədər davam edib.

 Tağıyev və din

 Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik tədbirləri xalqın yaddaşına əbədi həkk olunmuşdur. Bakıda ilk teatr binasını inşa etdirmiş, müsəlman qızları üçün ilk tədris məktəbi, Abşeronda fəhlələr üçün ilk qəsəbə saldırmışdır. Qəsəbədə abad evlərdən başqa ambulatoriya və məktəb də var idi. Onun vəsaiti hesabına kitablar, o cümlədən Seyid Əzim Şirvaninin, Sultanməcid Qənizadənin, Nəriman Nərimanovun və başqalarının kitabları çap etdirilmiş, onlardan bəziləri Tağıyevin hesabına xarici dillərə tərcümə edilib nəşr olunmuşdur. Tağıyev 1895-ci ildə “Kaspi” qəzetini və nəşriyyatını alır. “Kaspi” nəşriyyatında çap olunan ilk kitab “Quran” olmuşdur (Azərbaycan dilində). Özü Quranı dəfələrlə oxumuşdur. O, maarifçiliklə məşğul olan digər qəzet və jurnalların nəşrlərinə də böyük sərmayələr qoymuşdur. Bir gün məsciddə olan Hacı axundla və namaz qılmağa gələn insanlarla Quran barədə müzakirə aparırlar. Hacı axunda Quranda yazılan bir fikirlə razılaşmadığını söyləyir. Axund ondan hansı fikirlə razılaşmadığını soruşur. Hacı cavab verir ki, surələrin birində Allahın insanlara bəxş etdiklərini bir anda geri ala bildiyi qeyd edilir. Axund deyir ki, elədir, ala bilər. Hacı yenə axundla razılaşmır. O, deyir: «Mənim illərlə qazanıb yığdığım pullar, Azərbaycandakı və ölkədən kənardakı saysız-hesabsız mülklərim, xarici banklardakı hesablarım necə ola bilər ki, bir anda yox olsun. Bu, Azərbaycanda baş verə bilər, amma kənardakıların yox olması qeyri-mümkündür».

Axund isə Quranda hər şeyin düz olduğunu, heç bir səhvə yol verilmədiyini, Tanrının istədiyi halda verdiyini bir anda geri ala biləcəyini deyir. Hacı yenə də öz fikrində qalır.

Evinə gələn Hacı qapıda əlisilahlı rus jandarmalarının dayandığını görür. Hacı evə daxil olur. Onun arxasınca içəri keçən rus jandarmaları əllərindəki silahı Hacının və onun ailə üzvlərinin başına dayayırlar. Qələm-kağız gətirdərək silah gücünə, hədə-qorxu ilə Hacıya bütün sərvətinin Sovet hakimiyyətinə verməsini yazdırırlar.

Beləliklə, milyoncu Hacı Zeynalabdin Tağıyevin bütün var-dövləti, sərvəti, mülkləri əlindən alınır. Bu zaman Hacının yadına bir az öncə məsciddə Quranla bağlı axundla etdiyi söhbət düşür. Və belə bir qənaətə gəlir ki, həqiqətən Tanrı verdiyini nəinki bir saat, bir an, bir göz qırpımında belə, gerə almaq qüdrətinə malikdir.

 Pakistan-Azərbaycan əbədi dostluğunun tarixi

 44 günlük İkinci Qarabağ müharibəsi dövründə Türkiyə ilə Pakistanın Azərbaycanın yanında olması heç kimə sirr deyil. Silah-sursat baxımından isə, İsrail dövləti heç bir ölkəyə satmadığı silahı Azərbaycana verdi. Bunlar başqa bir mövzunun söhbətidir.

Azərbaycanla Pakistan arasında mövcud olan strateji dostluq münasibətlərinin əsl səbəbini isə yəqin çoxları ətraflı bilmir.

Sirr deyil ki, Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olub. Ona görə də bir çox insanlar Azərbaycan-Pakistan tərəfdaşlığının 1991-ci ildən sonra, yəni müstəqillik dövründə formalaşdığını düşünür.

Mən bir jurnalist kimi araşdırmalarımın nəticəsi olaraq Azərbaycanla Pakistan arasındakı mövcud doğmalığın necə başladığını xatırlatmağı özümə borc bilirəm.

Çoxlarına məlumdur ki, iki ölkə arasındakı bu əlaqələrin əsasının qoyulması Azərbaycan xalqının böyük oğlu, tanınmış xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin adı ilə bağlıdır. Belə ki, dahi şəxsiyyətin Pakistan xalqına vaxtilə etdiyi yaxşılıq iki ölkə və xalq arasında qardaşlıq münasibəti yaradıb. Belə ki, XX əsrin əvvəllərində Pakistan ərazisi Britaniya müstəmləkəsi olanda yerli əhali arasında kütləvi pandemiya yayılır.

Sürətlə yayılan ölümcül xəstəlikdən Pakistanda 100 mindən çox insan dünyasını dəyişir. Xəstəliyə yalnız sağlam insanlara peyvənd vurmaqla qalib gəlmək olardı.

Həmin vaxt azərbaycanlı milyonçu Hacı Zeynalabdin Tağıyev şəxsi vəsaiti ilə 300 min ampula peyvənd alıb Pakistana göndərir. Bununla da pandemiyanın qarşısı alınır.

Hacı Zeynalabdin Tağıyev, sadəcə, yardımla kifayətlənmir, eyni zamanda problemi dünya ictimaiyyətinin diqqətinə çatdırır. Bu da öz növbəsində, digər imkanlı, xeyirxah insanların və beynəlxalq təşkilatların problemlə ciddi məşğul olmalarına səbəb olub. Beləliklə də, Pakistan xalqı məhv olaraq yer üzündən silinmək təhlükəsini dəf edə bilib.

Qədirbilən Pakistan xalqı 1947-ci ildə müstəqillik əldə etdikdən sonra bu faktı tarix dərsliyinə daxil edir. Hətta o dövrdə xeyriyyəçiyə hörmət əlaməti olaraq Pakistanda doğulan körpələrə Zeynalabdin adını qoyurlar.

Beləliklə, Pakistanda 1940-ci illərdən bu yana doğulmuş şəxslərin hamısı Azərbaycanı özlərinə doğma ölkə kimi tanıyır. Ona görə də bu gün də 200 milyonluq Pakistan xaqlı və dövləti Hacı Zeynalabdin Tağıyevin ruhuna dualar oxuyur.

Qeyd edək ki, Pakistan indiyə qədər Ermənistanı suveren dövlət kimi tanımır və Dağlıq Qarabağ probleminə münasibətdə «Azərbaycana can borcumuz var» deyərək ölkəmizi dəstəklədi. Qeyd edək ki, indi də dərin tarixi olan dostluq münasibətləri yüksək səviyyədə davam etdirilir.

Əlavə olaraq onu da qeyd edək ki, Hacı Zeynalabdin Tağıyev bir çox ölkələrə də yardım göstərib. Və bu gün həmin ölkələrin hansına səfər etsək, orada Hacı Zeynalabdin Tağıyevin bir nişanəsinə rast gəlirsən. Məsələn, Fransaya, Londona, Almaniyaya, eləcə də bir sıra Avropa ölkələrinə səfərlərim zamanı oradakı muzeylərin çoxunda H.Z.Tağıyev tərəfindən hədiyyə edilmiş çilçıraqlara, qoz ağacından hazırlanmış bahalı mebellərə, ipəkdən toxunmuş Qarabağ xalçalarına, Azərbaycan samovarlarına rast gəlmişəm. Uzağa getməyək, bu gün də İraqın Kərbəla şəhərindəki İmam Hüseyn (ə) ziyarətgahını, həmçinin İranın Məşhəd şəhərində yerləşən İmam Rza(ə)-ın müqəddəs ziyarətgahını H.Z.Tağıyevin hədiyyə etdiyi qiymətli çilçıraqlar işıqlandırır.

 

Rövşanə Nağıyeva

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password