Navalnının qayıdış sirri: Rusiyada nə baş verir?

 

Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi analitik Elxan Şahinoğlunun müsahibəsi:

– Sizcə, Navalnı həbs ediləcəyini bilə-bilə nə üçün Rusiyaya qayıtdı?

– Birincisi, ondan başlayaq ki, Aleksey Navalnı son illər Rusiya Prezidenti Vladimir Putinin əsas tənqidçilərindən birinə çevrilib. O, şəxsi bloqu ilə hakimiyyəti, konkret şəxsləri ifşa edərək, Rusiyada kifayət qədər nüfuz qazanıb. Navalnını məşhurlaşdıran əsas hadisə onun zəhərlənməsi oldu. Bu həm onun tərəfdarlarının sayını, həm də ölkə xaricində ona olan marağı artırdı.

Navalnı Almaniyada olarkən onun iki seçimi vardı: ya digər müxaliflər kimi iqtidarı xaricdən tənqid etmək, ya da ölkəyə qayıdıb, mübarizəsinə davam etmək. Navalnı anladı ki, o, Almaniyada qalsa, müxalifətçi kimi nüfuzu günü-gündən azalacaq və heç bir perspektivi olmayacaq. Buna görə də o, ikinci yolu seçdi və Rusiyaya qayıtdı.

– Navalnının həbs edilməsi və buna cavab olaraq Rusiyada etirazların başlaması ABŞ Prezidenti Co Baydenin prezident andiçməsi ilə üst-üstə düşdü. Necə düşünürsünüz, bu hadisələrin pərdəarxasında ABŞ və Bayden administrasiyası dayanır?

– Navalnı ağıllı insandır. O, qayıdışını elə bir vaxtda seçdi ki, bu, ABŞ Prezidenti Co Baydenin prezident səlahiyyətlərinə başladığı zamanla eyni olsun. O, yaxşı başa düşürdü ki, Rusiyaya ayaq basan kimi onu dərhal həbs edəcəklər. Elə də oldu. O bilirdi ki, Rusiyada həbsdə olsa belə, Qərb onu dəstəkləyəcək. Rusiyadakı qüvvələr isə Qərbin bu dəstəyini Baydenin Navalnıya dəstəyi kimi qiymətləndirəcək. Navalnı həbsdə ikən tərəfdarlarını küçələrə səslədi.

O, əslində, Putini tələyə saldı. Çünki yaxşı bilir ki, Putini sərt tənqid edənlər ya zəhərlənir, ya yolda güllələnir, ya da özlərini “asırlar”. Rusiyalı keçmiş xəfiyyə Aleksandr Litvinenkonun Londonda Moskvadan gələn iki tanışı ilə kafedə çay içəndən bir neçə saat sonra zəhərlənib ölməsi buna ən yaxşı misaldır.

Rusiyalı digər xəfiyyə Skripal və qızı yenə Londonda “Noviçok” zəhəri ilə huşlarını itirdilər. Məşhur oliqarx və Putinin tənqidçisi Boris Berezovski Londonda malikanəsində asılı şəkildə tapıldı. Putinin Rusiyada ən sərt tənqidçilərindən Boris Nemtsov küçədə qətlə yetirildi. Bir neçə ay öncə isə Aleksandr Navalnı zəhərləndi.

Əlbəttə, Kreml bütün bu hadisələrdə əli olmadığını iddia edir. Hesab edək ki, bunların heç birində Kremlin əli yoxdur. Ancaq bu zəhərlənmələr və qətllər Kreml sahibinin diqqətini çəkməli və o, araşdırma aparılmasına tapşırıq verməli idi. Kreml sahibi belə bir araşdırmaya ehtiyac duymursa və bu qətllərə görə heç bir narahatlıq keçirmirsə, demək, ondan şübhələnmək üçün tam əsas var. Navalnı da Kremlin bu zəifliyindən istifadə edərək, bütün diqqətləri öz üzərinə çəkməyi yaxşı bacarır.

– Sizcə, Navalnını hazırda Rusiya daxilində ən çox kimlər dəstəkləyir?

– Navalnının başda Moskva və Sankt-Peterburq olmaqla, Rusiyanın bir çox bölgələrində tərəfdarları var. Navalnı Qərbdən də dəstək alır.

Navalnının digər məqsədi bu il Rusiya Dumasına keçiriləcək seçkiləri qızışdırmaqdır. Həbsdə olmasına baxmayaraq, görünür, namizədliyini irəli sürəcək.

– Bu gün ölkəmizdə də Navalnıya rəğbət bəsləyənlər az deyil. Hətta bəzi ekspertlər düşünür ki, Navalnı Putinin yerinə Rusiya prezidenti olsa, Cənubi Qafqazda siyasi proseslər nizama düşəcək. Sizcə, bu yanaşma doğrudur?

– Düşünmürəm ki, o, Putini əvəz edə bilər. Putinin hələ ki, hakimiyyətdən getmək fikri yoxdur. Hələ bir müddət onu hakimiyyətdə görəcəyik. Digər tərəfdən, Putin hakimiyyətdən getməyə qərar versə, yerinə özünün təyin edəcəyi bir namizəd əyləşəcək.

Navalnının hakimiyyətə gəlməsi isə Cənubi Qafqaz üçün elə də müsbət nəsə vəd etmir. Ona qalsa, Rusiyanın birinci prezidenti Boris Yeltsin də liberal qanadın nümayəndəsi idi, lakin keçmiş Ermənistan-Azərbaycan münaqişəsinin həllində heç nə etmədi. Əksinə, münaqişənin alovlanmasında onun da payı az deyildi./axar az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password