“İnternet bir çox ailələr üçün pulsuz olmalıdır” – Tural Abbaslı

Məlumdur ki, hazırda ölkəmizdə pandemiya səbəbindən dərslər distant formada keçirilir. Və bu, təbii olaraq aztəminatlı ailələrin uşaqlarının təhsil almasında müəyyən problemlər ortaya çıxarır. Belə ki, həmin ailələr evdə planşetin, kompüterin və internetin olmamasına görə övladlarının təhsil ala bilməməsindən gileylənirlər. Bu baxımdan Azərbaycanda pandemiya bitənə qədər müvəqqəti olaraq şagirdlər, tələbələr və müəllimlər üçün internetin pulsuz olması ilə bağlı təkliflər səsləndirilir.

Sözügedən təkliflə bağlı fikirlərini şərh edən Ağ Partiyanın sədri Tural Abbaslı bildirib ki, onlayn dərs keçən şagirdlərə, tələbələrə və müəllimlərə internet pulsuz olmalıdır: “Əgər biz “Təhsil haqqında” qanuna baxsaq görərik ki, 9 illik təhsil icbaridir. İcbari o deməkdir ki, dövlət məcburi qaydada 9 illik təhsil verir. Və əgər mənim evimdə internetim, telefonum və ya planşetim yoxdursa, dövlət məni təhsillə necə təmin edəcək? Qanunun bu tərəfindən çıxış etsək, belə bir nəticəyə gələ bilərik ki, dövlət distant təhsil zamanı ortaya çıxacaq bütün maddi-texniki problemləri öz üzərinə götürüb həll etməlidir. Burada aylıq internet pullarının ödənilməsi və şagirdlərin onlayn dərslərə qoşulması üçün müvəqqəti olaraq avadanlıqlarla təmin edilməsi məsələləri diqqət mərkəzində ola bilər”.

Partiya rəhbəri vurğulayıb ki, problemin həll edilməsi üçün müxtəlif variantlar var: “Bunun üçün böyük maliyyə də lazım deyil. Çünki yalnız bir proqrama uyğunlaşdırılmış, xüsusi keyfiyyətləri olmayan planşetləri sifariş vermək olar. Özü də çox ucuz qiymətə. Eynilə də internet operatorlarının aylıq ödənişlərində güzəştlərin tətbiq olunması və yeri gəlsə, subsidiyalar, yəni Təhsil Nazirliyinin onlara ödənişi vasitəsilə həmin ailələrə trafiklərin ayrılması mümkündür. Amma görünən odur ki, Təhsil Nazirliyi ilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tələbələri, şagirdləri düşünəcək vaxtları, fantaziyaları və təşəbbüskarlıqları yoxdur. Təhsil prosesində yaranan yeni tipli problemləri şagirdlərin, tələbələrin və onların valideynlərinin üzərinə yıxıblar. Bununla yanaşı, şagird və tələbələrdən eyni səviyyədə imtahan, dərsdə iştirak və adi qaydada olduğu kimi öhdəliklərin icra edilməsi tələb olunur. Və nəticədə bütün bunlar onların psixoloji vəziyyətinin pozulmasına gətirib çıxarır”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password