Vətən Müharibəsinin 3 günü: -Müşahidələr və ilkin nəticələr – TƏHLİL
Əməliyyatlar yeni başlayanda insanlarımızda ildırım sürətli savaş, “blitskriq” gözləntisi vardı. Amma ikinci gün məlum oldu ki, Azərbaycan böyük qurbanlar hesabına başa gələcək sürətli müharibə yox, az itkilərlə nisbətən uzunmüddətli savaş aparmaq niyyətindədir. Bu döyüşlərdə filmlərdə gördüyümüz kimi “Uraaaa!..” deyib, irəli cummaq olmayacaq, düşməni zərərsizləşdirə-zərərsizləşdirə, addım-addım irəliləyəcəyik.
Şübhəsiz ki, düşmən 30 ilə yaxın müddətdə əlində saxladığı torpaqlarda möhkəmlənib, istehkamlar qurub, müdafiə sistemləri yaradıb. Onları səbrlə, tələsəmədən adlamaq lazımdır. Bu səbəbdən, biz həftələrlə, hətta bəlkə aylarla sürən müharibəyə hazır olmalıyıq. Hər gün hansısa məntəqənin azad edilməsi xəbərinə köklənmək lazım deyil. Əsas odur ki, bütün baxımlardan üstünlük Azərbaycan Ordusundadır və həmin üstünlük real döyüş meydanında əminliklə reallaşdırılacaq.
İndiki şəkildə müharibənin hər günü milyonlarla dollar xərc deməkdir. Əgər döyüşlər uzansa (hərçənd, bu, ən pis haldır) məsələ gəlib insan və maliyyə resurslarının nisbətinə dayanacaq. O halda Ermənistan nə qədər dözə biləcək bu mübarizəyə?! Əgər “üzücü müharibə” vəziyyəti yaranarsa, ermənilərin heç bir şansı yoxdur. Yaranmasa, yenə də yoxdur. Hazırkı Azadlıq Müharibəsində bütün şanslarıbizim tərəfimizdədir.
Mülki əhaliyə hücum
Ermənistan özünəxas tərzdə, faşizm üslubu ilə bilərəkdən Azərbaycanın cəbhəyanı rayonlarında dinc əhaliyə, mülki obyektlərə zərbələr endirir. Cəmisi 3 günə ikisi azyaşlı olmaqla 10 nəfər mülki şəxsin həlak olması və 30 nəfərin yaralanması dəhşətli faktdır. Bəllidir ki, ermənilər bunu məqsədli şəkildə edirlər. Həmin məqsəd isə əhalini qorxuya salmaq, kütləvi şəkildə cəbhəyanı ərazilərdən köçməsinə və qarışıqlıq yaratmasına nail olmaqdır. Amma həmin cinayətkar zərbələrin bütün dəhşətli nəticələrinə baxmayaraq, Azərbaycanın cəbhəyanı bölgələrdə yaşayan sakinləri özlərinə yaraşan mərdlik və dəyanətlə bu haqda heç düşünmürlər də. Bu, düşmənin onları demoralizə etmək planlarını puça çıxarır.
Böyük “feyk” müharibəsi
Erməni tərəf əməliyyatlar başlayandan bəri informasiya müharibəsini “feyk” hücumu şəklində davam etdirir. Heç bir prinsiplər, çərçivələr gözlənilmir. Müharibənin cəmi 3 günü ərzində yayılan feyklər bir yerə toplansa, onlardan rahatca bir albom düzəltmək olar.
“Feyk” xəbərlər erməni tərəfdən bütün səviyyələrdə və mərhələlərdə yayılır: Mediada, sosial şəbəkələrdə, hətta dövlət səviyyəsində! Məsələn, Azərbaycan Silahlı Qüvvələrinin guya Ermənistanın Vardenis rayonu ərazisində yerləşən hərbi hissəni atəşə tutması ilə bağlı informasiya məhz dövlət səviyyəsində yayımlanan “feyk” idi.
Digər dövlət səviyyəli “feyk” istiqaməti guya Türkiyənin Azərbaycan tərəfdən döyüşməsi ilə bağlıdır. Heç bir fakt və sübut olmadan, erməni tərəf Göbbels metodu ilə durmadan təkrarlayr ki, guya bu Müharibənin başlaması Türkiyə ilə bağlıdır. Bu yolla dünyanın diqqətini öz işğalçılıqlarından və Azərbaycanın apardığı Vətən Müharibəsindən yayındrmaq istəyirlər. Axı Savaş varsa, onun bir izahı da olmalıdır!
Video və şəkillərin tamam başqa ad və mahiyyətlə təqdim edilməsi isə artıq klassikadır. Əgər sabah erməni mediası Karlsonu “vurulmuş Azərbaycan helikopteri” kimi təqdim etsə, təəcüblənməyə dəyməz.
3 günə yaradılan yeni reallıq
Əməliyyatların cəmi 3 günü regionda yeni reallığın yaranması üçün bəs etdi. İstər Ermənistan, istərsə işğal olunmuş ərazilərimizdə yaşayan ermənilər, istərsə də həmin torpaqlara köçürülənlər birdəfəlik anladılar ki, Azərbaycanın niyyətləri nə qədər ciddidir. 30 ildə onlarda belə bir əminlik yaranmışdı ki, daha müharibə mövzusu qapanıb, rahatca işlərini görə bilərlər. Amma bu əminlik bir neçə saata darmadağın olundu. Hər kəsə aydın oldu ki, Azərbaycanın işğal altındakı ərazilərində heç vaxt məskunlaşmaq mümkün olmayacaq. Məhz buna görə Qarabağdan Ermənistana doğru böyük insan köçü müşahidə olunur. Bu Savaş elə bir xətt idi ki, ondan sonra Qarabağda daha heç nə əvvəlki kimi olmayacaq.
Ən ağrılı məqam: Şəhidlərimiz
Ermənistan təkcə informasiya yox, həm də psixoloji müharibə aparır. Azərbaycan şəhidlərinin foto və videolarını yaymaqla onlar bir neçə məqsədə nail olmaq istəyirlər:
1) Azərbaycan əhalisində ruh düşkünlüyü yaratmaq, cəmiyyətdəki qələbə əhvalını itkilərin acısı ilə əvəzləmək;
2) Bu mənəvi ovqatın siyasi tərəfi kimi cəmiyyətdəki şəhid ağrısını hərbi əməliyyatların dayandırılması ilə bağlı sosial sifarişə çevrilənə qədər çoxaltmaq.
Ona görə də, indi bəzi ideoloji məqamlarda xüsusilə həssas olmaq lazımdır. İlk növbədə də şəhidlər məsələsində. Hər şeydən əvvəl, bu haqda ermənilərin və antiazərbaycan şəbəkəsinin yaydığı məlumatlara inanmamaq, ancaq rəsmi məlumatları gözləmək lazımdır.
Eyni zamanda, bu reallıqla barışmalıyıq ki, şəhidlərimiz bəli, var, döyüşlər davam etdikcə, yəqin, yenə olacaq. Azərbaycan hücuma keçən tərəfdir. Ermənilərin illərlə möhkəmləndikləri ərazilərə hücum edirik. Bəli, tank da, helikopter də vurulacaq, bəli, oğullarımız da canlarını Vətənə fəda edəcəklər. “Müharibə” deyəndə ağla nə gəlirsə, onların hamısı baş verəcək. Axı heç kim asan olacağını deməmişdi, özümüz də gözəl bilirdik ki, asan olmayacaq… Amma hər zaman qurban verməyi də gözə alaraq, Vətən Müharibəsini gözləyirdik…
Qurbanlarsız qələbə olmur. Bu döyüşlər bizə yeni qəhrəmanlar da, yeni şəhidlər də gətirəcək. İndiki savaş fərqlidir – biz Qələbə uğrunda döyüşürük. Bu döyüşlərdə şəhid olan hər bir azərbaycan övladı adını Qələbə tarixinə yazacaq. Bu, verdiyimiz hər şəhidlə bağlı təsəlli ola bilər ki, söhbət böyük amal və məqsəd uğrunda verilən qurbanlardan gedir.
Hazırda itkilərdən danışmaq düzgün olmamaqla yanaşı, mümkün də deyil. Əvvəla, hücum əməliyyatları davam edir. İkincisi, itkiləri birtərəfli qiymətləndirmək olmaz, yalnız müqayisə etmək lazımdır. Ona görə də, erməni tərəfi öz itkilərini gizlədirsə, bizim o haqda danışmağımız yersiz və mənasızıdır. Halbuki, erməni tərəfin itkiləri bizdən daha çoxdur.
Əslində müdafiə olunan yox, hücum edən tərəfin itkiləri daha çox olmalıdır. Çünki müdafiə tərəfi istehkam tədbirləri görür, möhkəmlənir, səngərində daldalanır; konkret bu haldan danışsaq, işğal altındakı ərazilərin dərinliyində bir neçə qat müdafiə xətti var. Hücum edən isə açıqlıqdadır, demək, daha asan hədəfə alınır. Amma hazırda bütün mənbələrdən gələn xəbərlərin təhlili ermənilərin itkilərinin Azərbaycan tərəfdən xeyli artıq olduğu anlaşılır. Sadəcə, onlar bunun böyük qismini gizlədir kiçik qismini isə hissə-hissə açıqlayırlar. (azvision)