Türkiyənin F-16 qırıcısı Ermənistanın Su-25 təyyarəsini vurdu?

Az əvvəl Ermənistan Müdafiə Nazirliyi bu ölkənin Hərbi Hava Qüvvələrinə məxsus Su-25 hücum təyyarəsinin Kəlbəcər istiqamətində, Vardenis üzərində döyüş vəzifəsini yerinə yetirərkən vurulduğunu açıqlayıb. Düşmən tərəf iddia edir ki, təyyarəni Türkiyə Hərbi Hava Qüvvələrinin Gəncə aerodromundan havaya qalxan F-16 qırıcısı vurub. Qırıcı Ermənistan hava məkanına 60 kilometr məsafədən-Azərbaycan ərazisindən raket zərbəsi endirib. Erməni pilot “qəhrəmancasına” (burada “qəhrəmanlığın” nədən ibarət olduğu açıqlanmır) həlak olduğu bildirilir.

Düşmən tərəf onu da iddia edir ki, guya Türkiyə qırıcısı Vardenisə zərbə endirən Azərbaycan aviasiyasını qorumaq üçün qaldırılmışdı.

Bu informasiyanı şərh edən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib ki, erməni tərəfinin bu açıqlaması “fantaziyadır”.

“Ermənistan ordusuna məxsus Su-25 təyyarəsinin guya F-16 qırıcısı tərəfindən vurulması barədə yaydığı məlumat yalandır və erməni hərbi təbliğat maşınının növbəti fantaziyasıdır”,-Dərgahlı bildirib.

Türkiyə prezidentinin kommunikasiyalar üzrə müşaviri  Fahrettin Altun da “Bloomberg”ə açıqlamasında bu ölkənin Hərbi Hava Qüvvələrinin F-16 qırıcısının Ermənistan təyyarəsini vurması haqda iddianı rədd edib.

“Türk F-16 qırıcısının erməni təyyarəsini vurduğu iddiası yalandır. Ermənistan belə ucuz təbliğat oyunlarına əl atmaqdansa dərhal işğal etdiyi Azərbaycan torpaqlarından çəkilsin”,-Türkiyə rəsmisi bildirib./virtualaz.org/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password