Elxan Şahinoğlu:“Ali məqsədlərlə başlayan yürüşdə təxribatçılar vardı”
“Ali məqsədlərlə başlayan yürüşdə xaos yaratmaq istəyən təxribatçılar vardı”.
Bunu açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.
O bildirib ki, belə yürüşlərdə həmişə təxribat törətmək, xalqı ali məqsədlərindən döndərmək istəyən qüvvələr olur:
“Tələbəlik illərimdə – 1980-ci illərin sonlarında həmişə yürüşlərdə, tələbə nümayişlərində fəal iştirak etmişəm. Təcrübəm olduğuna görə bilirəm ki, 5 nəfərin təxribatçı şüarlar səsləndirməsi xaos yaratmağa kifayət edir. Dünən ali məqsədlərlə başlayan yürüşü bir qrup təxribatçı başqa istiqamətə çəkmək istədi. Ancaq düşünürəm ki, bu xoşagəlməz hadisələri nəzərə almasaq, yürüş öz məqsədinə çatdı”.
E. Şahinoğlunun fikrincə, milli ruh yüksəkliyində olan cəmiyyət bütün təxribatlara baxmayaraq, ordumuza – hərbi qulluqçularımıza öz dəstəyini göstərə bildi:
“Cəmiyyət Azərbaycan Ordusuna dəstəyini göstərdi. Ancaq belə yürüşlərdə minlərlə insanın arasında xaos yaratmaq istəyən bir neçə nəfər tapılır. Ona görə də, bu cür yürüşləri idarə etmək çətindir. Lakin dünən cəmiyyət həmişə ordusunun yanında olduğunu sübut edə bildi”.