130 ölkə Azərbaycanın ortaq düşmənə qarşı mübarizə çağırışına səs verdi
“Heç bir beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini təşkil etməmişdi”.
Bunu açıqlamasında Elxan Şahinoğlu Azərbaycan prezidenti İlham Əliyevin BMT Baş Assambleyasını dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyasının keçirilməsi təklifini şərh edərkən deyib. Politoloq qeyd edib ki, artıq təşəbbüsə dəstək gəlib:
“Azərbaycanın Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına və Qoşulmama Hərəkatına sədrliyi dünyanı lərzəyə salan COVİD-19 pandemiyası dövrünə təsadüf etdi. Azərbaycan prezidenti İlham Əliyev ötən aylarda hər iki qurumun ayrılıqda onlayn zirvə toplantılarını təşkil edərək pandemiya mövzusunu və yardımlaşmanı müzakirəyə çıxartdı. Buna qədər heç bir beynəlxalq təşkilat və liderlər pandemiyanın onlayn zirvə toplantısının müzakirəsini təşkil etməmişdi. Azərbaycan ilkə imza atdı. Ancaq bununla kifayətlənmək olmazdı. İlham Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının üzvlərinə və Qoşulmama Hərəkatının 120 üzv ölkəsinin dəstəyinə güvənərək yeni təşəbbüslə çıxış edib: BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə COVİD-19-a qarşı mübarizəyə həsr olunmuş xüsusi sessiyası keçirilsin. Artıq təşəbbüsə dünyanın 130-dan çox dövlətindən dəstək gəlib”.
Belə bir sessiyanın keçirilməsi realdırdmı və əsas təkliflər nədən ibarət olmalıdır?
Elxan Şahinoğlu bu sualı belə cavablandırıb:
“Birincisi, tək elə Qoşulmayanlar Hərəkatının, eyni zamanda BMT-nin 120 üzvü bu ideyanı dəstəkləyərək eyni çağırışla çıxış etsələr, BMT Baş Məclisi pandemiya ilə mübarizəyə həsr edilmiş sessiya keçirməlidir. Bu, BMT Nizamnaməsinə də uyğundur. İlham Əliyev artıq Qoşulmayanlar Hərəkatı ölkələri adından BMT Baş Məclisinin dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifi ilə baş katib Antonio Quterreşə müraciət ünvanlayıb. BMT-yə üzv ölkələrin çox hissəsi, yəni 97-nin təşəbbüsə dəstək verməsi kifayətdir ki, xüsusi sessiya təşkil olunsun. Azərbaycan prezidentinin təklifini dəstəkləyən ölkələrin sayı isə 97-ni xeyli aşır. Deməli, onlyan sessiyanın baş tutacağını vurğulamaq olar.
İkincisi, bundan sonra reallaşacaq onlayn sessiyanın gündəliyini tərtib etmək lazım gələcək. Aydındır ki, onlayn konfrans dünyanı bürüyən bəlaya çarə tapmayacaq. Ancaq indiki ağır vəziyyətdə pandemiya ilə mübarizə mövzusunun ortaq müzakirə edilməsi, liderlərin yeni ideyalarla çıxış etməsi də vacibdir. Məsələn, müxtəlif ölkələrin laboratoriyalarında peyvənd və dərman üzərində çalışmalar sürətlənib. Bu işin koordinasiyasına ehtiyac var. Çünki bəllidir ki, hansı ölkə ilkin olaraq peyvəndi və dərması icad etsə və onun effektivliyi sübut olunsa, icadı başqa dövlətlərlə paylaşmalı olacaq. Bu halda istər-istəməz koordinasiyaya ehtiyac duyulacaq. Həmin peyvəndin və dərmanın hər yerə çatdırılması və insanların xilası isə zaman alacaq. Bu zamanı qısaltmaq üçün həmin dərmanın istehsalının həcmini artırmaq və milyardlarla dollara ehtiyac olacaq. Bu isə yalnız bir ölkənin görəcəyi iş deyil. Ona görə də BMT-yə üzv dövlətlərin indidən müzakirələrə, koordinasiyaya və ortaq məxrəcə gəlmələrinə ehtiyacı var ki, gələcəkdə zaman itirmədən peyvəndin və dərmanın gərəkən bütün ölkələrə çatdırılması təmin edilsin. Bəşəriyyət vahid düşmənlə mübarizə apardığından birgə fəaliyyətə ehtiyac var. Bu mənada BMT prosesdən kənarda qala bilməz”.(qaynarinfo)