Putinin SSRİ torpaqlarıyla bağlı mesajı hansı dövlətlərədir? (TƏHLİL)

“Putinin son açıqlamasının Azərbaycana aiddiyyatı yoxdur. Azərbaycanın ərazisində “rus torpaqları” yoxdur, əksi var…”
Bunu  açıqlamasında politoloq Elxan Şahinoğlu Rusiya prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına “Moskva. Putin. Kreml” verilişinə açıqlamasında “bu və ya digər respublika Sovet İttifaqının tərkibinə daxil olanda öz baqajına xeyli Rusiya torpaqlarını almışdı, sonra qəflətən SSRİ-ni tərk etmək qərarına gələndə elə etmək lazım idi ki, gələnə qədərki torpaqlarıyla da ittifaqdan çıxsın” fikirini şərh edərkən deyib. O bildirib ki, Rusiya prezidenti Vladimir Putin hələ də SSRİ-nin xisləti ilə yaşayır:
Эльхан Шахиноглу: Кто он Касым-Жомарт Токаев? -
“Onun 4 ildə SSRİ ilə bağlı dediyi 3 əsas fikri xatırlatmaq istəyirəm. 2016-cı ildə səsləndirdiyi birinci fikir: “SSRİ-ni dağıtmaq lazım deyildi”. 2020-ci ilin aprelində səsləndirdiyi ikinci fikir: “SSRİ-nin bərpası kimi fikirlərdən qorxmaq lazım deyil, birlik hamının xeyrinədir və bu qaçılmazdır”. 2020-ci ilin iyununda, yəni bir neçə gün əvvəl səsləndirdi üçüncü fikir: “Respublikalar SSRİ-ni tərk edərkən, rus xalqından hədiyyələr – torpaqlar aparmamalı və girdiyi torpaqlarla getməli idi”.
Putin bu açıqlamalarıyla nə demək istəyir? SSRİ-ni bərpamı etmək istəyir, yoxsa öz təbirincə desək, “rus xalqına məxsus torpaqları” qonşularından geri almaq haqqında planlarmı qurur? Məsələ burasındadır ki, Putindən başqa vaxtilə SSRİ-yə daxil olan heç bir ölkənin lideri keçmiş imperiyanın bərpasını istəmir. SSRİ-nin bərpası yalnız güc yoluyla mümkündür, bu isə yeni müharibələr deməkdir”.
Politoloq qeyd edib ki, Vladimir Putinin “Rossiya 1” telekanalında dünən yayımlanan “Moskva. Putin. Kreml” verilişində SSRİ ilə bağlı açıqlamasını izləyib:
“Putin jurnalistin suallarına cavab verərkən mövzuya dəxli olmadan qəfil keçdi SSRİ söhbətinə. Putin “Rusiyadan qoparılan torpaqlarla” bağlı cümlələrini yüksək tonda və elə aramla dedi ki, sanki qonşularına mesaj göndərdi. Bu, əvvəlcədən düşünülmüş idi, hətta operatora tapşırıq verilmişdi ki, Putin “Rusiyadan qoparılan torpaqlarla” bağlı cümlələrini deyərkən Kreml sahibi ekranda geniş pılanda göstərilsin. Putinin mesajından belə çıxır ki, o Rusiyanın qonşularına məxsus “torpaqları” geri almaq barədə düşünür”.
Elxan Şahinoğlu Vladimir Putinin iyulun 1-də keçiriləcək referenduma hazırlaşdığını vurğulayıb:
“Aydındır ki, nəticə onun xeyrinə olacaq və Putin yeni Konstitusiyaya görə, 2036-cı ilə qədər hakimiyyətdə qala biləcək, yəni daha 16 il Kremldə oturmağı planlaşdırır. Görünür, Putin indidən “qədim rus torpaqlarından” danışır ki, növbəti prezidentlik müddətində qonşuları qeyri-müəyyən gələcəyə hazırlaşsınlar.
Əsas sual budur: Putin Rusiyadan guya qoparılan hansı torpaqları nəzərdə tutur?
Rusiya Putinin hakimiyyət dövründə Abxaziyanı, Cənubi Osetiyanı, Krımı ilhaq edib, Ukraynanın şərqində separatçı bölgə formalaşıb. Putin Qazaxıstanamı işarə edir? Çünki, o və digər rus rəsmiləri, o cümlədən bir qrup millətçi tarixçi hesab edir ki, guya tarixdə Qazaxıstan adında dövlət olmayıb və bu dövlətin bir hissəsi “qədim rus torpaqlarıdır”. Putin Qazaxıstandan həmin torpaqları necə tələb edə bilər? Axı Qazaxıstan Rusiyaya zidd siyasət yürütmür, əksinə, Astana Moskva ilə strateji tərəfdaşlığa sadiqdir. Putin başqa hansı torpaqlara iddia edə bilər? Dünyanın ərazicə ən böyük dövləti Rusiyadır. Putin prezidenti olduğu bu böyük dövlətin inkşafına nail ola bilmir, yeni torpaqlar onun nəyinə lazımdır? Axı bu qarşıdurmalar və müharibələr deməkdir”.
Politoloq qeyd edib ki, Azərbaycan illər boyu torpaqlarını itirə-itirə gedib:
“Azərbaycan dünyada azsaylı ölkələrdəndir ki, tarixi torpaqları ilə həmsərhəddir. Məsələyə Putinin məntiqi ilə yanaşsaq, biz də deməliyik ki, “qonşularımız müstəlilliklərini əldə edərkən, tarixi Azərbaycan torpaqlarından imtina etməliydilər, özləri ilə aparmamalı idilər”. Bu sözlər Rusiyanın sahib olduğu qədim Azərbaycan torpağı olan Dərbəndə də aiddir. Ona görə də Putinin son açıqlamasını özünə iadə etsək, bunun Azərbaycana aiddiyyatı yoxdur, Azərbaycanın ərazisində “rus torpaqları” yoxdur, əksi var…”
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Rossiya 1” telekanalına  “Moskva. Putin. Kreml” verilişinə açıqlamasında  “bu və ya digər respublika Sovet İttifaqının tərkibinə daxil olanda öz baqajına xeyli Rusiya torpaqlarını almışdı, sonra qəflətən SSRİ-ni tərk etmək qərarına gələndə elə etmək lazım idi ki, gələnə qədərki torpaqlarıyla da ittifaqdan çıxsın”,-deyə bildirib. (qaynarinfo)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password