Haftar Türkiyə və Yunanıstan arasındakı gərginliyi qızışdırmağa çalışır – POLİTOLOQ

Xəlifə Haftara bağlı Tobruk məclisi Liviya Milli Barışıq Hökumətinin başçısı Fayez Sərracı devirəcəklərini və bundan sonra Türkiyə ilə imzalanan iqtisadi müqaviləni ləğv edəcəklərini bəyan edib. Həmçinin, məclis Türkiyə ilə ləğv ediləcək müqavilənin eynisinin Yunanıstanla imzalanacağını ifadə edib.

“Haftarın bu mövzularda danışdığı fikirlər boşboğazlıqdan başqa heç nəyə yaramır”.

Bunu məsələ ilə bağlı açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Politoloq bildirib ki, Xəlifə Haftar həddindən artıq mübaliğəyə yol verir:

“Onun özünün vəziyyəti kifayət qədər ağırdır. BMT-nin tanıdığı hökumət bir-birinin ardınca uğurlar qazanır və Liviya üzərindəki suverenliyini daha geniş ərazilərə yayır. Burada Türkiyənin yardımını və NATO-nun mənəvi-siyasi dəstəyini qeyd etməliyik. Haftarın Misirin qiyamçı generalı və başçısı ilə görüşü ona bu nitqi etməyə müəyyən ruh yüksəkliyi verib. Amma hamıya məlumdur ki, nə Birləşmiş Ərəb Əmirlikləri, nə də Misir Haftarı hakimiyyətə gətirəcək gücdə deyil. Üstəlik də ABŞ başda olmaqla NATO-nun bütün dövlətləri Türkiyənin Liviyadakı hərbi əməliyyatlarına dəstək verir və lazım gəldikdə bu işə qoşulacaqlarını da bəyan edirlər. Fransanın istisna olduğunu qeyd etməliyik. Belə görsənir ki, Liviyanın qanlı vətəndaş müharibəsindən qurtarması perspektivi o qədər də uzaqda deyil. Ona görə də qoca, halsız Haftar kimlərinsə dili ilə Türkiyəyə hədələr göndərir”.

Q.Hüseynli hesab edir ki, Haftar Türkiyə və Yunanıstan arasındakı qarşıdurmanı daha da gərginləşdirməyə çalışır:

“Türkiyə onsuz da belə avantüralara gedən deyil. Yunanıstanın isə Türkiyəyə qarşı hər hansı savaş açmaq potensialı yoxdur. Heç buna NATO da imkan verməz. Türkiyənin özü də lazım gələndə rəsmi Afinanı yerində oturtmağı bacarır. Bu nöqteyi-nəzərdən demək olar ki, Haftarın yeni hakimiyyət quracağı və Türkiyə ilə müqavilələri ləğv edəcəyi fikirləri xülyadan başqa bir şey deyil. Liviyada hadisələrin gedişində kəskin dönüş əmələ gəlib. Liviyanın BMT tərəfindən tanınan hökuməti hətta Rusiya ilə dil tapmağa çalışır. Bu istiqamətdə Moskvaya gedən xarici işlər naziri müəyyən pozitiv nəticələrə nail olub. Belə görünür ki, beynəlxalq rəy ciddi surətdə Milli Barışıq Hökumətinin tərəfinə dönməkdədir. Üstəlik də bu hökumətin həyata keçirdiyi “Qəzəb vulkanı” hərbi əməliyyatları bir-birinin ardınca uğurlar qazanır”./publika.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password