Elxan Şahinoğlu: Türkiyə və Rusiya hərbçilərinin bir-birini hədəf götürməsinin risqi getdikcə artır
Suriyada baş verən son prosesləri politoloq Elxan Şahinoğlu şərh edib.
Açıqlamasında Elxan Şahinoğlu Türkiyə və Rusiya hərbçilərinin bir-birini hədəf götürməsinin risqi getdikcə artırdığını bildirib:
“AZƏRBAYCAN ÜÇÜN DƏ RİSQ VAR
Kreml sahibi elə bilirdi ki, Türkiyə İdlibin əldən getməsinə görə Rusiya ilə münasibətlərin gərginləşməsinə getməyəcək, böyük layihələri risqə atmayacaq. Kreml bu hesabla əlaltısı Bəşər Əsədə “İdlibə hücuma başla” əmrini verdi. Ancaq Türkiyə geri çəkilmədi, verdiyi şəhidlərin əvəzini çıxdı. Kremlin hesabları yanlış çıxdı. Türkiyə ordusunun İdlib ətrafını tərk etməsi mümkün görünmür. Çünki, bu halda iki hadisə baş verəcəkdi. Birinci hadisə o olacaqdı ki, Türkiyənin illərdir formalaşdırdığı Suriya Azadlıq Ordusu Rusiya və Əsəd gücləri qarşısında məhv olacaqdı. İkinci hadisə isə o olacaqdı ki, İdlibin 3 milyonluq əhalisi borbardmdan Türkiyə sərhəddinə yışışacaqdı. Bu iki hadisə baş verməsin deyə Türkiyə ordusu İdlibi sonadək qorumağa və Əsəd ordusuyla genişmiqyaslı müharibəyə başlamağa qərar verdi.
Hadisələr bundan sonra necə inkişaf edə bilər?
Rusiya böyük risq içində olduğunu anlayır. Kreml anlayır ki, İdlib səmasında təyyarəsi və ya helikopteri vurulsa Türkiyənin mövqelərinə zərbə vuracaq. Bu isə faktiki Türkiyə-Rusiya müharibəsinin başlanmasına səbəb olacaq. Hələ ki, həm Türkiyə, həm də Rusiya hərbçilərinin toqquşma risqinin qarşısını almağa çalılışırlar. Türkiyə yalnız Əsəd ordusunun mövqelərini hədəf götürüb. Rusiya hərbiçiləri də çalışırlar ki, Türkiyə ordusunun dislokasiyası haqqında əvvəlcədən məlumatı olsunlar ki, toqquşma baş verməsin.
Buna baxmayaraq, vəziyyət o həddə çatıb ki, Türkiyə və Rusiya hərbçilərinin bir-birini hədəf götürməsinin risqi getdikcə artır. Kreml sahibi Vladimir Putin martın 5-də türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşə maraq göstərmirdi. Ancaq Türkiyə ordusunun verdiyi şəhidlər qarşılığında hücuma başlaması Putini mövqeyindən geri çəkilməyə və Ərdoğanla görüşməyə həvəsləndirə bilər. Yəni hardan baxsaq, birinci addımı Putin atmalıdır.
Putin Əsədə “dur” əmri versə İdlib ətrafında yenidən atəşkəsə nail olunacaq. Yox əgər Putin macərapərəst siyasətini davam etdirib Əsəd ordusunun İdlibi ələ keçirmək siyasətini dəstəkləsə, bu halda Türkiyə-Rusiya qarşıdurması qaçılmazdır. Bu isə Avrasiya bölgəsi üçün böyük fəlakətə səbəb olacaq. Azərbaycan da bu prosesdə kənar qala bilməyəcək, müttəfiqi ilə tərəfdaşı arasında seçim etmək məcburiyyətində qalacaq. Rusiya Türkiyənin bölgədəki müttəfiqlərini hədəf götürərək onlara təzyiqi artırmağa çalışacaq. Türkiyənin bölgədəki əsas və tək müttəfiqi isə Azərbaycandır”.