BSU-da 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib

Dekabrın 29-da Bakı Slavyan Universitetində (BSU) 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram tədbiri keçirilib. 

Bu barədə Aktualinfo.org-a universitetin Mətbuat xidmətindən məlumat verilib.Tədbirdən əvvəl iştirakçılar xalqımızın ümummilli lideri Heydər Əliyevin BSU-da yerləşən büstü önünə əklil və gül dəstələri qoyaraq xatirəsinə ehtiramlarını ifadə ediblər. Sonra tədbir BSU-nun Akt zalında davam edib. 

Tədbiri giriş sözü ilə açan BSU-nun rektoru, professor Nurlana Əliyeva universitetin professor-müəllim heyətini və tələbə kollektivini 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, onlara ən xoş, ən gözəl arzularını çatdırıb. Rektor Nurlana Əliyeva qeyd edib ki, 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü artıq 28 ildir ki, respublikamızda geniş  qeyd edilir. Bu gün yalnız müstəqil Azərbaycan Respublikasında yaşayan soydaşlarımızın deyil, eləcə də bütün dünyada yaşayan 50 milyondan çox həmvətənlərimizin ən əziz bayramlarından biridir. Çünki ümummilli bayram kimi qeyd etdiyimiz bu günün məzmun və mahiyyətində xalqımıza, millətimizə mənsubluq, ulu öndərimiz Heydər Əliyevin müstəqil dövlətimizin milli ideologiyası kimi rəsmiləşdirdiyi azərbaycançılıq ideologiyasına və yüksək milli-mənəvi dəyərlərimizə sədaqət hissi dayanır. Rektor çıxışında bildirib ki, vidalaşmağa hazırlaşdığımız 2019-cu il Azərbaycan Respublikasının  Prezidenti möhtərəm cənab İlham Əliyevin müdrik daxili və xarici siyasəti nəticəsində  xalqımız, dövlətimiz, o cümlədən üniversitetimiz üçün də çox uğurlu olmuşdur. 

Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev, sədr müavini, polis polkovnik-leytenantı Abbas Hüseynov BSU-nun rektoru, professor Nurlana Əliyeva müharibə veteranlarına, müharibə əlillərinə şəhid ailələrinə və onların ailə üzvlərinə göstərdiyi həssas və qayğıkeş münasibətinə  görə və AVMVİB-nin 25 illik yubileyi münasibətilə İctimai Birliyin Fəxri Fərmanını və medalını təqdim edərək ona və universitetin kollektivinə yeni-yeni uğurlar arzulayıblar. 

Rektor Nurlana Əliyeva onun fəaliyyətinə verilən yüksək qiymətə görə AVMVİB-nin rəhbərliyinə təşəkkür edib, şəhid ailələrinə, Qarabağ müharibəsi iştirakçılarına, məcburi köçkünlərə və bu qəbildən olan bütün vətəndaşlara dəstək verilməsinin hər bir azərbaycanlının müqəddəs mənəvi borcu olduğunu vurğulayıb. 

Sonra 2019-cu il BSU-da keçirilmiş mədəni-kütləvi tədbirləri əks etdirən videoçarx nümayiş etidirilib. 

Tədbirdə 2019-cu ildə universitetin tədris, elmi və ictimai həyatında səmərəli fəaliyyət göstərdiklərinə görə bir qrup tələbəyə  təşəkkürnamə təqdim olunub. 

Daha sonra tədbir geniş və maraqlı konsert proqramı ilə davam edib. Proqramda Yeni ilin personajları olan Şaxta baba və  Qar qızın çıxışları, universitetin “Arzu” rəqs ansamblının təqdim etdiyi rəngarəng rəqs çələngi, Azərbaycan Dövlət Akademik Musiqili Teatrın solisti Şaban Cəfərovun ifasında popuri, “Slavyanoçka” qrupunun Ukrayna dilində çıxışı, “Nur” vokal qrupunun ifasında musiqi nömrələri hamıda yüksək əhvali-ruhiyyə yaradıb. 

Sonda tələbə və müəllimlər Yallı rəqsini ifa edib, xatirə şəkli çəkdiriblər.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password