“Bu qətnamə ilə təkcə Ərdoğan deyil, Tramp da cəzalandırıldı…” (EKSPERT)

“Amerika Konqresi həm Türkiyə, həm də Azərbaycanla münasibətlərə zərər vurur”.

Bu sözləri Atlas Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu ABŞ Nümayəndələr Palatasının “erməni soyqırımı”nın tanınması ilə bağlı qərarına münasibətində deyib.

Politoloq ABŞ-in Türkiyənin PKK-ya qarşı başladığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalamasından narahat olduğu üçün erməni lobbisi ilə birləşdiyini bildirib: “Amerika Birləşmiş Ştatları Konqresinin Nümayəndələr Palatası oktaybrın 30-da gözlənilmədən “erməni soyqırımını” tanıyan qətnamə qəbul etdi. Bu gözlənilməz idi. Çünki, adətən “erməni soyqırımı” ilə bağlı məsələlər barədə əvvəlcədən məlumat verilir. Bu dəfə isə belə olmadı.

Aydındır ki, Konqresin Nümayəndələr Palatası Türkiyənin bölgədə fəal rolundan narahatdır. Türkiyənin Suriyada terrorçu PKK təşkilatının uzantılarına qarşı başladığı hərbi əməliyyat və Rusiya ilə anlaşma imzalaması Amerikadakı siyasi dairələri narahat etdi. Ona görə də konqresmenlər Amerikadakı erməni lobbisi ilə birləşərək Türkiyə əleyhinə qətnamə qəbul etdilər.

Bu qətnamə yalnız Türkiyə və bu ölkənin prezidenti Rəcəb Təyyub Ərdoğanın əleyhinə deyil. Konqres bu qətnamə ilə həm də prezident Donald Trampı cəzalandırdı. Tramp Türkiyə ilə yaxşı münasibətlərin tərəfdarıdır. Tramp Ərdoğanı noyabr ayının əvvəllərində Vaşinqtona rəsmi səfərə dəvət edib. Ancaq Nümayəndələr Palatasının qərarından sonra Ərdoğanın Amerikaya səfəri sual altında qaldı.

Türkiyəyə və Ərdoğana qarşı yalnız demokratlar çıxış etmirlər. Türkiyə və Ərdoğana qarşı siyasətdə demokratlara respublikaçıların bir qismi də dəstək verir. Məsələn qətnamənin lehinə 405 nəfər səs verib, əleyhinə cəmi 11 nəfər olub. Bu isə o deməkdir ki, demokratlar Türkiyəyə qarşı respublikaçılarla birgə hərəkət ediblər.

Senat respublikaçıların nəzarətindədir. Mümkündür ki, Donald Tramp Senata müraciət etsin ki, Nümayəndələr Palatasının qəbul etdiyi “qətnamə” təsdiq edilməsin. Ancaq əgər Nümayəndələr Palatasındakı respublikaçıların böyük əksəriyyəti “erməni soyqırımı” qətnaməsini qəbul ediblərsə, Senat Trampın çağırışını eşitməyə də bilər”.

Elxan Şahinoğlu onu da qeyd edib ki, “erməni soyqırımı” qətnaməsinin qəbul olunmasında Amerikadakı yəhudi lobbisinin də rolu olub: “Amerikada yəhudi lobbisi erməni lobbisindən güclüdür. Keçmiş illər olsaydı, yəhudi lobbisi Türkiyə əleyhinə olan qətnamənin qəbuluna imkan verməzdi. Ancaq son illər Türkiyə ilə İsrail arasındakı münasibətlər gərginləşib. Ona görə də Türkiyə Amerikadakı yəhudi lobbisinin dəstəyini itirib və yəhudi lobbisi erməni lobbisinin Türkiyə əleyhinə fəaliyyətinə mane olmur, bəzi hallarda isə dəstək verir.

Nə vaxtsa Senat da “erməni qətnaməsini” təsdiq edəcək və hansısa demokrat prezident Türkiyənin əleyhinə həmin “qətnaməyə” imzasını atacaq. Bundan Türkiyə uduzmayacaq, uduzan Amerika olacaq. Amerika onsuz da Avrasiyanın əsas dəvlətlərindən birini – keçmiş müttəfiqi Türkiyəni sürətlə itirir. Bu gedişlə Türkiyə Rusiya və Çinə daha çox yaxınlaşacaq. Amerika Türkiyəyə raket satmır, Türkiyə raketi Rusiyadan alır, Amerika Türkiyə ilə imzaladığı anlaşmanın əleyhinə olaraq hərbi təyyarələri satmaq istəmir, Türkiyə oxşar təyyarələri yenə ya Rusiyadan alacaq, ya da bir neçə il sonra özü istehsal edəcək.

Bu azmış kimi ermənpərəst Konqresə erməni separatçılarının “xarici işlər naziri” də dəvət olunub. Əlbəttə, Türkiyədən fərqli olaraq Azərbaycanın Birləşmiş Ştatlarla münasibətləri soyuq deyil. Ancaq bu gedişlə Amerika Konrqesi Azərbaycanı da alternativ yollara baş vurmağa məcbur edəcək. Amerika Konqresi dünyanın yeganə parlamentidir ki, Dağlıq Qarabağ separatçılarına hər il maliyyə yardımı ayırır.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password