Dövlətin kəndlilərə etdiyi dəstək – Xərc yarıbayarı azaldıldı

Koronavirus pandemiyasının iqtisadiyyata vurduğu ziyanı minimuma endirmək üçün hökumətin atdığı addımlara müxtəlif yanaşmalar olsa da, prinsip etibarilə görülən tədbirlər müsbət qarşılanıb. 

Xatırladaq ki, Tədbirlər Planı Nazirlər Kabinetinin 4 aprel 2020-ci il tarixli sərəncamı ilə təsdiq edilib. Tədbirlər Planına əsasən, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətillərinin verilməsi nəzərdə tutulur.

Bu sırada kənd təsərrüfatı sahəsi də var. Tədbirlər Planına əsasən aqrar sektorda çalışanların sosil yükünün azaldılması nəzərdə tutulur. Mövcud qanunvericilikdə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin torpaq sahəsinin az və ya çox olmasından asılı olmayaraq, sabit olaraq hər bir əmək qabiliyyətli ailə üzvünə görə minimum əməkhaqqının 6 faizi miqdarında baza sosial sığorta haqqı nəzərdə tutulur. Minimum aylıq əməkhaqqı məbləğinin 250 manat məbləğinədək artırıldığını nəzərə alsaq, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər aylıq 60 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəməlidir.

Sosial sığorta qanunvericiliyinə təklif edilən dəyişikliklərdə isə mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin ailə üzvlərinin hər biri üçün məcburi dövlət sosial sığorta haqqı, torpağın sahəsindən asılı olaraq, minimum aylıq əməkhaqqının aşağıdakı dərəcələrdə hesablanması nəzərdə tutulur:

– 5 hektaradək olduqda – 2 faiz miqdarında;

– 5 hektardan 10 hektaradək – 6 faiz miqdarında;

– 10 hektardan yuxarı – 10 faiz miqdarında.

Yəni, məsələn, 5 hektaradək torpaq sahəsi və 4 nəfər ailə üzvü olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslər adambaşına aylıq 5 manat məbləğində, cəmi ailə üzvləri isə 20 manat məbləğində məcburi dövlət sosial sığorta haqqı ödəyəcək.

Dəyişikliklərdə həmçinin torpaq mülkiyyətçiləri tərəfindən sosial sığorta hesabatının verilməsinin sabit qəbzlə əvəzlənməsi də nəzərdə tutulur.

Ekspertlər hesab edir ki, kənd təsərrüfatı sahəsinə diqqət yetirlməsi indiki vəziyyətdə olduqca vacibdir və hökumətin aqrar sektoru qorumaq niyyəti yüksək qiymətləndirilməlidir. Yada salaq ki, hələ manatın birinci devalvasiyası zamanı aqrar sektora diqqət artırılmışdı.

O zaman bu hökumətin post-neft dövrünə hazırlığı kimi dəyərləndirilirdi. Qısa zaman kəsiyində aqrar sektorda canlanma baş verdi. Bu proses həm də əyalətlərin boşalmasının qarşısını qismən aldı.

İndi aqrar sektorla bağlı güzəştlərin tətbiq edilməsi bu sahənin inkişafını daha da sürətləndirə bilər. İqtisadiyyatın əsas istiqamətlərindən olan kənd təsərrüfatının inkişafı isə ölkənin iqtisadı potensialının artmasına səbəb olacaq. Neftin ucuzlaşması və dünyada iqtisadi böhranın yaşanması fonunda bu həyati vacib məsələdir. Güman ki, hökumət bu tədbirlərlə kifayətlənməyəcək. Ekspertlər də iqtisadiyyatı dirçəltmək üçün islahatların davamlı olacağını ehtimal edirlər./yenisabah.az/

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password