İyirmi üç milyon manat hara qeyb oldu – Alayarımçıq statistika

“Son siyahıyaalma zamanı bir çox evlərə baş çəkilmədiyi və araşdırma aparılmadığı ortaya çıxdı. Prezidentin sözlərinə görə, işsizlərin sayı ilə bağlı dəqiq məlumat yoxdur. Bu, 190 manatlıq birdəfəlik ödəmələr zamanı da özünü göstərib. Bu, çox ciddi bir problemdir və araşdırılmalıdır”.

Bu barədə yerli mətbuata açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov danışıb. Bildirib ki, Prezidentə yalan məlumat verənlər cəzalandırılmalıdır.

Bundan başqa, Prezidentin çıxışından məlum oldu ki, uzun illərdir sual doğurmayan işsizlərin sayının 5% olması barədə qeyri-dəqiq məlumatlara görə məsuliyyət Dövlət Statistika Komitəsinin də üzərinə düşür. Üstəlik, bu qurum ötən ilin oktyabr ayında ümumi siyahıyaalma apardı və əgər siyahıyaalma ölkədə düzgün aparılsaydı, digər ərazilərdə də dəqiqləşdirmə aparmaq çətin olmayacaqdı. Həqiqətən, bütün bu müddətdə işsizlərin sayının 5% olduğu iddia olunurdusa, birdəfəlik yardım üçün müraciət edən vətəndaşların sayının bu qədər çox olması haradan meydana gəldi?

Koronavirus bizə yalnız karantini deyil, həm də bir-biri ilə bağlı olan digər problemləri yaşatdı. Elə qeyd etdiyimiz rəsmi işsizlik göstəricisinin yalan çıxdığı kimi. Bu məsələ, həm də Baş Nazirin keçmiş müavini Əli Həsənovun 2020-ci ilin sonuna qədər Azərbaycanda işsiz qalmayacağına dair açıqlamasını xatırladır. Lakin di gəl ki, vəziyyət tam tərsinəymiş.

Bu tədbirlərin mahiyyətini başa düşməyənlər üçün qeyd edirik ki, ölkədə elan olunan işsizlik səviyyəsinə baxmayaraq, məşğulluq mərkəzlərində qeydiyyatda olan azərbaycanlıların sayı bundan bir neçə dəfə az idi. Beləliklə, bu ilin yanvar ayı üçün cəmi 81,3 min nəfərin olduğunu hesabladılar. Beləliklə, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi (ƏƏSMN) qalan 118,7 min adamı tələsik yığmalı oldu. Üstəlik, işsizlik statusu üçün müraciət edənlərin qarşısına qoyulan tələblər ağırlaşdırıldı. Çünki, əks halda, ƏƏSMN-in qeydiyyatından daha çox adam keçə bilərdi.

Xoşbəxtlikdən, vəziyyət işsizlərin sayının üç dəfə – 600 min nəfərədək artırılması barədə göstəriş verən dövlət başçısının müdaxiləsi ilə həll olundu. Ali siyasi rəhbərliyin bu insani addımı ilə yanaşı, bu sual hələ də açıq qalır: Real işsizlik statistikası nəyi göstərir?

Vəkil Aslan İsmayılov da sosial şəbəkə hesabında məsələyə münasibət bildirib: “Koronavirus bir çox problem sahəsini ortaya çıxardı. Ancaq ən əsası, Dövlət Statistika Komitəsinin işçilərinə illərdir maaş verilir və bu qurum isə saxta rəqəmlər təqdim edir. Millət vəkili Vahid Əhmədov ötən ilin payızında keçirilən əhalinin siyahıyaalınmasının nəticələrinə istinadən ciddi problemlərdən danışdı. Ortada ciddi problem var”.

Göründüyü kimi, işin ucu yenə gedib siyahıyaalınmaya çıxır. Alayarımçıq və həqiqətdən uzaq rəqəmlərə dayanır. Bəs, bu, niyə baş verdi və siyahıyaalınma üçün büdcədən ayrılan 23 milyon manat hara yoxa çıxdı? Vətəndaş cəmiyyətinin nümayəndələri yarım il əvvəl hərtərəfli araşdırmanın zəruriliyindən danışdılar, siyahıyaalmanın düzgün aparılmadığını, prosesin hər kəsə şamil edilmədiyini bildirdilər…

Milli Məclisin deputatı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov AYNA-ya deyib ki, vəziyyətin ətraflı araşdırılması tələb olunur: “İnsanların sayı, onların ölkə ərazisində necə yerləşməsi barədə məlumatlar, eləcə də digər məlumatlar ölkənin sosial-iqtisadi inkişaf perspektivlərini müəyyənləşdirmək üçün böyük əhəmiyyətə malikdir. Digər sözlə, siyahıyaalma təkcə statistik bir nəticə deyil, həm də iqtisadi və sosial proqnozlaşdırma üçün bir vasitədir”. //AYNA.AZ//

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password