ŞAMAXI RAYON İCRA BAŞÇISININ TƏZƏ MÜAVİNİNİN DOSYESİNDƏKİ MÜƏMMALAR

Bir neçə gün öncə redaksiyamızın elektron poçtuna  Elxan İbrahimovun Şamaxı Rayon İcra Hakimiyyəti başçısının müavini təyin olunması xəbərini ehtiva edən məktub daxil olub. Şamaxı RİH–nin e-mail ünvanından göndərilmiş məktubda bildirilirdi:
“Şamaxı Rayon İcra Hakimiyyətində yeni təyinat olub. Rayon icra hakimiyyətinin başçısı Tahir Məmmədovun sərəncamı ilə Elxan Oqtay oğlu İbrahimov başçının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri təyin edilib. Azərbaycan Kooperasiya Universitetində təhsil alan Elxan İbrahimov sonradan təhsilini İsveçin Stokholm İqtisadiyyat Məktəbində davam etdirib, rus və ingilis dillərində sərbəst danışır. Əvvəllər ölkəmizdə bir neçə holdinqdə iqtisadiyyat və maliyyə işləri üzrə rəhbər vəzifələrdə çalışıb. Ailəlidir, 3 övladı var. Qeyd edək ki, Elxan İbrahimov əslən şamaxılı, sovetlər dövründə tanınmış katiblərdən olan, o cümlədən Şamaxıda ikinci katib, Bərdə, Ağdaş, Daşkəsən və Goranboy rayonlarında isə birinci katib vəzifəsində işləmiş Xəlfə İbrahimovun nəvəsidir”.

Az sonra yenə həmin ünvandan növbəti, amma qısa məktub gəldi: “Xahiş edirik, məlumatda yalnışlıq olduğu üçün xəbəri hələ yayımlamayasınız. Tezliklə sizə əlavə məlumat verəcəyik. Hörmətlə, Şamaxı Rayon İcra Hakimiyyəti”.
Üstündən iki gün keçməsinə baxmayaraq, Şamaxı RİH hələ də dəqiqləşdirəcəyini vəd etdiyi xəbəri redaksiyamıza çatdırmamışdır. Odur ki, ilkin informasiyanı nəzərdən keçirib səhvin nədən ibarət ola biləcəyini təxmin etməyə çalışdıq və maraqlı nüanslar aşkar etdik.
İlk sətirlərdən diqqətimizi Elxan İbrahimovun Azərbaycan Kooperasiya Universitetində (AKU) təhsil alması oldu. Ölkə ictimaiyyətinə AKU-nun reytinqinin və bu ali təhsil müəssisəsinə daxil olmaq üçün tələb olunan minimum keçid balının (200) aşağı olduğu yaxşı məlumdur. Həmçinin, o da məlumdur ki, yüksək bal toplayanlar əsla bu universiteti seçməyə meylli deyillər. Odur ki, AKU-nun məzunu olması E.İbrahimovun karyerasına bəzək kimi nümayiş etdirilməyə yaramır. Yəqin, özü də bunu yaxşı bildiyindən,  təhsilini davam etdirmək üçün Stokholm İqtisadiyyat Məktəbini seçib.
Araşdırmamız nəticəsində məlum oldu ki, Stokholm İqtisadiyyat Məktəbinin Riqada (Latviya) və Sankt-Peterburqda (Rusiya) da filialları vardır. Şamaxı RİH-nin təqdim etdiyi bioqrafiyada E.İbrahimovun məhz hansı filialdan söhbət getdiyi bilinmir. Stokholm İqtisadiyyat Məktəbinin postsovet məkanındakı filialllarında tədrisin səviyyəsini müzakirə etmək niyyətindən uzağıq. Sadəcə, bilmək maraqlı olardı ki, Azərbaycanda oturub həmin filiallarda qiyabi, yaxud, distant təhsil almaq mümkündür, ya yox.
Diqqətəlayiq daha bir məqam RİH-nin tərtib etdiyi tərcümeyi-halda E.İbrahimovun mərhum babası haqda zəngin məlumatın önə çıxarılması, qabardılmasıdır. Sanki mesaj vermək istəyirlər ki, E.İbrahimov “öz şamaxılımızdır”, eynən genini daşıdığı babası kimi rayon rəhbərliyində yüksək vəzifə tutmağa layiqdir. Belə olan halda haqlı bir sual doğur:Babası vəzifədə işləyibsə bu da hökmən vəzifədə işləməlidirmi?
Ən nəhayət, E.İbrahimovun hazırki vəzifəsinə RİH başçısının məhz sərəncamı(!) ilə təyin olunması məsələsi də absurddur. Məsələ burasındadır ki, icra hakimi kadrın işə qəbulunu sərəncamla deyil, əmrlə həyata keçirə bilər. Həmin “sənədin” adı “kötük”də sərəncamdırsa –  bu, sənədə imza atan şəxsin (bizim misalda RİH başçısı Tahir Məmmədovun), əmrdirsə- redaksiyaya göndərilən məktubun tərtibçisinin səhvi, daha dəqiq desək, savadsızlığıdır.
Xatırladaq ki, Rayon İcra Hakimiyyətlərinin fəaliyyəti əsasən Azərbaycan Respublikasının Konstitusiyası və Prezident fərmanı ilə təsdiq edilən Yerli icra hakimiyyətləri haqqında Əsasnamə ilə tənzimlənir. Rayon İcra Hakimiyyətlərinin başçıları Prezident sərəncamı ilə vəzifəyə təyin edilir və vəzifədən azad edilir. Yerli icra hakimiyyəti başçısının müavinlərini Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri ilə, Naxçıvan Muxtar Respublikasında isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri ilə razılaşdırmaqla, müvafiq yerli icra hakimiyyətinin başçısının əmri ilə vəzifəyə təyin və vəzifədən azad edilir.(mediatv.az)

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password