İran tənəzzül dövrünü yaşayır – Politoloq
“İran dünyanın aparıcı neft ölkələrindən biri sayılsa da, hazırda iki böyük çətinliklə üzləşib. Birincisi, neftin qiyməti xeyli aşağı düşüb və ölkənin gəliri azalıb. İkincisi, İran Amerikanın sanksiyalarına görə ucuzlaşmış neftini də satmaq üçün bazarlar tapmaqda çətinlik çəkir. Bunların üstünə İranda koronavirusun geniş yayılmasını da əlavə etsək, qonşu dövlətin hansı ağır durumla üzləşdiyi bəlli olar”.
Bu sözləri politoloq Elxan Şahinoğlu deyib. Onun sözlərinə görə, virusun qonşu ölkədə geniş yayılması İran rəsmilərinin səhvi üzündən abş verib: “Virusun İranda yayılmasının mənbəyi Qum şəhəri olub. Tehranın səhvi virus yayılan günlərdə Qum şəhərini karantin altına almaması idi. Rəsmi Tehran bununla bağlı Ankaranın çağırışını qulaqardına vurub. Halbuki, Türkiyənin səhiyyə naziri iranlı həmkarı ilə telefon danışığında Qum şəhərini vaxt itirmədən karantin altına alınmasını rica etmişdi. Tehran nəinki Qumu karantin altına aldı, İranda geniş qeyd edilən Novruz bayramı günlərində milyonlarla insanın bayramlaşmasına və ölkə ərazisində daxili yerdəyişmələrinin qarşısını almadı. Bunun nəticəsidir ki, hər gün İranda yüzlərlə insan həlak olur. Tehran vəziyyətin nəzarədən çıxdığını anladıqdan sonra karantin tədbirlərini ciddiləşdirib. Ancaq hələ ki, virusun miqyasını azaltmaq müvəffəq olmayıb”.
Politoloq qeyd edib ki, İran Amerikanın sanksiyalarına görə aşağıdakılardan məhrumdur: “Birincisi, sanksiyalara görə İran koronavirusla mübarizədə gərəkən maliyyəyə malik deyil. Amerika İranın öz mallarını ixrac etmə imkanlarını məhdudlaşdırıb. ABŞ sanksiyalarına görə İrana yatırım edən ölkələrin və şirkətlərin sayı xeyli azdır. Bu səbəbdən İran iqtisadiyyatı tənəzzül içərisindədir. İkincisi, ABŞ sanksiyaları İrana gərəkli dərman və tibbi ləvazimatlar almağa mane olur. Məsələ burasındadır ki, Amerika sanksiyaları İranın bank sektorunu iflic edib. Bank sektoru başqa ölkələrə pul köçürə bilmirsə, xarici ölkələrdən dərman və tibbi avadanlıqlar almaq mümkün deyil. ABŞ sanksiyalarından çəkinən Avropanın aparıcı dərman və tibbi avadanlıqlar istehsal edən şirkətləri İrana öz məhsullarını satmaqdan ehtiyat edirlər”.