Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir
Azərbaycanda prokurorlara yeni səlahiyyətlər verilir.
Bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, “Məşğulluq haqqında” qanunun 4.6-4.8-ci maddələrinin tələblərinin dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən pozulduğu hallarda inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar prokuror tərəfindən qəbul ediləcək.
Müzakirələrdən sonra təklif səsə qoyularaq qəbul edilib.
Qeyd edək ki, 4.6-cı maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) məşğul şəxslər barəsində bu Qanunun 4.4.2-ci, 4.4.4-cü, 4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci və 4.4.10-cu maddələrinə uyğun olaraq təqdim edilmiş məlumatları həmin məlumatlar təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində məşğul şəxslərin reyestrinə daxil etməlidir.
4.8-ci maddəyə əsasən isə, bu Qanunun 4.4.1-ci, 4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu maddələrində nəzərdə tutulmuş məlumatlar məşğul şəxslərin reyestrinə inteqrasiya olunmuş dövlət orqanlarının və digər qurumların apardığı elektron informasiya sistemləri vasitəsilə ən geci 1 (bir) ay müddətində daxil edilir.