Baş infeksionist – “Daha sərt qaydalar tətbiq oluna bilər “

“Tətbiq olunan qaydalar haqqında hər birimizin məlumatı var. İnsanlar vəziyyətə qarşı səhlənkar yanaşırlar. Qaydalara riayət etməyənlər üstünlük təşkil edir, buna barmaqarası baxırlar. Məhz bu insanlara qarşı sərtləşdirilmiş tədbirlərin tətbiqi gərəklidir”.

Bu sözləri açıqlamasında ölkənin baş infeksionisti Cəlal İsayev deyib.

O hesab edir ki, əhalinin karantin rejiminə laqeydliyi davam edəcəyi halda, qaydaların sərtləşdirilməsi gözlənilir:

“Dünyada koronavirusla mübarizə tədbirləri iki qrupa ayrıldı: hadisənin baş verib, sonra tədbir görülməsi və hadisədən əvvəl tədbirlərin görülməsi. Bu günə qədər Azərbaycanda aparılan tədbirlərin hamısı önləyici olub, hadisələrin qarşısının alınmasına yönəlib. Qabaqlayıcı tədbirlərin bu istiqamətdə aparılması daha məqsədyönlüdür, nəinki sonradan tətbiq olunması. Proses izlənilir, ehtiyac olduğu təqdirdə, daha sərt qaydalara keçid olacaq”.

Koronavirusun 27-37 dərəcədə məhv olması barədə səslənən fikirlərə aydınlıq gətirən infeksionist bildirib ki, havanın isinməsinə arxayın olmamalıyıq: “Hazırda yayılan koronavirusun yeni növüdür və tədqiqatlar davam edir. Araşdırmalar göstərir ki, COVID-19 50-60 dərəcədə məhv ola bilir. Havaların isinməsi virusun yayılmasına müəyyən qədər təsir göstərəcək. Lakin orqanizmdə infeksiya varsa, başqasına keçmə ehtimalı qalır. Açıq havaya düşən virusların orada qalma müddəti isti havalarla bağlı azalacaq. Əgər infeksiya insanlar arasında dövr edərsə, təhlükə qalmaqda davam edəcək”.

Maskaların qoruyuculuğu barədə səslənən fikirlərə birmənalı münasibət bildirən Cəlal İsayev əlcəklərin infeksiya ilə mübarizədə rolundan da söz açıb: “Əsasən xəstə insanlar, o cümlədən, işi ilə əlaqədar evdən məcburi çıxanlar cəmiyyət arasında, ictimai nəqliyyatda mütləq şəkildə maska taxmalıdırlar. Əlcəklərdən adi insanların istifadəsini məsləhət görmürəm. Əlcəkləri həkimlər, laboratoriya işçiləri, müəyyən peşə sahibləri istifadə etməlidir. Adi insanlar əlcəkdən istifadəsi əlin tərləməsinə, virusun oraya keçmə ehtimalının artmasına səbəb olur. Əlləri yuyub, dezinfeksiya edici məhluldan istifadə olunması kifayətdir”.

Cəlal İsayev əhalidən panikaya düşmədən məsələyə ciddi yanaşmalarını tələb edib: “Bir var xəstələrin müalicəsi, bir də var xəstəlik mənbəyi. Xəstəliyə qarşı ən yaxşı mübarizə onun profilaktikasıdır. Təşvişə düşməyən ehtiyac yoxdur, səhlənkarlıq etməməliyik. Bizim, yaxınlarımızın sağlamlığından söhbət gedirsə, bu işə çox ciddi yanaşılıb, tövsiyələrə əməl olunmalıdır”.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password