“Məhkəmənin qərarına hörmətlə yanaşmalıyıq”- səfir Erkan Özoral
Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral “Palmali” şirkətlər qrupunun rəhbəri Mübariz Mənsimovun həbs edilməsinə münasibət bildirib.
Səfir Erkan Özoral açıqlamasında deyib ki, Mübariz Mənsimovun məhkəmə qərarı ilə Türkiyədə həbs edilməsi məsələsinə hörmətlə yanaşıb, prosesin yekun nəticəsini gözləmək lazımdır:
“Türkiyə hüquqi və demokratik dövlətdir. Mübariz Mənsimovla bağlı ədalətli qərarı yalnız məhkəmə verə bilər. Hazırda onunla bağlı işə məhkəmə baxır. Məhkəmənin qərarına hər hansı şərh verməyimiz düzgün olmazdı. Son qərarı məhkəmə verir. Cinayətkar olub olmadığına da bu prosesin sonunda yenə məhkəmə qərar verəcəkdir”.
Səfir Mübariz Mənsimova görə narahat olan insanları, bu vəziyyətdən sui-istifadə etmək istəyənlərə qarşı diqqətli olmağa çağırıb.
Bu gün Bakıda bir qrup şəxsin Türkiyənin Azərbaycandakı səfirliyi önündə Mübariz Məsimova dəstək aksiyası keçirməsinə də toxunan Erkan Özoral qeyd edib ki, hər kəsin sərbəst fikir söyləmək haqqı var:
“Aksiya keçirənlər səfirliyə protokol təqdim ediblər. Onların öz tələbləri var. Biz buna normal baxırıq. Hər kəsin sərbəst fikir söyləmək haqqı var. Ancaq məsələnin ədalətli həllinə biz deyil, məhkəmə qərar verir. Əgər ortada bir cinayət varsa, bunun məhkəmə tərəfindən sübut olunması gərəkir. Ədalətli qərarı verən də məhkəmədir. Hər birimiz məhkəmənin qərarlarına hörmətlə yanaşmalıyıq”.(demokrat.az)