Putin və Pezeşkian arasında iddialı anlaşma – Reallaşması nə qədər mümkündür?
Yanvarın 17-də Mokvada prezidentlər Vladimir Putin və Məsud Pezeşkianın görüşündə Rusiyanın İrana qaz ixracının ildə 55 milyard kubmetrə çata biləcəyi bildirilib. İki ölkə Azərbaycandan keçəcək boru kəməri vasitəsi ilə qaz tədarükü barədə saziş imzalayıb.
Anlaşmanı şərh edən iqtisadçı Eldəniz Əmirov bildirir ki, “55” rəqəmi təsadüfən seçilməyib.
“Baltik dənizinin dibində Rusiyanın partladılan “Şimal axını-2” boru kəməri ilə Almaniyaya məhz 55 milyard kub metr qaz ixrac edilməli idi”, – o, xatırladır.
İqtisadçı qeyd edir ki, ötən ilin yayında isə İranın neft naziri Cavad Ovji İranın bir ildə 110 milyard kubmetr qaz ala biləcəyini demişdir: “110 milyard kubmetr ifadəsi də düşünürəm ki təsadüfən deyild. Baltik dənizinin dibində iki boru kəməri partladılmışdır “Şimal axını-1” və “Şimal axını-2”. Hər birinin illik ötürücülük gücü 55 milyard kub metr olduğu üçün toplam, 110 milyard kub metrlik gücə sahib idi. Müqayisə üçün qeyd edim ki, bu bizim TANAP kəmərimizdən 6 dəfə, TAP-dan isə təxminən 10 dəfə çoxdur”.
Çox maraqlıdır, bu iddialı təşəbbüsü gercək etmək mümkün olacaqmı?
E.Əmirov bildirir ki, Rusiya 47,8 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın birincisi, İran isə 34 trilyon kub metr qaz ehtiyatları ilə dünyanın ikincisidir: “2021-ci ildə Rusiya 251 mlrd. kub metr, 2023-cü ildə isə təxminən 145 kubmetr qaz ixrac edib. 2 il ərzində sanksiyalar səbəbindən 100 milyard kubmetrdən çox ixracda azalma olub. Deməli səsləndirilən rəqəmlərin ölçü göstəriciləri elə bu azalma həcmlərindən qaynaqlana bilər”.
Maraqlı olan odur ki, İran Rusiyada bu qazı necə ixrac edə biləcək?
İqtisadçı xatırladdır ki, 1234 km uzunluğunda olan “Şimal Axını-2” boru kəməri üçün 11 milyard dollardan çox vəsait xərclənmişdir. Onun sözlərinə görə, Rusiyadan İrana uzanacaq kəmərin uzunluğunun bundan dəfələrlə çox olacağı şübhəsidir.
“Eyni zamanda bu kəmərin yeni və müasir standartlara cavab verən qaz kəməri olacağını nəzərə alsaq, ən azı bundan 2 dəfə artıq maliyyə vəsaitinin tələb olunacağı şübhəsizdir.
Bu gün Şimal-Cənub nəqliyyat dəhlizində infrastrukturun tam yaradıla bilməməsinə görə dəhliz öz potensialının heç 1/5-də birini ortaya qoya bilmir. Tamamlanmalı olan nəqliyyat xətləri yarımçıq qalıb. Belə olan halda yeni boru kəmərinin inşası üçün 20 milyard dollar üzərində vəsait hardan tapılacaq”, – ekspert sual edir.
E.Əmirovun sözlərinə görə, maliyyə çatışmazlığı problemin hamısı deyil: “Lap tutaq ki, bir sehrli çubuq sayəsində maliyyə problemi həll edildi, bəs İrana ixrac ediləcək 110 milyard və ya 55 milyard kub metr qazı İran kimə satacaq? Nə edəcək?
Qeyd etdiyim kimi, İran özü dünyanın ikinci neft ehtiyatına sahib ölkəsidir. 2023-cü ildə 252 milyard kubmetr qaz hasil edib ki, bunun heç 1/10 hissəsini ixrac edə bilməyib. Ümumi ixracı cəmi 14 milyard kubmetrlə 9,2 faiz təşkil edib. Çünki sanksiyalar yalnız Rusiyaya aid deyil. Sankisiyaların acı təsirini İran Rusiyadan da çox-çox əvvəl görüb və görməkdədir. Hətta əgər İran alıcı tapıb, Rusiya qazını öz üzərindən ixrac etməyə cəhd göstərərsə, bu da Qərb tərəfindən sükutla qarşılanmaz və sərt sanksiyalar gələr. Nəzərə alaq ki, İrana tətbiq edilən sankiyalar Rusiya ilə müqayisədə 10 dəfələrlə yumşaqdır”.
Eldəniz Əmirov sonda vurğulayıb ki, real vəziyyətin təhlili göstərir ki, iki ölkə arasında böyük həcmdə mavi qaz nəqlinə dair razılaşma heç də uğurlu perspektiv vəd etmir. /azpolitika.info