Ekspert: Dispetçerlərin AZAL-ın pilotları ilə danışıqlarının dərc edilməsi informasiya təzyiqi cəhdidir
Dekabrın 25-də AZAL-ın Aktau yaxınlığında qəzaya uğramış təyyarəsinin pilotları ilə Rusiya hava limanlarının yerüstü xidmətləri arasında guya baş tutmuş danışıqların dərc edilməsi Qazaxıstan və Azərbaycana qarşı əsl informasiya təzyiqi aktıdır.
Bunu qazaxıstanlı politoloq Dimaş Aljanov bildirib.
“Ötən ilin dekabrında Bakı-Qroznı reysinin pilotları ilə yerüstü xidmətlərin deşifrə edilmiş danışıqları rəsmi təsdiqini tapmayıb. Bu cür deşifrələrin meydana çıxması araşdırmanı aparan Qazaxıstana və təyyarəsi qəzaya uğrayan Azərbaycana qarşı informasiya təzyiqi cəhdindən başqa cür qiymətləndirilə bilməz”, – Aljanov bildirib.
Politoloq qeyd edib ki, deşifrə edilmiş danışıqlar Rusiya isteblişmentinin müəyyən dairələrinə yaxın olduğu iddia edilən Telegram kanallarında yayılıb.
“Qazaxıstan hökumətinə yönəlmiş təzyiqdən danışsaq, onun hansı mövqe tutacağı hələ məlum deyil. İnternetdə stenoqramın dərc edilməsindən sonra nə Qazaxıstan, nə də Azərbaycan tərəfindən hələ heç bir rəsmi şərh verilməyib”, – politoloq bildirib və yanvarın sonunda açıqlanacaq rəsmi hesabatı gözləməyin lazım olduğunu qeyd edib.
Onun sözlərinə görə, Qazaxıstan istənilən gedişatda həm Azərbaycan, həm də Rusiya ilə normal münasibətləri qorumağa çalışacaq.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb./report.az