AZAL-ın prezidenti: “Ekipajın peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb”

 

“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsinin ekipaj üzvlərinin peşəkarlığı nəticəsində 29 sərnişin sağ qalıb.

Bunu AZAL-ın prezidenti Samir Rzayev jurnalistlərə açıqlamasında bildirib.

“Təəssüf ki, qəza zamanı iki təcrübəli pilotumuz və bir bələdçimiz həyatlarını itirdilər. Onların bu qəhrəmanlığı heç vaxt unudulmayacaq. Bu faciəvi hadisə xalqımıza böyük itki yaşatsa da, qəhrəman ekipaj üzvlərinin vəzifələrini son ana qədər ləyaqətlə yerinə yetirmələri, insan həyatını hər şeydən üstün tutmaları onların adlarını tarixə yazdırdı”, – S. Rzayev deyib.

O qeyd edib ki, bu qəza AZAL üçün çox böyük faciə olaraq tarixə yazıldı: “Hazırda hadisənin başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir və bununla bağlı ictimaiyyətə məlumat veriləcək. Qəzanın “qara qutu”su artıq tapılıb və onun təhlili üçün beynəlxalq aviasiya konvensiyalarına uyğun prosedurlar həyata keçirilir”.

AZAL-ın prezidenti vurğulayıb ki, təyyarə oktyabr ayında tam təmirdən çıxıb, texniki baxışdan keçib və uçuşları 15 min saatdan çox olan təcrübəli pilotlar tərəfindən idarə edilirdi: “Buna baxmayaraq, hadisənin səbəbləri araşdırılır”.

S.Rzayev sağ qalan sərnişinlərin ölkəyə gətirmə prosesinə də aydınlıq gətirib:

“Sağ qalan sərnişinlərin ölkəyə gətirilməsi günün ikinci yarısında həyata keçiriləcək. Həyatını itirən şəxslərin cənazəsi isə iki gün ərzində Azərbaycana gətiriləcək. Allah həlak olanlara rəhmət, sağ qalanlara şəfa versin”.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Avialaynerin göyərtəsində olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Prezident İlham Əliyev çoxsaylı insan itkisindən sonra ölkə ərazisində bir günlük matəm elan olunması ilə bağlı sərəncam imzalayıb.

Eyni zamanda dövlət başçısının tapşırığı ilə təyyarə qəzasının səbəblərinin araşdırılması üçün Baş nazir Əli Əsədovun rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb.

 

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password