Bu il Cənub Qaz Dəhlizi üçün Azərbaycanın xərcləri 402 mln. ABŞ dollar proqnozlaşdırılır

2020-ci ildə “Cənub Qaz Dəhlizi” QSC-nin Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən Cənub Qaz Dəhlizi layihəsində payına düşən hissəsi üçün xərcləri 402,2 mln. ABŞ dolları məbləğində nəzərdə tutulur.

Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyinin məlumatında bildirilib.

Məlumata görə, bu il üçün layihənin borc xidmət xərclərinin məbləği 225,7 mln. ABŞ dolları, layihələrdə payına düşən hissələrin məbləği176,5 mln. ABŞ dolları nəzərdə tutulur.

Bildirilib ki, layihələrin əksəriyyətinin tamamlanması nəzərə alınaraq 2020-ci ildə Cənub Qaz Dəhlizində Azərbaycanın payının maliyyələşdirilməsi üçün tələb olunan nağd pul vəsaitləri “Şahdəniz” yatağı, Cənubi Qafqaz Boru kəməri və TANAP layihələrinin əməliyyatlarından gözlənilən gəlirlər, yığılan pul vəsaitləri ilə tam təmin olunacaq.

Xatırladılıb ki, “Cənub Qaz Dəhlizi” QSC-nin Cənub Qaz Dəhlizindəki payının maliyyələşdirilməsi 6,5 mlrd. ABŞ dolları borc və 2,4 mlrd. ABŞ dollar məbləğində nizamnamə kapitalının (İqtisadiyyat Nazirliyi və SOCAR tərəfindən) artırılması ilə həyata keçirilir.

“Cənub Qaz Dəhlizi” QSC 2019-cu ildən layihələrdəki payının maliyyələşdirilməsi üçün yeni kredit cəlb etməyib. 2019-cu ilin sonuna olan məlumata görə, onun borcunun 38,5%-i Azərbaycan Dövlət Neft Fondu tərəfindən alınmış istiqrazlar, 30,9%-i beynəlxalq maliyyə institutları və onların zəmanəti ilə olan borclar, 30,6%-i isə avrobondlardır.

Qeyd edək ki, Cənub Qaz Dəhlizi layihəsi Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil ediləcək qazın boru kəmərləri ilə Türkiyə və Avropaya nəqlini nəzərdə tutur. “Şahdəniz-2” layihəsi, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, Türkiyə ərazisində inşa olunan Trans-Anadolu Boru Kəməri (TANAP), Yunanıstan, Albaniya və Adriatik dənizinin dibi ilə Cənubi İtaliyaya qədər uzanacaq Trans-Adriatik Boru Kəməri (TAP) Cənub Qaz Dəhlizinin əsas komponentləridir.

“Cənub Qaz Dəhlizi” QSC ölkə Prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 2014-cü il 25 fevral tarixli sərəncamı əsasında yaradılıb. QSC-nin səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

 

Aktualinfa.org

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password