“Starlink” Azərbaycanda fəaliyyətə başlaya bilmir – Danışıqlar aparılıb, şirkət də yaradılıb, amma…

 

“Qazaxıstan, Gürcüstan və Ukraynada “Starlink” peyk internet xidməti artıq xeyli müddətdir ki, fəaliyyət göstərir. Qazaxıstanda hətta “Starlink” yüzlərlə ucqar məktəbə də internet xidmətləri verir”.

Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib.

“Bir neçə gün öncə “Starlink” Ermənistanda fəaliyyətə başlamaq üçün tənzimləyici qurumlardan lisenziya alıb”, – o əlavə edib.

Ekspert bildirir ki, Azərbaycanda isə vəziyyət fərqlidir: ““Starlink” rəsmiləri bəlkə də Ukraynadan sonra ilk olaraq Azərbaycana gəlmişdilər. Onlar Bakıda olublar, “Azərkosmos” rəhbəri ilə görüşüblər. Nazir Rəşad Nəbiyev ötən il İlon Maskla, bir neçə ay öncə isə daha bir “Starlink” rəsmisi ilə görüşüb. 2022-ci ilin dekabr ayında “Starlink Azerbaijan” MMC qeydiyyata alınıb. 2023-cü ilin may ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliklə “SpaceX” arasında “Starlink”-in internet xidmətlərinin Azərbaycanda əlçatan olması ilə bağlı müqavilə imzalanıb. Amma buna baxmayaraq, “Starlink”-in fəaliyyətə başlaması gecikir”.

O.Gündüzün sözlərinə görə, görünən odur ki, RİNN, İKTA və “Azərkosmos” tərəfdən “Starlink” üçün hansısa texniki-texnoloji tələblərin olacağı ağlabatan deyil. Ekspert hesab edir ki, belə olan halda düşünmək olar ki, “Starlink” qanunvericilikdə nəzərdə tutulduğu qaydada DTX-dan hələlik icazə ala bilməyib: “Xatırladıram ki, mövcud qanunvericiliyə görə, DTX, beynəlxalq rabitə xidmətlərinə lisenziya almazdan öncə operatorlardan təhlükəsizliklə bağlı öncədən müəyyən olunan tələblərin yerinə yetirilməsi ilə bağlı zəruri avadanlıqların quraşdırılmasını tələb edir. Məhz bundan sonra operatorlar bu icazəni təqdim etməklə lisenziya üçün müraciət edə bilirlər. Beləliklə, güman etmək və düşünmək olar ki, “Starlink” bu tələbləri yerinə yetriə bilmədiyindən hələlik belə bir icazəni ala bilməyib”.

Osman Gündüz bu gecikmə ilə bağlı “Azərkomos”-da heç bir açıqlama verilmədiyinə də diqqət çəkir: “Bəlkə də bizim bilmədiyimiz digər problemlər var. Medianın bu məsələni diqqətdə saxlaması və aidiyyatı qurumlardan sorğulaması faydalı olardı. Yəni görünən odur ki, Azərbaycanda bu proses ləngiyir. Amma əslində peyk internet üçün prosesə ilk başlayanlardan biri də biz olmuşduq. Düşünürəm ki, həm bir alternativ olaraq, həm də ucqar bölgələrdə yaşayan insanlar üçün, təhsil və mədəniyyət qurumları üçün “Starlink” ölkənin rəqəmsal inkişafına böyük töhfə verə bilər. Ümid edirik ki, bu gecikmə tezliklə aradan qaldırılacaq və Azərbaycan da peyk internetindən yararlanan ölkələr sırasında yer alacaq”.

Xatırladaq ki, “Starlink” peyk internet xidməti hazırda 113 ölkədə fəaliyyət göstərir. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password