Ukrayna sülh üçün Trampla danışığlara başladı- Vaşinqtona gedən heyət qarşısında hansı şərtlər qoyulub?

 

“Kiyev sülhə hazır olduğunu bəyan etməyə hazırlaşır”

Ukrayna nümayəndə heyəti Donald Tramp administrasiyası ilə yüksək səviyyəli danışıqlar aparmaq üçün ABŞ-yə gəlib. Məqsəd hələ ABŞ-nin yeni prezidenti vəzifəyə başlamazdan əvvəl onunla müharibənin həlli məsələsindəki ciddi fikir ayrılıqlarını aradan qaldırmaqdır.

“The Wall Street Journal”-ın məlumatında belə deyilir. Qeyd olunur ki, sözügedən səfər Ukraynanın müharibəni bitirmək üçün Tramp administrasiyası ilə danışıqlara başladığını göstərir. Nümayəndə heyətinə Ukrayna hakimiyyətində faktiki olaraq, Volodimir Zelenskidən sonra ikinci söz sahibi olan Ukrayna Prezident ofisinin rəhbəri Andrey Yermak başçılıq edir.

Qeyd olunur ki, Yermak artıq Trampın Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi, general Keyt Kelloq və yeni prezidentin milli təhlükəsizlik müşaviri Mayk Uolts ilə görüşüb. Görüşdə vitse-prezident J.D.Vens də iştirak edib.

Nəşrin mənbələrinin bildirdiyinə görə, Yermak rəsmi Kiyevin Trampın köməkçiləri ilə münasibətlərini yaxşılaşdırmağa çalışır. Bundan əvvəl o, Floridada Ağ Evin yeni aparat rəhbəri Suzi Uayls ilə də görüşüb: “Müzakirələrlə tanış olan insanların fikrincə, Yermak Ukraynanı sülhün əldə olunmasında maneə kimi yox, konstruktiv tərəfdaş kimi təqdim edir”.

Kiyevin planları ilə tanış olan mənbə nəşrə deyib ki, Ukrayna sülhə hazır olduğunu bəyan etməyi planlaşdırır: “Ancaq bu, sabit sülh olmalıdır. Qeyri-stabil, müvəqqəti sülh nə ABŞ-nin, nə də Ukraynanın maraqlarına cavab vermir”.

Ukrayna Prezidenti Volodimir Zelenski bir müddət əvvəl demişdi ki, Kiyevin müharibəni bitirmək barədə düşünməsi üçün Ukraynanın işğal olunmamış hissəsinə NATO-ya üzv olmaq təklif edilməlidir. Lakin belə görünür ki, ABŞ başda olmaqla, Qərb bu ideyanı dəstəkləmir.

“The Wall Street Journal” yazır ki, Trampın müşavirləri yalnız Rusiyanın Ukrayna ərazisinin təqribən 20%-ni ələ keçirməsini tanıyan və Kiyevin NATO-ya qoşulma imkanını müvəqqəti olaraq bağlayan sülh planlarını müzakirə edirlər.

Beynəlxalq Böhran Qrupunun Ukrayna üzrə analitiki Lusian Kim nəşrə açıqlamasında deyib: “Ukraynalılar potensial danışıqlarda maksimalist mövqelərini nümayiş etdirirlər. Ola bilsin ki, onlar NATO-ya üzvlüyün yaxın gələcəyin məsələsi olmadığını başa düşürlər. Lakin danışıqlar başlamazdan əvvəl bunu niyə etiraf etsinlər ki?”

O, həmçinin qeyd edib ki, Kiyev Co Bayden hakimiyyətindən çox narazıdır: “Tramp administrasiyasının gəlişi Kiyevdə irəliləyiş üçün ümid yaradıb. Bunun necə görünəcəyi sual altındadır. Amma bir şey aydındır: mövcud status-kvo sona çatacaq”.

Qeyd edək ki, noyabrın sonunda Volodimir Zelenski Rusiya tərəfindən işğal olunmuş ərazilər geri qaytarılmadan belə, Ukraynanın dərhal NATO-ya qəbul edilməsi şərti ilə Rusiyayla sülh sazişi imzalamağa hazır olduğunu açıqlayıb.

“Reuters” isə daha əvvəl yazmışdı ki, müharibəni bitirmək üçün Trampın “sülh planı”nın üç əsas variantı var. Bunlar Ukrayna üzrə xüsusi nümayəndə Keyt Kelloqun planı, vitse-prezident J.D.Vensin planı və Trampın keçmiş kəşfiyyat rəhbəri vəzifəsini icra edən Riçard Qrenellin planıdır. Onlar bəzi nüanslarına görə bir-birindən fərqlənirlər. Lakin bu planların üçü də hazırkı cəbhə xəttində müharibənin “dondurulmasını” və Ukraynanın NATO-ya üzv olmaqdan müəyyən müddətə imtinasını nəzərdə tutur.

Bütün bunların fonunda Rusiyanın hansı mövqe tutacağı məsələsi açıq qalır. Çünki Kreml təmsilçiləri hətta Tramp seçiləndən sonra da dəfələrlə münaqişənin hazırkı cəbhə xətti boyunca dondurulmasının qəti əleyhinə çıxış ediblər və müharibə başlayarkən Ukraynaya qarşı irəli sürülmüş tələblərin qüvvədə qaldığını deyiblər. Bu isə faktiki olaraq, Ukraynanın öz suverenliyindən, dolayısı ilə dövlətçiliyindən imtinası və kapitulyasiyası anlamına gəlir. Nəticədə bir-birinə iki zidd mövqedə olan tərəflərin real kompromisə gəlib-gəlməyəcəkləri yalnız yanvarın 20-dən, yəni, Trampın öz vəzifəsinin icrasına rəsmən başlamasından sonra bəlli olacaq.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password