Nazirin uzunömürlülük “kəşfi” – Sahil Babayev dövlətə məlum olmayan statistik rəqəmləri haradan götürür?
Tovuz sakini Eldar Səfərov deyir ki, bu yaxınlarda kreditlə məişət əşyası almaq üçün elektronika məhsullarının satıldığı mağazaya müraciət edib. Amma ona kreditlə məhsul satmayıblar, bildirilib ki, bank yaşı 70-i keçmiş şəxslərə kredit verməyi qadağan edir. Kommersiya banklarına bu qadağanı isə Azərbaycan Mərkəzi Bankı qoyub…
Azərbaycanda kişilər və qadınlar üçün pensiya yaşı 65-dir. 25 il əmək stajı və ya 40 min manatdan artıq pensiya kapitalı olan vətəndaşlara yaşa görə əmək pensiyası verilir. Bu göstəriciləri olmayanlar isə yaşa görə sosial müavinətlə təmin olunur. Müavinətin miqdarı da ölkə üzrə yaşayış minimumundan 60 manat az – 220 manat təşkil edir.
Beləliklə, bankların 70 yaşı keçən vətəndaşa kredit verməməsi, dolayısı ilə onların krediti qaytarmaq müddətində yaşamasına inamının olmaması ilə bağlıdır. Təbii ki, Mərkəzi Bank öz işini ehtiyatlı tutub, Dövlət Statistika Komitəsinin elan etdiyi orta ömür uzunluğuna inanmır, real durumu əsas götürür. Komitənin avqust ayında açıqladığı məlumata görə, ötən il Azərbaycanda doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.5 il, qızlar üçün isə 78.4 il müəyyən edilib. 2022-ci ildə doğulanlarla müqayisədə ötən il kişilər üçün gözlənilən ömür uzunluğu azalıb, qadınlar üçün isə dəyişməz qalıb. Belə ki, 2022-ci ildə doğulan oğlan uşaqları üçün gözlənilən ömür uzunluğu 73.6 il olub.
2024-cü ilin məlumatına görə, Azərbaycanda yaşı 100 və 100-dən çox cəmi 270 nəfər pensiyaçı var. Onlardan 234 nəfərini qadın, 36 nəfərini kişi təşkil edir.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev isə parlamentdə büdcə müzakirələri zamanı başqa rəqəmlər səsləndirib. “Pensiya sistemi sığorta sistemidir. Bu 12 illik dövr üzərindən hesablanmış mexanizmdir. Bu gün Azərbaycan pensiyaçılarının pensiyada olma müddəti 14,8 ildir. Bu özü göstərir ki, bizim pensiya sistemimiz sosialyönümlüdür. 57% yaşa görə pensiyaçılarımız 12 ildən artıq pensiya alır. Amma biz hər zaman qeyd edirik ki, pensiya sistemi dayanıqlı olmalıdır”.
Nazirin təqdim etdiyi rəqəmlərdən belə məlum olur ki, Azərbaycanda orta ömür 80 yaşa çatır (65+14.8= 79.8). Yəni 65 yaşda pensiyaya çıxmış vətəndaş orta hesabla 15 ilə yaxın pensiya və ya müavinət alır. Sahil Babayev iddia edir ki, ölkədə orta ömür DSK-nın göstərdiyi kimi 73-74 yaş deyil, 5 il daha uzundur.
Nazirin bu rəqəmləri hansı mənbələrdən götürdüyü məlum deyil, çünki özü açıqlamayıb. Amma Azərbaycanda vətəndaşın 14.8 il pensiya ömürünün olması, yumşaq desək, doğru deyil. Bunu başqa statistik məlumatlar da təsdiq edir.
DSK-nin məlumatına görə, Azərbaycanda ötən il ərzində 60 810 nəfər vəfat edib. Dünyasını dəyişənlərin 33 157 nəfərini kişilər, 27 653 nəfərini isə qadınlar təşkil edib. Kişilərin 47,8%-i və ya 15 min 872 nəfəri 65 yaşına, yəni pensiya yaşına çatmadan ölüb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin oktyabr ayına olan məlumatına görə, ölkədə 188 600 nəfərdən çox şəxsə ailə başçsını itirdiyinə görə müavinət ödənilir. Dolayısı ilə bu müavinət övladları 18 yaşa çatmadan vəfat edən valideynlərin təxmini sayını göstərir.
Təəssüf ki, Statistika Komitəsi 65-70 yaş aralığında vəfat edənlərin statistikasını açıqlamır. Amma bu sirr deyil, ətrafımızda baş verən insan ölümlərinin yaş həddi məlumdur, nadir hallarda dünyasını dəyişən vətəndaşın yaşı 75-i haqlayır. Əksəriyyət daha erkən yaşlarında müxtəlif xəstəliklərdən həyatdan gedir.
Əlbəttə, Azərbaycanda 14.8 il və daha artıq pensiya alanlar da var, amma onların sayı elə cənab nazirin özünə də məlumdur – heç beş faiz təşkil etmir. O zaman sual olunur: Sahil Babayev Milli Məclisdə, cəmiyyətin gözünün içinə baxıb həqiqətlə uyğun olmayan məlumatları neə səsləndirə bilir? Ritorik sualdır…
Təəssüf doğurdan haldır ki, Əmək və əhalinin sosial müdafiəsi naziri büdcə müzakirələrində, pensiya, müavinətlərlə bağlı məsələlərdə radikal yanaşma sərgiləyir. Bu radikallıq isə daha çox vətəndaşlara qarşı yönəlib. Sahil Babayev nə parlamentdə, nə də hökumətdə məsul olduğu sahədə problemlərin dövlətin daha çox dəstəyi, qayğısı ilə həll edilməsini təklif etmir, əksinə, “insan yoxdursa, problem də yoxdur” məntiqindən çıxış edir. O, mövqeyini nə qədər qanunçuluq, şəffaflıq prinsiplərini rəhbər tutmaqla cilalamağa çalışsa da, cəmiyyət nazirin mövqeyindəki antihumanist yanaşmanı dərhal sezir. Nazirə qarşı ictimaiyyətin hədsiz neqativ münasibəti də bununla bağlıdır, o daim sosial şəbəkələrdə sadə vətəndaşların sərt tənqid hədəfinə çevrilir. /azpolitika.info