“Iconic Tower” Azərbaycanın ən unikal və hündür tikilisi olacaq
Azərbaycanın memarlıq tarixində daha bir sensasiya sayılacaq layihəyə imza atılır.
Dünyaca məşhur memar Şon Killa (Shaun Killa) “Sea Breeze Resort” üçün möhtəşəm bir layihə – “Iconic Tower” üzərində çalışır. Bu layihə Azərbaycanın ən unikal və hündür tikilisi olacaq.
“Sea Breeze” kompleksinin sahibi, iş adamı Emin Ağalarovun verdiyi məlumata görə, “Iconic Tower”in hündürlüyü 300 metrə çatacaq. Layihədə innovativ dizayn, dayanıqlılıq və müasir texnologiyaların tətbiqi əsas yerləri tutur. Bu, həm texniki, həm də estetik baxımdan müasir memarlıq incisi olacaq.
“Iconic Tower” layihəsi Azərbaycanın memarlıq sahəsində müasir dövrdəki ən mühüm təşəbbüslərdən biri kimi qiymətləndirilir. Layihənin əsas məqsədi memarlıq standartlarını yüksəltmək, turistləri və xarici sərmayəçiləri cəlb etməkdir. Gözləntilərə görə, bu bina regionun əsas memarlıq simvollarından birinə çevriləcək.
Tikinti işlərinə yaxın zamanda başlanacağı gözlənilir.
Layihəni hazırlayan Şon Killa, dünyada məşhur olan və bir çox mükafatlar qazanan memardır. Onun ən tanınmış əsərlərindən biri Dubaydakı “Gələcəyin Muzeyi”dir. Memar, “Iconic Tower”in də funksionallığı və estetik görünüşü ilə unikal bir nümunə olacağını bildirib:
“Mən səbirsizliklə bu eleqant qüllə layihəsinin Bakıda həyata keçməsini gözləyirəm. Bu, “Sea Breeze”i dünyada tamamilə yeni bir səviyyəyə qaldıracaq”.
Layihə “Sea Breeze Resort”un genişlənmə planının bir hissəsidir. Kurort kompleksinin rəhbəri Emin Ağalarovun təşəbbüsü ilə həyata keçirilən bu layihə Azərbaycanın turizm sektorunun inkişafında mühüm addımdır. “Iconic Tower” təkcə “Sea Breeze”in deyil, həm də Azərbaycanın qlobal səviyyədə tanınmasına töhfə verəcək.
Layihənin detallarının yaxın aylarda ictimaiyyətə açıqlanacağı gözlənilir./qaynarinfo.az