Hikmət Hacıyev COP29-un Azərbaycanda keçirilməsini tənqid edənlərə cavab verib
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfindən səsləndirilən “Azərbaycan neft ölkəsi kimi COP29 keçirə bilməz” fikrini şərh edib.
Prezidentin köməkçisi COP29 çərçivəsində jurnalistlərə açıqlamasında deyib ki, ümumiyyətlə, 29 COP keçirilib:
“Burada İsveçrədən başqa, demək olar ki, bütün dövlətlər bu və ya digər formada qazıntı yanacaqları istehsal edən ölkələr olub. Məsələnin digər tərəfi də budur ki, ümumiyyətlə qazıntı yanacaqları ilə əlaqədar bir tərəfdən təklif varsa, digər tərəfdən də tələb var. Demək olar ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının üzvü olan tərəflər qazıntı yanacaqlarının istifadəçisidir. Burda yenə də ucuz xarakterli populist elementləri görürük. Bu gün dünyanın real tələbatları var və qazıntı yanacaqları da mövcud dünyanın tərkib hissəsidir. Təbii ki, iqlim dəyişikliklərinə mənfi təsir göstərir, ancaq bunun qarşısını almaq üçün birgə səylərlə çalışmaq lazımdır, nəinki bu qəbildən olan ucuz və mahiyyət daşımayan bir müzakirələr aparılmalıdır”.
Prezidentin köməkçisi qeyd edib ki, bu günə qədər COP-a ev sahibliyi edən ölkələr bu və ya digər formada qazıntı yanacaqları, kömür istehsalçılarıdır:
“Bizdən əvvəl Avropa ölkələri bu tədbirə ev sahibliyi edib. Məsələn, götürək Polşanı. Polşa bu gün dünyada ən çox kömür istehsal edən ölkələr sırasındadır. COP həmçinin Böyük Britaniyada Qlazqoda keçirilmişdi. Qlazqo dünyada kömür istehsal edən mərkəzlərdən biridir. Ona görə də burada qarşılıqlı ittihamlar deyil, nəticəyönlü müzakirələrə töhfə vermək lazımdır”.
H.Hacıyev bildirib ki, Azərbaycanda COP29-un keçirilməsi ilə bağlı qərəzli təbliğat aparılır:
“Bunu mərkəzləşmiş, sistemli şəkildə, əvvəlcədən planlaşdırılmış informasiya əməliyyatları da adlandıra bilərik. Təəssüf ki, burada da Qərb ölkələrinin bir sıra əsas və aparıcı media orqanları ön sırada dururlar. Nəzərə almaq lazımdır ki, qlobal iqlim dəyişikliyi problemi bütün dünyanı narahat edən ciddi bir problemdir”.
Onun sözlərinə görə, diqqəti iqlim dəyişikliyi məsələsinə yönəltmək və buradan ciddi nəticələr əldə edilməsi istiqamətində səylər göstərmək əvəzinə, bəzi hallarda da bəzi Qərb ölkələrinə bağlı təsisatlar da məsuliyyəti öz üzərindən atmaq üçün fikri başqa istiqamətlərə yönəltmək istiqamətində addımlar atırlar:
“Biz bunları tamamilə qəbul etmirik və təkcə Azərbaycan deyil, bütövlükdə iqlim məsələləri üçün bu tədbirə gələn nümayəndələr də bunu qəbul etmirlər. Azərbaycan qlobal iqlim məsələlərinin müzakirəsi üçün vacib platformadır”.