Azərbaycanla bağlı dönüş nöqtəsi… – Trampın hakimiyyəti dövründə nə dəyişəcək?
ABŞ-da prezident seçkiləri Donald Trampın üstünlüyü fonunda yekunlaşdı. Artıq Tramp və digər Amerika rəsmiləri qalibiyyəti elan edib. Bütün bunlar yeni mərhələ üçün əsas ola bilər. Çünki hazırkı Cozef Bayden Administrasiyası ikiüzlülüyün, ikili standartların, həqiqətlərə ikili münasibətlərin pik həddini əyani şəkildə göstərdi.
Bunu Milli Məclisin Beynəlxalq Münasibətlər və Parlamentlərarası Əlaqələr Komitəsinin sədri Səməd Seyidov deyib.
“Azərbaycanla bağlı əsassız olaraq ABŞ Konqresmenlərinin və Senatorlarının dövlət katibi Entoni Blinkenə “müraciəti” və digər amillər yaddan çıxmayıb. Sözsüz ki, Azərbaycan Milli Məclisi bu məsələyə öz mövqeyini ifadə edib”, – deyə o əlavə edib.
Komitə sədri bildirib ki, indiki ABŞ Administrasiyası ikiüzlü yanaşmaları normal siyasət kimi təqim etməyə çalışırdı:
“Amerika xalqı bunu içəridən daha yaxşı görür. Son seçkilərdə ABŞ Konqresinə və Senata da üzvlər seçilib. Konqresmenlər və senatorların içərisində Respublikaçılar xeyli üstünlüyə malikdir. Bizim üçün də maraqlıdır ki, Azərbaycana qarşı əsassız müraciəti yazanların neçəsi bu prosesdən kənarda qalıb. Əminlik var ki, onların böyük bir qismi prosesdən uzaqlaşmalı olacaq. Çünki onların Azərbaycana qarşı seçdiyi siyasət faktiki olaraq Amerikanın maraqlarının üzərindən xətt çəkmək idi”.
Səməd Seyidov hesab edir ki, dünyada gedən proseslər Amerikada keçirilmiş prezident seçkilərində özünü daha qabarıq şəkildə göstərdi:
“Dünya artıq bəzi dairələrin, ölkələrin, dövlətlərin daxilində olan qüvvələrin iflasını gördü. ABŞ-ın indiki siyasəti müharibələrə səbəb olud. BMT-nin qətnamələri belə qınaq obyektinə çevrildi. Dünya üçün ən vacib ekoloji konfrans olan COP29-a qarşı Qərb dünyasının içərisində müəyyən qüvvələr oyuna cəlb edildi. Əslində isə bütün bunlar böyük bir krizin əlamətləri idi”.
Millət vəkilinə görə, ABŞ-dakı prezident seçkiləri və Amerikan xalqının seçimi bu ölkənin özünə köhnə siyasətin nə dərəcədə problemlər gətirdiyinin təzahürüdür:
“Siravi amerikalılar da başa düşdü ki, onların fikri ilə manipuliyasiya edilir. Ona görə də, Amerikanın siyasətində ciddi dönüş olmalıdır. Sözsüz ki, bu ölkənin daxili işlərinə qarışmaq olmaz. Azərbaycanın da istəyi odur ki, onların daxili işlərinə heç kim qarışmasın”.