Pis, yoxsa daha pis? – ABŞ seçir, dünya gözləyir…
Bir çox tanınmış politoloq ABŞ-də bu gün keçirilən prezident seçkilərini, namizədlərin kimliyini nəzərdə tutaraq, ABŞ siyasi sisteminin və demokratiyanın tənəzzülü kimi qiymətləndirirlər.
Bir neçə əsrlik demokratiya tarixi olan dünyanın ən böyük iqtisadi və siyasi gücü kimi ABŞ-nin bu gün ortaya çıxardığı namizədlər yaşı 80-i haqlamış, aşkar psixi problemləri olan, nə siyasi, nə də şəxsi əxlaqı ilə qətiyyən nümunə kimi göstərilməyəcək, prinsipsiz, tragikomik tipaj – Donald Trampla indiyə qədər ABŞ tarixinin ən aciz, qorxaq, iradəsiz prezidenti olmuş, nəinki ölkəni, heç özünü idarə edə bilməyən Co Baydenin vitse-prezidenti, heç bir siyasi yükü, xarizması, şəxsi mövqeyi olmayan, boz və içi boş personaj – Kamala Harrisdir.
Dünya tarixinə parlaq siyasi simalar, şəxsiyyətlər vermiş ABŞ-nin nədən bu gün belə sınıq-salxaq namizədlərin ümidinə qaldığı geniş təhlil tələb edən böyük mövzudur. Acı reallıq isə ondan ibarətdir ki, nə Donald Tramp, nə də Kamala Harris hazırda üçüncü dünya müharibəsinin astanasında olan, hətta bəzi əlamətlərinə görə artıq bu müharibənin getdiyi, nüvə təhlükəsinin artdığı bir dönəmdə dünya nizamında tarazlığın yaradılmasını bacaracaq heç bir xüsusiyyətə malik deyil…
Beləliklə, bu gün bütün dünyanın taleyinə birbaşa təsir edən seçim pislə daha pis arasında aparılır. Ən qəribəsi də odur ki, hər iki tərəf həm pis, həm də daha pisdir…
Tam seçki ərəfəsində kimin qalib gəlmək şansının daha yüksək olması ilə bağlı, hər zaman olduğu kimi, müxtəlif proqnozlar var. Məsələn, “ABC News” kimi nüfuzlu mənbə Donald Trampın qalib gəlmə ehtimalını 53%, Kamala Harrisin qələbəsini isə 47% dəyərləndirib. “ABC News” bu proqnozu mümkün seçki nəticələrini, eləcə də rəy sorğularını və onların etibarlılığını təhlil etmək üçün sosioloji, iqtisadi və demoqrafik məlumatları nəzərə alan “Project 538” proqnozlaşdırma modeli əsasında dərc edib. Eyni zamanda, son zamanlar Donald Tramp-ın “Polymarket” kriptovalyuta proqnozlaşdırma platformasında qalib gəlmə şansı yüksək qiymətləndirilirdi. Lakin son günlər bu göstərici birdən-birə kəskin şəkildə azalıb və indi bu platformada Trampla Harrisin şansı 50/50-yə dəyərləndirilir.
Bu qeyri-müəyyənliyə “rəng qatan” əsas amillərdən biri də ABŞ-dəki seçki sistemidir. Bu sistem heç də hər zaman seçkinin sabahısı günü birmənalı olaraq qalibi müəyyən etməyə imkan vermir. ABŞ prezident seçkilərinin həm seçki prosedurlarında, həm də nəticələrin elan edilməsi məsələlərində özünəməxsus xüsusiyyətləri var. Bu baxımdan Amerika bir çox digər demokratik ölkələrdən ciddi şəkildə fərqlənir. ABŞ-də seçkilərin nəticələrini elan edəcək heç bir mərkəzi orqan (Mərkəzi Seçki Komissiyası kimi – red.) yoxdur. Bunun əvəzinə, əsas xəbər agentlikləri (məsələn, AP, CNN, Fox News, NBC, ABC) səsləri proqnozlaşdırmaq və saymaq üçün öz sistemlərindən istifadə edərək müxtəlif ştatlardan və əyalətlərdən məlumat toplayır. Rəsmi nəticələr hələ təsdiqlənməsə də, bu qurumlar öz təhlillərinə əsasən ilkin nəticələri elan edən ilk mənbələrdir. Media tez-tez səslərin hesablanması rəsmən başa çatmamış seçkinin qalibini elan edir. Lakin bu, ABŞ seçkilərinin az-çox sakit keçdiyi zamanlarda baş verir və analitik məlumatlar namizədlərdən birinin qalib gəlmək üçün kifayət qədər səs topladığını göstərir. Bu proqnoz hesablanmış səslərin faizlərinə, əsas ştatlardakı nəticələrə, digər məlumatlara və “exit-poll”lara əsaslanır. Amma bu proqnozlar indiki kimi gərgin seçkilərdə spekulyasiya xarakteri daşıyır və belə hallarda proqnozlaşdırılan nəticələrin rəsmi nəticələrlə üst-üstə düşmədiyinə dair tarixdə kifayət qədər faktlar var. Səsvermənin nəticələrinin rəsmi elanı mediadan fərqli olaraq, xeyli gec baş verir və bu proses bir neçə mərhələdən keçir. Nəzərə almaq lazımdır ki, amerikalılar müxtəlif yollarla səs verə bilirlər: Seçki günü seçki məntəqələrində, erkən səsvermədə, poçtla və ya kənar səsvermə bülletenlərindən istifadə etməklə. Müxtəlif üsullarla verilən səslər ayrıca hesablanır və bu, prosesi daha da mürəkkəbləşdirir.
Əksər məntəqələr səsvermə günü axşam bağlanır, sonra isə səslərin hesablanması başlayır. Əvvəlcə seçki günü birbaşa qutuda verilmiş səslər hesablanır. Bu nəticələr seçki məntəqələrinin bağlanmasından bir neçə saat sonra elan oluna bilir. Bununla belə, bir çox ştatlarda poçtla və ya kənar səsvermə bülletenləri ilə verilən səslərin işlənməsi və sayılması daha çox vaxt aparır ki, bu da yekun hesablamanı gecikdirir. Hər bir ştatda səslər hesablandıqdan sonra nəticələr rəsmi şəkildə təsdiqlənməlidir, yəni ştatların orqanları tərəfindən təsdiq edilməlidir (bu, ştatın katibi və ya başqa seçki orqanı ola bilər). Bu da ştatdan asılı olaraq bir neçə gündən bir neçə həftəyə qədər vaxt apara bilər. Gecikmə xüsusilə namizədlər arasında fərqin az olduğu və səslərin yenidən sayılmasının zəruri olduğu hallarda müşahidə edilir.
ABŞ vətəndaşları noyabrın ilk çərşənbə axşamı səs verdiyi halda, ştatları təmsil edən seçicilər dekabrda səs vermək üçün bir araya gəlirlər. Onlar bunu Vaşinqtonda deyil, öz ştatlarında edirlər. Ştatların seçiciləri öz səslərini verildikdən sonra nəticələr ABŞ Konqresinə göndərilir. Yanvarın əvvəlində Konqres seçkilərin səslərini rəsmi olaraq saymaq və təsdiqləmək üçün toplanır. Bu toplantı adətən formal xarakter daşıyır. Ancaq məhz həmin toplantı seçkinin qalibini təsdiqləmək üçün son instansiyadır. Qalib 538 seçici səsindən 270-ni alan namizəd sayılır.
Qeyd etmək lazımdır ki, Seçicilər Kollegiyası sistemi tez-tez daha çox ABŞ vətəndaşlarının səsini toplayan namizədin deyil, daha çox ştat seçicilərinin səs verdiyi namizədin qələbəsinə gətirib çıxarır. Bu, ABŞ tarixində bir neçə dəfə, məsələn, 2000 və 2016-cı illərdə baş verib.
Hazırda yeddi “yellənən” ştatda namizədlərin reytinqi demək olar ki, bərabərdir. Bunlar Pensilvaniya, Arizona, Corciya, Miçiqan, Nevada, Şimali Karolina və Viskonsindir. Çox güman ki, məhz bu ştatlarda səsvermə cari seçkinin qalibini müəyyən edəcək.
Beləliklə, bütün deyilənləri ümumiləşdirsək, seçki prosesini bu cür mərhələlərə bölmək olar: Əvvəlcə ABŞ mediası seçki məntəqələri bağlandıqdan sonra ilk saatlarda adi vətəndaşların səsverməsinin ilkin nəticələrini açıqlayacaq. Ancaq bunlar təxminlər olacaq və tam dəqiq rəsmi məlumatları əks etdirməyəcək.
Sonra yaxın bir neçə gün və ya həftə ərzində ştatlar bütün səsləri hesablamağı başa çatdıracaq. Həmin vaxt mətbuat dəqiq rəqəmləri açıqlayacaq.
Daha sonra dekabr ayında Seçicilər Kollegiyasının (ştatların nümayəndələri) səsverməsi keçiriləcək. Bu səsvermə adi ABŞ vətəndaşlarının səsvermə nəticələrini nəzərə alacaq, lakin onu mütləq dəqiqliklə əks etdirməyəcək. Media bu səsvermənin nəticələrini açıqlayacaq və bununla da demək olar ki, qalib müəyyən ediləcək.
Nəhayət, yanvar ayında ABŞ Konqresi, Seçicilər Kollegiyasının səsverməsinin nəticələrini təsdiq edəcək və qalibin adını rəsmən açıqlayacaq. Qanuna görə, yeni seçilmiş ABŞ prezidentinin andiçmə mərasimi yanvarın 20-də keçirilir. Yalnız bu tarixdən o, səlahiyyətləri öz üzərinə götürür və idarəetmə qərarları qəbul etməyə başlayır.
Odur ki, bütün dünyanın diqqətində olan bu uzun və üzücü proses yanvarın 20-dək davam edəcək. Nəticələri gözləyənlər isə təkcə ABŞ vətəndaşları deyil, Fələstindən Ukraynaya qədər bir çox ölkələr və onların xalqlarıdır. Məsələn, Ukraynanın gələcəyi böyük ölçüdə bugünkü seçkinin nəticəsindən asılıdır. Lakin bu seçkidən və növbəti ABŞ prezidentindən müsbət gözləntilərin özünü doğruldacağı ehtimalı qətiyyən yüksək deyil… /azpolitika.info