Azərbaycanda səhiyyənin təhlükəsizliyinin təmini üzrə Milli Fəaliyyət Planı hazırlanacaq
Azərbaycan çoxsahəli əməkdaşlıq, siyasət, təcrübə və təhsil yolu ilə “Vahid Sağlamlıq” Konsepsiyasının həyata keçirilməsini təşviq edir.
Bunu səhiyyə naziri Teymur Musayev Danimarkanın paytaxtında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Komitəsinin 74-cü sessiyası çərçivəsində “Vahid Sağlamlıq” mövzusunda keçirilən texniki brifinqdə deyib.
“Beynəlxalq tibbi-sanitariya qaydaları çərçivəsində bu istiqamətdə atılan mühüm addımlardan biri də 19 texniki sahəni əhatə edən Birgə Xarici Qiymətləndirilmədir. 2023-cü ilin may ayında yerli və sektorlararası beynəlxalq ekspertlərdən ibarət qiymətləndirmə qrupunun iştirak etdiyi məsləhətləşmə prosesi vasitəsilə Azərbaycanın imkanları insan sağlamlığı sektoru da daxil olmaqla 19 istiqamətdə yoxlanılıb. Birgə müzakirələr və ərazilərə səfərlər nəticəsində Beynəlxalq tibbi-sanitariya qaydalarının, “Vahid Sağlamlıq” Konsepsiyasının tətbiqinin təkmilləşdirilməsinə və Azərbaycan səhiyyə sisteminin fövqəladə hallar zamanı dayanıqlığının gücləndirilməsinə yönələn bütün texniki istiqamətlər üzrə qiymətləndirmələrinə dair prioritet addımlar müəyyən edilib”, – T.Musayev bildirib.
T.Musayev həmçinin vurğulayıb ki, COP29 qlobal ictimaiyyət üçün bir araya gəlmək, ümumi tərəqqimizi qiymətləndirmək və praktiki həlləri müəyyən etmək üçün mühüm bir fürsətdir.
“İlk dəfə olaraq “Vahid Sağlamlıq” yüksək səviyyəli COP29-un dəyirmi masasının diqqət mərkəzində olacaq. Görünməmiş ekoloji problemlər qarşısında “Vahid Sağlamlıq” yanaşması indi həmişəkindən daha aktualdır. Konsepsiya insan, heyvan və ətraf mühitin sağlamlığının qarşılıqlı əlaqəsini tanıyır. Bu da iqlim dəyişikliyinin həyatımızın hər aspektinə – biomüxtəliflikdən başlayaraq ərzaq təhlükəsizliyi və sağlamlığa təsir edən kompleks yanaşmanı nəzərdən keçirərkən xüsusilə vacibdir. Gəlin birlikdə müzakirələrimizi hər kəs üçün daha sağlam və dayanıqlı gələcəyə aparacaq konkret hərəkətlərə çevirək”, – səhiyyə naziri əlavə edib.