Sahibkarlar milyonları ÖLKƏDƏN QAÇIRIR – Bu yolla…

 

Ekspert deyir ki, bir çox hallarda Azərbaycandan çıxarılan pullar elə dövlət məmurlarının olur…

Son günlər xarici iqtisadi fəaliyyətlə məşğul olan bəzi sahibkarlıq subyektləri tərəfindən müvafiq valyutada olan pul vəsaitləri Azərbaycana qaytarılmadığına görə bir neçə cinayət işləri başlayıb.

Bildirilir ki, hüquqi şəxslərlə xarici ölkələrdəki şirkətlər arasında alqı-satqıya dair müxtəlif vaxtlarda müqavilələrin bağlanması və həmin fəaliyyət nəticəsində əldə olunan külli miqdarda gəlirlərin ölkəmizdə müvəkkil edilmiş bank hesablarına qaytarılmamasına əsaslı şübhələr müəyyən edildiyindən bir sıra vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb edilib.

Cinayət işi üzrə “Fruit Yard” və “Fruit City Group” MMC-ləri tərəfindən ümumilikdə 18,5 milyon ABŞ dollarından artıq pul vəsaitin (müvafiq dövrün məzənnəsi ilə 31.5 milyon manatdan artıq) Azərbaycan Respublikasında müvəkkil edilmiş bankın hesabına qaytarılmaması müəyyən edildiyindən Anar Süleymanov barəsində həbs-qətimkan tədbiri seçilib.

“EA-Fruits” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ümumilikdə 30.4 milyon ABŞ dollarından artıq pul vəsaitinin (müvafiq dövrün məzənnəsi ilə 51.8 milyon manatdan artıq) qaytarılmamasına görə Adil Məmmədov barəsində də həbs qərarı verilib.

“ART GREEN” MMC tərəfindən ümumilikdə 1,3 milyon ABŞ dollarından artıq məbləğdə pul vəsaitini (müvafiq dövrün məzənnəsi ilə 2,2 milyon manatdan artıq) müvəkkil edilmiş bankın hesabına qaytarılmamasına görə də daha üç sahibkar haqda polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib.

Hazırda Dövlət Gömrük Komitəsindən daxil olmuş digər bu kateqoriya materiallar üzrə, yəni mal və məhsul ixrac etməklə əldə edilən pul vəsaitinin Azərbaycana qaytarılmamasına görə prokurorluq orqanlarında istintaq aparılır. Yada salaq ki, ötən ay başqa bir şirkətlə bağlı analoji hal baş vermişdi. “Diamond Motors”un ölkədən külli miqdarda pul çıxarıldığı iddiası var idi. Belə ki, “Mitsubishi Motors” MMC-nin Azərbaycanda rəsmi dileri olan “Diamond Motors”la bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib. “Diamond Motors”un İnzibati Xətalar Məcəlləsinin iqtisadi fəaliyyət qaydaları əleyhinə olan 430.4-cü maddəsini pozduğu məlum olub. Maddəyə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

Sahibkarlar ölkədən qaçırdıqları pulları harada saxlayır? Niyə bu pulları ölkəyə qaytarmaq istəmirlər? 

Qeyd etmək yerinə düşər ki, ötən il xarici valyutada qiymətli kağızların Azərbaycana gətirilməsi və ölkədən çıxarılması halları müəyyənləşdirilib. Bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Rezidentlər və qeyri-rezidentlər tərəfindən xarici valyutanın Azərbaycana gətirilməsi və çıxarılması Qaydaları”nın təsdiq edilməsi barədə” 2016-cı il 3 mart tarixli qərarına dəyişikliyi təsdiq edib.

Dəyişikliklərə əsasən, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər xarici valyuta ilə yanaşı, xarici valyutada qiymətli kağızları da nominal məbləğindən asılı olmayaraq gömrük prosedurlarına əməl etməklə məhdudiyyət olmadan Azərbaycan Respublikasına gətirə bilərlər.

Bundan başqa, 10 min ABŞ dolları ekvivalentinədək olan nağd xarici valyutanı, habelə xarici valyutada qiymətli kağızları gömrük orqanında şifahi formada bəyan etməklə Azərbaycandan çıxarıla bilər. Həmçinin 10 min ABŞ dolları ekvivalentindən çox olan xarici valyutada qiymətli kağızların əvvəllər Azərbaycan Respublikasına gətirilməsini təsdiq edən gömrük sənədlərini və yazılı formada bəyannaməni gömrük orqanına təqdim etməklə ölkədən çıxarıla bilər.

Xarici valyutada olan qiymətli kağızlarla bağlı bu qaydaların tələbləri çeklərə və digər ödəniş sənədlərinə də şamil edilir.

Əkrəm Həsənov: "Vəkillər Kollegiyasının sədri qadın seçilərsə, vay  Kollegiyanın halına..." - MÜSAHİBƏ Pravda.az

Hüquqşünas, bank məsələləri üzrə mütəxəssis Əkrəm Həsənov mövzu ilə bağlı fikrini bölüşüb: “Burada söhbət Cinayət Məcəlləsinin 208-ci maddəsindən – xarici valyuta vəsaitlərini xaricdən qaytarılmamasından gedir. Əgər məbləğ xeyli miqdardadırsa, 20 min manatdan yuxarı olanda 3 ilədək azadlıqdan məhrumetmə olacaq, külli miqdardadırsa, yəni 30 mindən yuxarıdırsa, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Onu da xatırladım ki, 20 min manata qədər inzibati xəta sayılır, məbləğ 20 min manatdan yuxarıdırsa, bu artıq cinayət sayılır. Tutaq ki, sahibkar bir xarici şirkətlə hər hansı bir müqavilə bağlayır, Azərbaycan bankına pulu köçürür və iki il müddətində mövcud qanunvericiliyə görə ya aldığı mal, xidmət Azərbaycana daxil olmalıdır və gömrük sənədlərini banklara təqdim etməlidir. İki il ərzində mal gəlmirsə, pulu qaytarmalıdır. Qaytarmırsa, deməli, pozuntu var. Bunu da ayırd etmək lazımdır. Bəzən sahibkar bunu qəsdən etmir. Tutaq ki, mən sahibkaram, xaricdən mal sifariş vermişəm. Malı oradakı xarici şirkət göndərmədi, məni aldatdı. Bu halda mənim günahım yoxdur. Cinayət Məcəlləsində məqsəd odur ki, sahibkarlar Azərbaycandakı valyutanı qanunsuz şəkildə çıxarmasınlar. Amma niyyətim o olmayıb, kimsə mənə qarşı dələduzluq edib. Təəssüf ki, Azərbaycanda bu məsələlər diqqətlə araşdırılmır. Amma bir sıra hallarda sahibkarlar bunu bilə-bilə, qəsdən edirlər, pulu Azərbaycandan çıxarırlar. Pulu harada saxlayırlar, o ölkələrdə ki, orada vergi azdır, “ofşor”dadır. Bir çox hallarda Azərbaycandan çıxarılan o pullar elə dövlət məmurlarının pulu olur. Bu yolla pullarını xaricə çıxarırlar. Guya orada ev, villa alırlar. Sahibkarlıq fəaliyyəti ilə bağlı problemlər çoxdur, amma bu haqq qazandırmır ki, ölkədən pulu qanunsuz çıxarasan. Söhbət qanunsuz əldə edilən vəsaitdən gedir. Bir çox hallarda qanunsuz, korrupsiya, rüşvətlə əldə edilən pulları ölkədən çıxarırlar”./musavat.com

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password