Liderlərdən ortaq təlimat: Dəhlizin önündəki maneə qalxır

 

Kazan şəhərində keçirilən görüş kifayət qədər diqqət mərkəzinə düşdü. Belə ki, son dövrlər Azərbaycan-Ermənistan arasında sülh müqaviləsinin imzalanması ilə bağlı müxtəlif çağırışlar edilir. Həmçinin Qərb tərəfdən Azərbaycana müəyyən təzyiqlər də edilirdi ki, yarımçıq bir sülh müqaviləsi imzalansın. Təbii ki, Azərbaycan bununla razı deyildi. Azərbaycanın özünün şərtləri var. Yekun sülh müqaviləsinin imzalanması üçün Ermənistan Konstitusiyasında hökmən dəyişikliklər edilməlidir.

Bunu açıqlamasında politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, ötən ilin iyulunda Brüssel görüşündən sonra Azərbaycan və Ermənistan liderləri Kazanda bir araya gəldilər:

“Bu görüş əvvəlki formatlardan fərqli olaraq geniş heyətli oldu. Yəni xarici işlər nazirləri də bu görüşdə iştirak etdilər. Bu da görüşün effektivliyini artıran məsələlərdən biridir. Belə ki, bu cür görüşlərdə bir çox məsələlər yerindəcə həllini tapır, yaxud yerindəcə göstərişlər verməklə prosesi daha sürətlə irəli aparmaq imkanı yaranır. Saat yarımlıq görüşün sonunda xarici işlər nazirlərinə sülh layihəsi üzərində işin davam etdirilməsi və ən qısa zamanda onun yekunlaşdırılması ilə bağlı tapşırıqlar verildi. Kazandakı görüşün əsas məqamlarından biri Rusiyada keçirilməsi oldu. Təbii ki, Rusiya burada vasitəçi rolunda çıxış etmədi. Sadəcə olaraq, məkan olaraq Rusiya ərazisi olduğundan bütün hallarda bu, Rusiyanın aktivinə yazıldı.

Bu prosesdə Rusiya Qərbdən bir addım önə çıxdı deyə bilərik. Amma Azərbaycan bu məsələləri diqqətlə həyata keçirir. Həmçinin prosesdə kənar vasitəçilərin olmasını istəmir. Məhz Bakı ikitərəfli görüşə maraqlıdır. Ermənistan da artıq bunu qəbul etməyə başlayıb. Məhz ikili formatda proseslər daha sürətlə irəliyə gedə bilir. O baxımdan bundan sonrakı məsələdə hesab edirəm ki, marağı olan tərəflər bu prosesə qarışmayacaqlar. Ən azı Rusiya tərəfindən bu açıqlamalar verilib. Rusiyanın xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova bir müddət öncə bildirmişdi ki, onlar Qərbdən fərqli olaraq Güney Qafqazda Azərbaycan-Ermənistan arasında sülhə səmimi şəkildə maraqlıdırlar. Bu prosesdə iştirak edərkən özlərinin hansısa bir şərtlərini prosesə daxil etmək niyyətdə deyillər. Kazandakı görüşmədə də faktiki bunu gördük. Yəni Rusiya tərəfi prosesdə hansısa bir formada müdaxilə etmədi”.

 

Oqtay Qasımov bildirib ki, Qərb prosesin Rusiyada olmasından çox da məmnun deyil:

“Qərb bir formada prosesə mane olmağa çalışacaq. Bu, Qərbin müxtəlif strukturları və təşkilatlarının Azərbaycana qarşı təxribatçı və qərəzli açıqlamaları ilə müşahidə olunur. Bu mənada Avropa Parlamentinin son bəyanatı da təbii ki, qəbuledilməz sənədlər siyahısındadır. Bütün hallarda prosesin irəli getməsi üçün ikitərəfli formata ehtiyac var. Eyni zamanda Azərbaycan da bunda israr edir. Hər halda dünənki görüş prosesi müəyyən qədər irəli aparmağa imkan verəcək.

Məhz əsas əngəl olan məsələni çıxmaq şərti ilə digər məsələlər üzərində qısa müddətdə anlaşma əldə edilməsi mümkündür. Paşinyanın çıxışından belə aydın oldu ki, Ermənistan faktiki olaraq Azərbaycanın irəli sürdüyü təkliflərin əksəriyyətini qəbul etməklə, həm də Zəngəzur dəhlizindən Azərbaycan vətəndaşlarına asanlaşdırılmış keçidi təmin etməyə də hazır olduğunu bəyan etdi. Bu da müsbət tendensiya sayıla bilər. Bu baxımdan qısa müddətdə yekun sülh müqaviləsini imzalamaq mümkün olmayacaq. Ermənistan Konstitusiyasında dəyişikliklə bağlı referendum keçirilməyib. Amma hansısa bir çərçivə sənədi ola bilər ki, bu, gələcək sülh müqaviləsinin özəyini təşkil edə bilər”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password