Binəqədidə qanunsuz obyektin inşası yenidən davam etdirilir-VİDEO
Bakı şəhəri, Binəqədi rayonu, Xocasən qəsəbəsi, Elçin Əzizov küçəsində həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı redaksiyamıza daxil olmuş məlumatları aidiyyəti üzrə Bakı şəhər İcra Hakimiyyəti başçısına, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədrinə ünvanlamışıq. Adresatlara göndərilən 12.06.2024-cü il tarixli məktubda həmçinin göstərmişdik ki, sözügedən tikinti işlərinin aparılmasına dair aidiyyəti dövlət qurumlarının lazımi icazəverici sənədləri alınmadığı, tikinti işlərinin aparıldığı ərazinin üst hissəsindən yüksək gərginlikli elektrik xətlərinin keçdiyi, hətta ərazinin ARDNŞ-nin balansında olduğu, inşası həyata keçirilən tikiliyə aid müxtəlif işlər görülərkən normativ tələblərə riayət olunmadığı, ətraf ərazilərə xoşagəlməz səs-küy yayıldığı, yaxın yerlərdə yaşayan sakinlərin narazılıq etdikləri bildirilir. Məktubda qeyd olunan tikinti işləri ilə bağlı lazımi araşdırmaların aparılması və nəticə barədə redaksiyamızın məlumatlandırılması xahiş olunmuşdu.
Bakı şəhər İcra Hakimiyyəti məktubumuzu 16.07.2024-cü il tarixdə Binəqədi rayon İcra Hakimiyyətinə yönləndirmişdir. Binəqədi RİH-dən Mediatv.az-ın redaksiyasına 29.07.2024-cü il tarixli 5-10/2-1698/2024 nömrəli cavab məktubu gəlmişdir. RİH başçısının müavini Sevinc Süleymanovanın imza atdığı məktubda bildirilir ki, məsələ ilə əlaqədar sözügedən ünvanda aparılan tikinti işlərinə RİH-nin əməkdaşları tərəfindən texniki baxış keçirilmiş və qeyd olunan faktlar öz təsdiqini tapmışdır. Cavab məktubunda həmçinin bildirilib ki, RİH tərəfindən qeyd olunan tikintilərə məlumatlandırma icraatı çərçivəsində hər hansı bir rəy bildirilməmiş və heç bir icazə sənədi verilməmişdir. Eyni zamanda, hər hansı bir mövcud tikilinin sökülməsi qanunauyğun olaraq RİH-nin səlahiyyətlərinə aid edilməməsinə baxmayaraq, RİH tərəfindən təxirəsalınmaz tədbirkər görülərək aparılan tikinti işləri dayandırılmış və ərazi ciddi nəzarətə götürülmüşdür. Eləcə də vətəndaşa aidiyyəti icazə sənədlərinin əldə edilməsi tövsiyə olunmuşdur.
Bu günlərdə redaksiyamıza daxil olmuş növbəti məlumatda isə bildirilir ki, Binəqədi RİH tərəfindən dayandırıldığı bildirilən tikilinin inşası davam etdirilməkdədir.Tikinti aparan şəxs heç bir sənədi qaydalaşdırmamışdır. Qeyd olunur ki, tikilini aparan adam məsələyə hansısa “qeyri-məhdud imtiyazlı” şəxsləri qoşmuş, hətta baxış keçirmək üçün ünvana gələn FHN-nin əməkdaşlarının belə əraziyə daxil olmasına mane olmuşlar.
Mövzuya qayıdacağıq.
Aktualinfo.org