İtaliya Azərbaycandan təbii qaz idxalını əhəmiyyətli dərəcədə artırıb – “Eurostat”
İtaliya Azərbaycandan illik təbii qaz idxalını təxminən 12 faiz artırıb.
Bu barədə sorğuya cavab olaraq Avropa İttifaqının Statistika İdarəsi – “Eurostat”dan məlumat verilib.
İtaliya 2024-cü ilin iyul ayında Azərbaycandan 832 milyon kubmetrdən çox təbii qaz idxal edib, bu rəqəm 2023-cü ildə 743,2 milyon kubmetr təşkil edirdi.
2024-cü ilin iyul ayında idxalın dəyəri 316,8 milyon avro olub, halbuki ötən ilin eyni dövründə bu rəqəm 259,4 milyon avro idi ki, bu da 22 faizdən çox artım deməkdir.
2024-cü ilin yanvar-iyul ayları ərzində İtaliya Azərbaycandan 5,7 milyard kubmetr qaz idxal edib və bunun dəyəri 1,96 milyard avro təşkil edib. Müqayisə üçün, ötən ilin eyni dövründə bu rəqəm 5,3 milyard kubmetr qaz və 3 milyard avrodan çox olub.
2023-cü ildə İtaliya Azərbaycandan ümumilikdə 9,3 milyard kubmetr qaz idxal edib və bu idxalın dəyəri 4,97 milyard avro təşkil edib.
Qeyd edək ki, 31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizi vasitəsilə Avropaya qaz nəqlinə başlayıb. Bu dəhliz Xəzər dənizi regionundan qazın Gürcüstan və Türkiyə üzərindən Avropa ölkələrinə daşınmasını təmin edir.
2022-ci ilin iyul ayında Azərbaycan və Avropa İttifaqı Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünün cari 10 milyard kubmetrdən 2027-ci ilədək 20 milyard kubmetrə çatdırılması barədə razılıq əldə edib./trend.az