Ekspert: “ordumuz saat kimi işləyir – hər kəs öz yerini, tapşırığını bilir”

“Təlim döyüşəqədər, döyüş və qərargah hazırlığının ən yüksək həddidir”.

“Genişmiqyaslı təlimlər Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyevin təsdiq etdiyi plan üzrə keçirilir. Azərbaycan ordusunun müxtəlif səviyyəli rəhbərliyi ilə keçirilən bu təlimlərdə də digərləri kimi qarşıya qoyulan məqsədlərə nail olunur”.

Bunu mətbuata açıqlamasında ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.

Onun sözlərinə görə, belə genişmiqyaslı təlimlər yüksək peşəkarlıq tələb edir: “Əlaqəli şəkildə fəaliyyətin peşəkar səviyyədə təşkil olunması isə hər bir hərbçinin yüksək səviyyəli fərdi hazırlığından başlayır. Ordunun hər bölməsinin heyəti, istər atıcılar olsun, istər sürücü, zirehli texnika heyəti və ya topçular, hər biri il ərzində əzmlə çalışıb, qarşıya qoyulan tapşırıqları yerinə yetirirlər. Genişmiqyaslı təlimlərdə isə bütün bölmələrin fəaliyyətinin qarşılıqlı əlaqəsi təmin olunur. Beləliklə, ordumuz saat kimi işləyir – hər kəs öz yerini, tapşırığını bilir, vaxtı düzgün planlaşdırır”.

Şair Ramaldanov təlimlərdə ən müasir silah sistemlərindən istifadə olunduğunu bildirib:

“Təlim döyüşəqədər, döyüş və qərargah hazırlığının ən yüksək həddidir. Ondan sonra döyüşdür. Təlimlərdə təliməqədər gedən döyüş və qərargah hazırlığı, ümumiyyətlə bütün heyətin hazırlıq səviyyəsi yoxlanılır. Bunun üçün onların real döyüşə yaxın ssenari hazırlanır və bütün icraat bu istiqamətdə aparılır. Bu, öz vəzifələrini yerinə yetirmək üçün ən önəmli və əsas vasitədir.

Genişmiqyaslı təlimlərdə ən müasir silah və texniki vasitələrin istifadəsi, qərargahlararası qarşılıqlı əlaqələrin təşkilində və idarəetmədə həmin texnologiyaların tətbiqi, qərarların qəbul edilməsi, informasiya mübadiləsi, əmrlərin ötürülməsi plana uyğun olaraq həyata keçirilir. Piyadaçılar, zirehli texnika, artilleriya, qabaq hücumdan operativ şəkildə müdafiə və s. ümumi ssenarini təşkil edir.

Təlimlərdə idarəetmə məntəqələrinin yerdəyişməsi, qısa vaxtda fəaliyyətinin bərpası, şəxsi heyətin bölmə və hərbi hissələrin qarşıda qoyulan tapşırıqlarını yerinə yetirilməsi və düzgün idarə olunması prosesi yoxlanılır.

Hazırki ssenari işğal olunmuş torpaqların azad edilməsi üçün gələcəkdə ola biləcək hərbi əməliyyatlar üzərində qurulub. Şərti düşmən kimi həmin istiqamətdə olan düşmən götürülür. Bu fonda bütün hesablamalar aparılır. Bu təlimlərdə döyüş vaxtı ortaya çıxa biləcək bütün amillər nəzərə alınır”.

Ekspert qeyd edib ki, təlimlər yüksək səviyyədə keçirilir: “Buna görə bütün imkanlar mövcuddur. Sıravi heyətlə yanaşı təlimlərə müddətdən artıq (müqavilə əsasında xidmət edən) mütəxəssislər cəlb olunub. Həmin mütəxəssislər vəzifələrini peşəkar icra edirlər. Onların respublikadan kənarda qazandıqları uğurlarını da görürük. Qarşıya qoyulan məqsədə uğurla nail olacağıq.

Silahlı Qüvvələrin Ali Baş Komandanı Azərbaycan Ordusuna verilən qiyməti dəfələrlə söyləyib. Bu isə onu göstərir ki, Azərbaycan Ordusu qarşıya qoyulmuş hər hansı bir tapşırığı yerinə yetirməyə hazırdır. Bu təlimlər həmin hazırlığı daha da təkmilləşdirir. Təlimlər öz torpaqlarımızı azad etmək üçün apara biləcəyimiz əməliyyat üçün əsası təşkil edir”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password