Dünyanın üzərindəki “Tramp kabusu” – “Prezidenti yalnız amerikalılar seçəcək, nəticəni isə bütün dünya hiss edəcək”
Məlum olduğu kimi, hazırda bütün dünyanın maraqla gözlədiyi ən vacib hadisələrdən biri, bəlkə də birincisi ABŞ-də noyabrda keçiriləcək prezident seçkiləridir. Əksər müşahidəçilər hesab edirlər ki, bu seçkinin nəticələri təkcə ABŞ-nin deyil, bütün dünyanın taleyinə təsir edə bilər.
“Politico” nəşrində bu mövzuyla bağlı ABŞ-nin NATO-dakı keçmiş səfiri İvo Daalderin məqaləsi dərc edilib.
Müəllif yazır ki, artıq xüsusilə də Avropa rəsmilərinin əksəriyyəti Trampın prezidentliyinin Avropa üçün hansı təhlükələri yaratdığını yaxşı təsəvvür və dərk edirlər. Onların fikrincə, Trampın qayıdışı qitənin rifahı üçün ciddi risklər yaradacaq: “Əksəriyyət ABŞ-nin Ukraynaya dəstəyinin zəifləyəcəyinə və NATO-ya davamlı dəstəyinin sual altında qalacağına inanır. Həmçinin Trampın tariflərə, proteksionizmə və bazarların bağlanmasına əsaslanan “iqtisadi millətçilik” kampaniyasına başlayacağına dair köklü bir anlayış var. Bu tədbirlər Avropa ölkələrinin iqtisadiyyatlarına ciddi ziyan vuracaq”.
Daalderin sözlərinə görə, bu səbəbdən avropalı rəsmilər, Avropa institutları və siyasətçiləri son aylarda qitəni “Trampdan qoruyan” planlar hazırlayırlar. Avropalı siyasətçilər onu da qeyd edirlər ki, müdafiə, silah istehsalı və hərbi potensialın gücləndirilməsinə artıq daha çox pul xərcləmək lazımdır: “Burada hamı Trampın prezidentliyinin qitəyə təsirinin böyük olacağını anlayır, lakin 450 milyon əhalisi olan Avropanın bu nəticələrin öhdəsindən gələ biləcəyi hissi də getdikcə artır. Burada yalnız daxili siyasətdə istisnalar ola bilər”.
Belə ki, onun fikrincə, Trampın ikinci qələbəsi Avropada milli siyasətə böyük təsir göstərəcək. Çox güman ki, seçiləcəyi təqdirdə, Tramp və onun “Amerikanı yenidən möhtəşəm et” hərəkatı ilə eyni siyasəti yayan ifrat sağçı populist partiyalar və hərəkatlar üçün əlavə stimul yaranacaq: “Mərkəzçi Avropa qüvvələri artıq bir çox ölkələrdə hakimiyyəti əldə etmək və ya saxlamaq üçün ifrat sağçıların dəstəyindən asılı düşməyə və onlarla əməkdaşlığa başlayıb. Artıq ifrat sağçı partiyalar yeddi Aİ ölkəsində koalisiya hökumətlərinə daxil olublar:
Xorvatiya, Çexiya, Finlandiya, Macarıstan, İtaliya, Hollandiya, Slovakiya.
Üstəlik, İsveçin hazırkı hökuməti ifrat sağçıların köməyindən asılıdır və Fransanın yeni sağ mərkəzçi hökuməti ölkəni yalnız Milli Qüvvələrin səssiz dəstəyi ilə idarə edə biləcək”.
Sabiq səfir vurğulayıb ki, bütün bu ifrat sağçı partiyalar Trampın əsas fikirlərini bölüşürlər. Onun sözlərinə görə, İtaliyanın Baş naziri Corciya Meloninin partiyası istisna olmaqla, digərləri millətçi, anti-immiqrant, rusiyapərəstdirlər və Ukraynanı dəstəkləməyə qarşıdırlar: “Onlar iqtisadi və sosial problemləri başqalarının, məsələn, əcnəbilərin, xristian olmayanların və ya digər “günah keçiləri”nin üzərinə yükləyirlər. Onlar Aİ-yə skeptik yanaşırlar və bəzi hallarda NATO-ya qarşıdırlar. Üstəlik, onların siyasətləri qeyri-liberaldır, müstəqil medianın sıxışdırılmasına, məhkəmə hakimiyyətinə və mərkəzi banklara nəzarətə yönəlib”.
O, əlavə edib ki, ABŞ prezident seçkilərində yalnız amerikalı seçicilər qərar verəcək, lakin bunun qlobal nəticələri olacaq: “Bu seçki şübhəsiz ki, 1860-cı ildən bəri ən mühüm seçki yarışı olacaq və bütövlükdə demokratiya üçün geniş nəticələrə səbəb olacaq”. /azpolitika.info