Rusiyanın dərinlikləri vurulsa, nə olacaq? – ABŞ kəşfiyyatı xəbərdarlıq edib

 

Ukraynaya Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verilməsi Moskvanın ABŞ-yə və onun müttəfiqlərinə qarşı cavab tədbirləri görməsinə səbəb olacaq.

Bunu “The New York Times” (NYT) nəşri Amerika kəşfiyyatındakı mənbələrinə istinadla yazıb.

Amerika kəşfiyyatının nümayəndələri belə qənaətə gəliblər ki, bu qərara cavab olaraq, Rusiya Avropada təxribatlar təşkil edə, ABŞ-nin və onun müttəfiqlərinin hərbi bazalarına hücumlar həyata keçirə bilər. Kəşfiyyat rəsmiləri hesab edir ki, Rusiya çox güman ki, Avropanın müxtəlif obyektlərində təxribat aksiyalarının sayını artıracaq, o cümlədən yanğınlar törədəcək. Lakin daha əvvəllər də Rusiya “QRU”-su tərəfindən həyata keçirilən bu cür əməliyyatların gizli xarakteri tərəflər arasında daha böyük münaqişə riskini azaldacaq.

Eyni zamanda, Amerika kəşfiyyatı hesab edir ki, ABŞ Ukraynaya Rusiyanın dərinliklərinə zərbə endirmək üçün icazə versə də, Kiyev münaqişənin gedişatını kökündən dəyişdirmək üçün kifayət qədər silaha malik deyil. Üstəlik, kəşfiyyat rəsmilərinin fikrincə, ilk zərbələrdən sonra Rusiya ordusu silah-sursat anbarlarını, komanda məntəqələrini, hücum helikopterlərini və digər mühüm döyüş qurğularını raketlərin uçuş məsafəsindən kənara çıxaracaq.

NYT-nin kəşfiyyatdakı həmsöhbətlərinin fikrincə, ABŞ Prezidenti Co Baydenin hansı qərarı verəcəyini hələlik söyləmək çətindir.

Xatırladaq ki, Ukrayna Prezidenti Volodimir Zelenski dəfələrlə Qərbdən Rusiya ərazisinə zərbələr endirmək üçün öz silahlarından istifadə etməyə dair icazə və bunu edəcək çoxlu sayda raketlər istəyib. Zelenski ABŞ-yə hazırda davam edən səfəri zamanı artıq Baydenlə görüşüb, lakin görüşdən sonrauzaq mənzilli silahlarla bağlı heç bir açıqlama verilməyib.

Bütün bunların fonunda Vladimir Putin Rusiyanın nüvə doktrinasında dəyişiklik edildiyini bəyan edib. Bundan sonra Kremlin qərarına görə, Rusiya öz ərazisinə “nüvə dövlətinin dəstəyi ilə istənilən qeyri-nüvə dövlətinin təcavüzünə” nüvə zərbəsi ilə cavab vermək haqqına malik olacaq. /azpolitika.info

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password