Dolların uçot dərəcələri endirildi, məzənnə dəyişə bilərmi? – Ekspert
ABŞ-ın mərkəzi bankı kimi çıxış edən Federal Ehtiyat Sistemi (FED) sentyabrın 17-18-də keçirilən ikigünlük iclasının sonunda uçot dərəcəsini 50 baza bəndi – illik 4.75-5.25% səviyyəsinə endirib. FED-in uçot dərəcələrini 4 ildən sonra endirməsi maraqla qarşılanıb. Bu fakt dollar-manat məzənnəsinə necə təsir göstərəcək?
Mövzu ilə bağlı danışan iqtisadçı Xalid Kazımlının sözlərinə görə, Azərbaycanda dollar heç vaxt ucuzlaşmayacaq:
“Hazırda dolların Azərbaycanda ən ucuz vaxtlarından biridir. Düzdür, dolların 78-80 qəpik olduğu dövrü də görmüşük. İndi ən ucuz dövrü 1.70 məzənnəsidir. Azərbaycanda üzən məzənnə siyasəti tətbiq edilmədiyindən dolların faiz dərəcəsinin endirilməsi məzənnəyə təsir etmir.
Azərbaycanda sabitlənmiş bir məzənnə rejimi var. Dollar ucuzlaşanda digər valyutalara görə manat da ucuzlaşır. Dollar necə hərəkət edirsə, manat da elə hərəkət edir. Mərkəzi Bankın mövcud siyasəti dəyişmək fikrində olmadığını görürük”.
Ekspert vurğulayır ki, dollar ucuzlaşacaqsa, manat da digər valyutalara görə ucuzlaşacaq:
“Dollar necə dəyişirsə, manat da o cür dəyişir. Dolların ucuzlaşması Azərbaycan üçün müsbətdir. Manatın avroya, rubla, digər valyutalara görə ucuzlaşması ölkə iqtisadiyyatı üçün müsbətdir. Amma inflyasiya üçün mənfi haldır. Çünki avro və rublla alının malların mayası bahalaşır. Yerli iqtisadiyyat üçün isə yaxşıdır”