Üç keçmiş sovet ölkəsi təşvişdə: NATO-nu köməyə çağırdılar
Estoniya müdafiə naziri Hanno Pevkur NATO-nu Rusiya ilə həmsərhəd üzv ölkələrin hava hücumundan müdafiəsini gücləndirməyə çağırıb.
Bu barədə “Blumberq” yazır.
Nəşr bildirir ki, ballistik raketlərə qarşı müqavimət alyans üzvlərinin müdafiəsində ən böyük boşluqlardan biridir. Xüsusilə, NATO-nun müdafiəsində önəmli rol oynayan “Patriot” sistemi kimi uzaqmənzilli silahlar da çox bahadır.
“Ən kritik vəziyyət sərhədyanı ölkələrlə bağlıdır”, – nazir vurğulayıb.
Məqalədə xatırladılır ki, iyulda NATO-nun qərargahı üzv ölkələrə yeni müdafiə qüvvələri və vasitələri ilə bağlı təkliflər göndərib. Bu təkliflərin 2025-ci ilin ikinci yarısında bütün alyans tərəfindən qəbul ediləcəyi gözlənilir.
Xüsusilə, hava hücumundan müdafiə vasitələrinin alınmasının vacibliyi ötən həftəsonu iki Rusiya PUA-sının Latviya və Rumıniya ərazisinə düşməsindən sonra bəyan edilib. Latviya bundan sonra ölkənin hava məkanında dronları aşkar etmək imkanlarının məhdud olduğunu açıqlamışdı. Həmçinin ölkənin müdafiə naziri Andris Spruds NATO-nun yüksək rütbəli rəsmiləri ilə görüşü zamanı alyansın Latviyadakı mövcudluğunu gücləndirməyə çağırıb.
Öz növbəsində Litva müdafiə naziri Laurinas Kaşçiunas NATO-nun Baltikyanı ölkələrdə hava nəzarətinin genişləndirilməsini təklif edib. Söhbət həm də hava məkanına daxil olan şübhəli vasitələrin dərhal məhv edilməsi ilə bağlıdır.
Ötən həftə Estoniya Silahlı Qüvvələrinin baş komandanı Andrus Merilo hökuməti uzaqmənzilli sistemlər üçün 1.6 milyard avro dəyərində əlavə sursat almağa çağırıb. Onun sözlərinə görə, bu silahlar olmadan Rusiya ilə hərbi toqquşma fəlakətli itkilər demək olacaq.