Ordu Göyçənin Şərqinə girə bilər – Əməliyyatlar bu vaxt başlayacaq
“Bakı” politoloqlar klubunun rəhbəri, siyasi ekspert Zaur Məmmədov Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
– Azərbaycan Konstitusiyasında Ermənistan və digər qonşu ölkələrə qarşı ərazi iddiası olmadığı halda Nikol Paşinyanın bu mövzuya toxunmasında məqsəd nə idi?
– Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Ermənistan da 1991-ci ildə müstəqillik qazanarkən “Ararat” respublikasının varisi olduğunu bəyan edə bilərdi. Sadəcə olaraq ermənilər yaxşı bilir ki, həmin dövrdə “Ararat” respublikasının ərazisi 9 min kv km olub. Belə olan halda varis sözü Ermənistanın əlehinə işləyəcəkdi. Amma Ermənistan konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasını əks etdirən əsassız müddəalar yer alıb. 1918-ci mayında Ermənistan mövcud olmayıb. Paşinyan yəqin ki, bunu dərk etmir. Eyni zamanda 1920-1921-ci illərdə Ermənistan hansı ərazilərə malik idi? 1991-ci il müstəqillik günü Ermənistan hansı ərazilərə sahib olub? 30 il ərzində isə ermənilər daha da irəliyə getdilər. Şərqi Zəngəzuru və Qarabağı da işğal edərək 29 min kv km olan ərazilərinə növbəti Azərbaycan torpaqlarını birləşdirmək iddiasına düşdülər. Onların bu istiqamətdə iddiaları davam etməkdə idi. Elə Paşinyan hökuməti tərəfindən Azərbaycan ərazilərini işğal etməklə bağlı açıqlamaları vardı. Ona görə də, Paşinyan növbəti sərsəm bəyanatlarından imtina etsə, daha yaxşı olar.
– Erməni tərəfinin bu davranışlarına rəsmi Bakının mövqeyi necə olacaq?
Azərbaycan 2027-ci ilə qədər Ermənistanın konstitusiya dəyişikliyi ilə bağlı bəyanatları ciddi qəbul etmir. İrəvan vaxt qazanmaqla, bəhanələrlə məşğuldur. Onun məqsədi erməni ordusunu gücləndirməkdən ibarətdir. Düşünürlər ki, bu halda revanş ala biləcəklər. Bu baş verənlər isə yeni müharibə riskini artırır. Bu günlərdə qondarma rejimin ildönümü ilə bağlı İrəvanda keçmiş hərbi canilər Röbert Köçəryan, Samvel Şahramanyanın Qarabağ ermənilərinə “müraciət”i bir daha göstərir ki, ciddi şəkildə bir neçə aydan sonra Azərbaycan tərəfindən Ermənistana təzyiqlərin edilməsinə şahidlik edəcəyik.
– Bakının bir neçə aydan sonra sərt mövqedən çıxış etməsinə səbəb nə olacaq?
– Çünki Azərbaycanın başqa çıxış yolu yoxdur. Bir neçə il ərzində Ermənistan sülh müstəvisində heç bir addım atmadı. Hətta Azərbaycanda keçiriləcək COP29 dövründə sülh müqaviləsini imzalamaq üçün şans var idi. Amma Ermənistan əlində olan bu şansdan istifadə etmədi. Bu hadisələr onu göstərir ki, Ermənistan ona ünvanlanan sərt ultimatumlardan belə nəticə çıxarmadı.
– Azərbaycanın əsas tələbləri nədən ibarət ola bilər?
– İlk növbədə Zəngəzur ərazisi və Göyçə gölünün Şərqi Azərbaycan sərhədində olan ərazilər silahsızlaşdırılmalıdır. Bununla bağlı nümunələr mövcuddur. I və II Dünya müharibəsində Almaniya, İraq nümunələri var. Ona görə də, Ermənistan silahsızlaşdırılmalıdır.
– Rəsmi İrəvanı hər məsələdə müdafiə edən Qərbin bu prosesə yanaşması necə olacaq?
– 30 il işğalçılıq edən və indiki halda məğlub olmuş Ermənistanın silahlandırılması elə Qərbin özündən soruşulmalıdır. İntensiv şəkildə Ermənistana hücum silahları verilir. Heç bir öhdəliyi yerinə yetirməyən, Zəngəzur dəhlizini açmayan, sülh müqaviləsini imzalamayan Ermənistana yanaşma dəyişməlidir.
– Silahsızlaşdırma necə həyata keçirilməlidir?
– Azərbaycan tələb edə bilər ki, Ermənistanla sərhəddə bufer zona yaradılsın. Əgər bunu etməyəcəklərsə, Azərbaycan Silahlı Qüvvələri Göyçənin Şərqində və Qərbi Zəngəzur bölgəsində özü həmin şəraiti təmin etməyə vadar olacaq. Nə qədər gec deyil Ermənistan bunu etməlidir.