Hərbi bazada Türkiyəyə qarşı gizli toplantı: İran da planda yer aldı
ABŞ-ın PKK sevgisi bitmir. Terror təşkilatına saysız-hesabsız TIR-larla silah-sursat göndərən ABŞ PKK liderləri ilə də açıq şəkildə görüşür.
Bu barədə “Yeni Şafak” yazır.
Türkiyə nəşri bildirir ki, bu görüşlərin sonuncusu Suriyanın şimal-şərqində baş tutub:
“Başına 10 milyon lirə mükafat qoyulmuş və qırmızı bülletenlə axtarılan PKK/YPG-nin lideri, Məzlum Kobani ləqəbli Fərhad Abdi Şahin avqustun 26-da Hasəkənin Şəddade şəhərindəki ABŞ bazasına gəlib.
PKK lideri ABŞ-ın CH-47 “Chinook” hərbi helikopteri ilə bazaya eniş edib.
Kobani burada ABŞ rəsmiləri ilə görüşüb. Görüşə Şahindən başqa, Suriyadakı bəzi tayfalar, İrana bağlı qruplaşmalar və Bəşər Əsəd rejiminin təmsilçiləri də qatılıb.
Görüşdən sonra baş terrorçu bazanı gəldiyi ABŞ helikopteri ilə tərk edib.
YPG-nin PKK-dan ayrı olduğunu iddia edən ABŞ terror təşkilatına dəstək verməkdən çəkinmir”.
Fərhad Abdi Şahin ötən aylarda helikopterlə İraqın Süleymaniyyə şəhərinə gedərkən vurulmuş, yanındakı 2 ABŞ hərbçisi yaralanmışdı.
ABŞ ordusunun ehtiyatda olan polkovniki Duqlas Makqreqor bundan öncə Suriyada PKK/YPG terror təşkilatını Türkiyəyə hücuma hazırladıqlarını etiraf etmişdi.