700 min adamın maaşı artacaq: Detallar açıqlandı
Saatlıq minimum əməkhaqqı dünyanın bir sıra ölkələrində tətbiq olunur. Bu, əməkhaqlarının miqyasını daha aydın formada müqayisə etməyə imkan açır. Hüquqi baxımdan da mükəmməl yanaşmadır.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, iqtisadçı Əli Məsimli deyib.
O qeyd edib ki, Azərbaycanda tədricən saatlıq minimum əməkhaqqına keçid vacibdir:
“Hazırda ölkəmizdə minimum əməkhaqqı faktorundan istifadə edilir. Minimum əməkhaqqı ölkədə 345 manat səviyyəsindədir. Orta aylıq əməkhaqqı isə 1000 manatdan artıqdır. Ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən minimum əməkhaqqı orta aylıq əməkhaqqının 60 faizinə yaxın olmalıdır”.
Millət vəkili hesab edir ki, indiki halda minimum əməkhaqqının 33-35 faizlik həddindən birdən-birə 60 faizə çatdırmaq çox çətindir:
“Mərhələlərlə bunu etmək mümkündür. Paralel olaraq boşluqlar olmaması üçün saatlıq minimum əməkhaqqı məsələsi ilə bağlı qaydalar hazırlanmalıdır. Çünki minimum əməkhaqqının artırılması yuvarlaq götürsək 700 min adamın maaşına təsir göstərəcək”.
Əli Məsimli özəl sektorda maaşların bir qisminin nəğd şəkildə verilməsi hallarına da toxunub:
“Bu, özəl sektorun özü üçün ziyanlıdır. Ona görə də, maaş bütöv şəkildə verilməlidir. Bu səbəbdən də Azərbaycanda saatlıq əmək haqqının tətbiq edilməsi vacibdir”.