Çin bu strateji məhsulların satışına qadağa qoyub – Qiymətlər kəskin bahalaşır
Çinin yarımkeçirici sənayesində, hərbi və rabitə avadanlıqlarının komponentlərində istifadə edilən qallium və germaniumun tədarükünə ixrac məhdudiyyətləri Qərb bazarlarında bu strateji metalların qiymətlərinin demək olar ki, iki dəfə artmasına səbəb olub.
Bu barədə “Financial Times” (FT) məlumat yayıb.
Qəzetdə dərc olunan məqalədə qeyd olunur, bu metalların Qərb müştərilərinə tədarükünə “milli təhlükəsizlik maraqları naminə” qoyulan bu cür məhdudiyyətlər mütərəqqi mikroprosessorların və optik məhsulların istehsalına təsir göstərə bilər. ABŞ Geoloji Xidmətinin məlumatına görə, Çin qalliumun 98%-ni və germaniumun 60%-ni istehsal edir.
“Çindən təchizat məsəsələsi ilə bağlı vəziyyət kritikdir, biz onlardan asılıyıq”, – nəşr təsirə məruz qalmış Qərb şirkətlərindən birinin əməkdaşından sitat gətirir.
Almaniyanın “Tradium” şirkətinin nümayəndəsi Jan Giesenin sözlərinə görə, bu ixrac nəzarət tədbirləri Çindən kənarda hamı üçün əlavə stress yaradır və bazarlardakı vəziyyəti çətinləşdirir.
2023-cü ildə tətbiq edilən yeni qaydalara əsasən, bu məhsulların Çindən ixracı və xarici bazarlarda satılması üçün ixracatçı ölkənin Ticarət Nazirliyinə ərizə, xarici ticarət müqaviləsi və texniki şərtləri, habelə tədarükün məqsədi və göstərilən malı xaricdə qəbul edən son alıcı haqqında rəsmi təsdiqedici sənədlər təqdim edilməlidir.