Amerikanın ikibaşlı sülh oyunu: Bakıdan tələb edirlər ki…
Bu gün ABŞ-nin siyasi mənzərəsində dəhşətli proseslər yaşanır. Onlar hazırda siyasi dividentlər, müsbət nəticələr axtarışındadırlar. Amerikada olan görüntülər, deyilən sözlər seçkiqabağı öz maraqlarının önə çəkilməsi ilə bağlıdır. Təbii ki, burada Amerika tərəfi Azərbaycanla Ermənistan arasında sülh prosesinin irəliyə aparılmasına maraqlı deyil.
Bunu Azərbaycanın AŞPA-da nümayəndə heyətinin rəhbəri, Milli Məclisin VI çağırış deputatı olmuş Səməd Seyidov deyib.
O qeyd edib ki, Amerika illər boyu, həmişə nəyisə Azərbaycandan tələb edib:
“Azərbaycan torpaqları Ermənistan tərəfindən işğalda saxlanılan dövrdə də tələb edirdilər ki, bununla razılaşaq. ATƏT-in Minsk qrupunun fəaliyyəti dövründə də Bakıya “şərtlər” irəli sürülürdü. İşğal “reallıqlarını” qəbul etdirmək üçün çalışırdırlar. İndi isə reallıq tamamilə fərqlidir”.
AŞPA təmsiçlisi hesab edir ki, Ermənistan indi şərtləri icra edəcəyi halda Ağ Ev yenə də Azərbaycandan nələrisə etməyi istəyir:
“Əslində isə Amerika Azərbaycan Prezidentinin gündəmə gətirdiyi məsələni ən yüksək səviyyədə dəstəkləməlidir. Söhbət Ermənistandan Azərbaycana qarşı ərazi iddialarının gündəmdən çıxarılmasından gedir. Bu referendumun keçirilməsi, Ermənistan Konstitusiyasının dəyişdirilməsi, işğal fəlsəfəsinin birdəfəlik silinməsini ehtiva edir. Azərbaycan işğalı, separatçılığı ləğv edib. Amma bunun zərərli kökləri qalır”.
Səməd Seyidova görə, indi də Ermənistana deyil Azərbaycana müraciət edirlər ki, hansısa reallıqları, məsələləri “güzəştə” gedərək qəbul edin:
“Bunu isə niyəsinin cavab çox sadədir. Çünki onların öz maraqları var. Qarşıdan seçkidən gəlir. Bu seçki isə ABŞ-da iqtidarda olan qüvvələrin məğlubiyyəti fonunda gedir. Sonuncu hadisələr isə bu prosesi daha da gərginləşdirdi. Eyni zamanda onlar yenə də köhnə əlaqələrini yəni, erməni lobbisi ilə münasibətləri kənara qoymaq istəmir. Seçki öncəsi onlardan istifadə etmək üçün həmin qrupun maraqlarına uyğun təşəbbüslər səslənir. Azərbaycan isə normal təşəbbüslərə hər zaman açıqdır. Sadəcə olaraq onlar hər iki tərəfi sülhə çağıraraq bir tərəfi kənarda qoyub digər tərəfə müraciət edirlər. Burada isə Azərbaycanın görəcəyi heç bir iş yoxdur. Bakı sülhlə bağlı öz təkliflərini irəli sürüb. Ermənistanın isə görəcəyi işlər isə çoxdur”.