Uşağa təcavüz Türkiyəni qarışdırdı – Əslində nə baş verir?
Ölkəmizdə suriyalı miqrantların meydana gətirdiyi sosial gərginliyi qaranlıq güc mərkəzləri istifadə etdi. Baş verənlərin Türkiyədə və Suriyada təzahürlərini gördük. Suriyadakı hadisələrin yenidən ölkəmizdəki vəziyyətin gərginləşməsinə səbəb olması da mümkündür. Yəni əslində hər iki hadisədə də ölkəmiz hədəf seçilib.
Bu sözləri Suriyada Türkiyəyə qarşı baş verən iğtişaşların səbəbləri haqqında danışan Bağçaşəhər Universitetinin Strateji Araşdırmalar Mərkəzinin sədri, terror və təhlükəsizlik məsələləri üzrə ekspert Abdullah Ağar deyib.
Alim törədilən iğtişaşlarda xarici xüsusi xidmət orqanlarının əlinin olmasını istisna etməyib:
“Türkiyədə olanları Suriyada öz məqsədləri üçün bəhanə edənlər, orda olanları da ölkəmizdə hansısa kirli planları həyata keçirmək üçün istifadə edə bilər. Əsas diqqət yetirməli olduğumuz məqam budur. İşin içində xarici kəşfiyyat orqanlarının izi görünür. Belə ki, rəsmi məlumata görə, təxribatlar üçün X-də 33 min bot hesabdan 224 min dənə provakasiya məqsədli tvit atılıb. Kimdir bunları belə qısa müddətdə edən? Bir qrup da meydana gələn məlumatsızlıqla bu işdə oyuncaq oldu. İlk olaraq qeyd edim ki, Kayseridə baş verən hadisə əvvəldən planlaşdırılmayıb. Bu, İraqda, Suriyada müşahidə olunan, müxtəlif sosioloji və mədəni səbəblərdən meydana gələn hamımızın qınadığımız təcavüz aktıdır. Yəni bu cinayəti şəxs özü törədib və heç bir taktiki, əməliyyat, strateji səviyyəsi yoxdur. Bu cinayətdən təxribat törətmək üçün istifadə edənlər arasında yaxalananların sayı 474-ü keçib. Yaxalananlar içərisində FETÖ-çülər və adı oğurluğa, qəsbçiliyə, narkomaniyaya və təcavüzə qarışmış cinayətkarlar var. Ölkəmizdə bir suriyalının türk qız uşağına təcavüzə cəhd etdiyini, Suriyada isə bunun əksini yaydılar. Ancaq əslində suriyalı şəxs öz qohumu olan qız uşağına təcavüz edib. Həmin uşaq da hazırda aidiyyəti orqanlarımız tərəfindən çox ciddi nəzarət və müşahidə altındadır”.
Ağar suriyalı qaçqınlar məsələsi üzərindən Türkiyədə qeyri-sabitlik yaratmaq istəyənlərin bu yolla dövlətə təzyiq göstərmək məqsədi güddüklərini vurğulayıb:
“Elmi baxımdan qaçqın, məcburi köçkün və miqrantların cəmiyyətin 4-5%-ni və daha artığını təşkil etməsi sosioloji, antoropoloji, mədəni, demoqrafik və iqtisadi baxımdan çox böyük bir riskdir. Vətəndaş müharibəsindən qaçıb Türkiyəyə gələn insanları hansısa formada öz ölkələrinə qaytarmalıyıq. Bu, həqiqətdir. Amma burada həm cəmiyyət, həm dövlət, həm də siyasi qərarvericilər üzərində təzyiq cəhdləri var. Bunu sosial və siyasi silaha çevirmək istəyirlər. Ölkəmizi tələyə salmağa çalışırlar. Ancaq problemi soyuqqanlı olmaq və siyasi addımlar atmaqla həll etmək mümkündür. Başqa yol ilə getmək göz görə-görə tələyə düşməkdir. Türkiyənin də dövlət ağlı buna imkan verməz”.
Qeyd edək ki, Kayseridə suriyalı miqrantın 6 yaşlı uşağa təcavüzündən sonra bütün ölkədə etiraz aksiyaları və iğtişaşlar baş verib. Suriyanın Afrin vilayətində isə müxtəlif qruplar buna cavab kimi Türkiyənin hərbi bazasını mühasirəyə alıb, silahlı toqquşmalar olub.