ABŞ Bakıdan nə istəyir? – Rusiyadan fərqli baxış

 

ABŞ Azərbaycanı öz tərəfinə çəkməyə çalışır. Vaşinqton Ermənistana təsir edib, hətta onu oyuncaq edə bildiyi halda Azərbaycana qarşı eyni siyasəti tətbiq edə bilməyəcəyindən narahatdır.

Bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının eksperti Aleksey Fenenko “Moskva-Bakı”ya müsahibəsində ABŞ Dövlət katibinin köməkçisi Ceyms Obrayenin Bakıya səfərini şərh edərkən deyib.

“Təbii ki, ABŞ dövlət katibinin köməkçisinin Bakıya səfəri Vaşinqtonun Azərbaycana hansısa yollasa təsir etmək üçün növbəti cəhdi olacaq. Təzyiq yolu ilə deyilsə, iqtisadi təkliflərlə. ABŞ Azərbaycanı Mərkəzi Asiyadan malların daşınması üçün əla bir məntəqə kimi görür. ABŞ hər şeyi elə təqdim edir ki, guya onlar həqiqətən Cənubi Qafqazda sülh, Cənubi Qafqaz ölkələri, Türkiyə, Mərkəzi Asiya dövlətləri arasında iqtisadi əməkdaşlıq istəyir. ABŞ Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı deyil. Vaşinqton sülh sazişinin imzalanmasına öz maraqlarına xidmət edəcək imkan kimi baxır. ABŞ Ermənistan-Azərbaycan məsələsində ikili oyun oynayır. Gah Azərbaycanı tənqid edir, gah da Bakıya münasibətləri yeniləməyi təklif edir, eyni zamanda Ermənistanla birgə hərbi əməkdaşlıq barədə razılığa gəlir, təlimatçılarını göndərir”, – o bildirib.

Fenenko Qərbin Azərbaycandakı vəziyyəti daxildən sarsıdan ssenarisinin mümkünlüyünü qeyri-real hesab edir:

“Rəngli inqilab təşkil etmək üçün güclü müxalifət lazımdır. Qeyd edək ki, rəngli inqilablar olan yerdə güclü millətçi müxalifət var idi. Halbuki Azərbaycanın çox güclü, qüdrətli hökuməti var. Azərbaycanın Qarabağda qələbəsindən sonra hakimiyyət əleyhinə hansı hərəkat ola bilər? Heç bir. ABŞ Bakıya təzyiq edə bilməyəcək. Bundan əlavə, Amerika nümayəndəsinin Bakıda danışıqlar aparmaq üçün ölkəyə səfəri və üstəlik, Vaşinqtonun tamamilə fərqli məqsədləri əhatə etsə də, Azərbaycanla münasibətlərdə yeni səhifə açmaq istəyi, əslində Ermənistana bir nümayişdir ki, İrəvan tam şəkildə Rusiyaya qarşı getməsə, o zaman Qərb tərəfdaşları ona verdiyi vədləri yerinə yetirməyi gecikdirə və ya bəzi məsələlərdə Azərbaycanın tərəfini tuta bilər. Amma bütün bunlar təbii ki, siyasi taktika və oyundur”.

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Lost Password